Bank sektorundakı ixtisarlar...




Bank sektorunda yaranan problemlər ixtisarların sayını artırır. Xüsusilə də kütləvi ixtisarların sayı çoxalmaqdadır. Ən son belə hal Azərbaycanda xarici kapital ilə fəaliyyət göstərən "AccessBank”da baş verib.Son 3-4 ay ərzində rəhbər işçilər da daxil olmaqla onlarla əməkdaş öz xoşuna və ya məcburi qaydada bankı tərk etmişdilərsə, bu ayın əvvəlində, bir qərarla bankda kütləvi ixtisar baş verib.

Belə ki, əsasən regionlar olmaqla, bankın 13 filialının bağlanması nəticəsində 700 nəfərə yaxın əməkdaş işsiz qalıb. Bu isə bankın heyətinin 40 faizə qədərini təşkil edir. İşdən çıxarılan əməkdaşların əsas hissəsi kredit mütəxəssisləri və əməliyyatçılardır (modern.az).

Eyni zamanda işdə qalan əməkdaşların əksəriyyətinin əmək haqqı 20-30 faizə qədər azaldılıb. Bütün bunlar bankda ciddi böhranın yaşanmasını göstərir.
Eyni zamanda ixtisar prosesinin davam edəcəyi istisna edilmir. Həmçinin əmək haqqı azaldılan stajlı işçilər öz xoşlarına bankdan ayrılmağı düşünürlər.

Bankların cari xərcləri içərisində əmək haqlarının ciddi yer tutduğunu vurğulayan maliyyə bazarları eksperti, iqtisadçı Cəfər İbrahimli deyib ki, əlavə olaraq bank sektorunda izafi işçi və əmək haqları da digər sektorların ortalamasının üzərində idi: 

"İndiki vəziyyətdə itkilərin qarşısını almaq üçün xərclərin optimallaşdırılmasına ehtiyac var. Eyni zamanda nəzərə almaq lazımdır ki, iqtisadi aktivliyin aşağı olduğu bir vaxtda, xüsusi ilə kreditləşmənin azalması çərçivəsində işçilərin ixtisarı gündəmə gəlir. Digər ciddi məsələ isə problemli kreditlərin bank əməkdaşları və başqa şirkətlərlə xidməti müqavilə bağlanaraq işlərin aparılmasının müşahidə olunmasıdır. Bu durumda bank vergi və sosial ödəniş xərclərini azaltmış olur. Dolayısı ilə bank sektorundakı ixtisarlar fərdi sahibkar və xidmət göstərən şirkətlərdə əlavə iş yerləri yarada bilər”.

Bankların ümumi vəziyyətinə gəldikdə isə ekspert 2015-2016-cı illərin bank sektoru üçün daha çətin illər olduğunu hesab edir: "Düzdür, bu sahədəki mövcud problemlər ortadan qalxmayıb, ancaq "Banklar haqqında qanun” bankların bağlanması məsələsini çətinləşdirir və daha operativ sağlamlaşdırma prosedurları sektor üzərindəki psixoloji basqını azaldır. Hesab edirəm ki, cari ilin 1-ci rüb nəticələrinə görə sektorda nisbətən sabitlik müşahidə olunur”.

Şəymən