"Banklar bağlanır, insanlar işsiz qalır" - İŞSİZLİK

Hafiz Babalı: "Ümumi ixtisaslı kadrların işsiz qalması sosial hadisədir"


"Bankların müəyyən filiallarını bağlaması normal qarşılanmalıdır”.

Bunu Sherg.az-a "Bank VTB" (Azərbaycan) ASC-nin və "NİKOYL İKB" ASC-nin filiallarını bağlamasının səbəblərindən danışarkən "Turan” İnformasiya Agentliyinin iqtisadi şərhçisi Hafiz Babalı deyib. 

O bildirib ki, "Bank VTB” və "Nikoyl Bank” ikisi də ciddi maliyyə çatışmazlığı keçirirlər:

"”Nikoyl Bank”ın əsas səhmdarı banka müəyyən sərmayələr yatırıb. Əvvəlki illərdən qalan problemlərin də hamısını örtə bilmir. "Bank VTB” bundan öncə də bəzi şöbələrini bağlamışdı. Bank bu şəraitdə hazırkı iqtisadiyyatın zəifliyi, borcalanların maliyyə çətinliyi şəraitində daralmağa məhkumdur. Bu da, anlaşılmalıdır. Həmin rayonlarda iqtisadi aktivlik aşağıdırsa, o ərazilərdə filialların saxlanmasına elə də ehtiyac yoxdur. Bundan əlavə tək bank sahəsində deyil, digər sahələrdə də işçilərin azad olunması, ümumi ixtisaslı kadrların işsiz qalması sosial hadisədir. Tək bank sistemində deyil, başqa sahələrdə də bu, baş verdiyindən anlayışla qarşılamaq lazımdır. Bağlanan bankların yerini fəaliyyətdə olan banklar doldurmağa çalışır. Məsələn, Kapital Bankın filiallarının sayı 90-a çatıb. Həmin xidmət göstərilən əraziləri araşdırılır, regionların ehtiyaclarına uyğun digər banklar fəaliyyəti artırır. Düzdür, bank filiallarının bağlanması əhalinin daha rahat banklara çıxışını bir qədər məhdudlaşdırır, amma eyni zamanda nəzərə almaq lazımdır ki, hazırda banklara yalnız fiziki formada müraciət etmək o qədər əlverişli deyil. Həmçinin bəzi banklar elektron xidmətlərini də gücləndirib. Bu şəkildə də bank xidmətlərindən istifadə etmək mümkündür”.

H.Babalı əlavə edib ki, ümumən banklarda mövcud olan maliyyə çətinlikləri olan şəraitdə filialların saxlanması əlavə xərclərin artmasına gətirib çıxarır. Bu baxımdan bankların konsolidasiyası anlaşılmalıdır:

"Bank öz gəlirlərini tənzimləyə bilmədiyi halda filiallarını saxlamağa məcbur deyil. Bunu ondan heç kim tələb etmir. Əksinə səhmdarlar mənfəətləri təmin etməyi, boşluqları doldurmağı tələb edirlər. Bunlar məcburi addımlardır”.

Qeyd edək ki, "Bank VTB" (Azərbaycan) ASC-nin "Azadlıq" və "Sumqayıt" filialları və "NİKOYL İKB" ASC-nin "Masallı" filialının bağlanmasına səbəb olaraq xərclərin optimallaşdırılmasını bildirilib.

Ayyət Əhməd