Banklar faiz dərəcələrini niyə azaltmır ? - İzah

"Banklara ucuz kredit verilməlidir ki, onlar da insanlara krediti ucuz verə bilsinlər”.
Bunu "Sherg.az”a bankların kredit faizlərinin endirməsi barədə təkliflərə münasibət bildirərkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. O bildirib ki, Mərkəzi Bank (MB)faiz dərəcəsini artıq aşağı salıb:
"Əvvəl Mərkəzi Bank 15 faiz dərəcəsi tədbir edirdi. İndi isə banklara kredit 13 faizlik tələblə verilir. Nəzərə almalıyıq ki, bank da bu faizin üzərinə öz faizini əlavə edir, sonradan vətəndaşlara təklif edir. Ona görə, dövlət banklardan aşağı faizlə kredit verməyi tələb edərsə, gərək əvvəl MB faizləri endirsin”.
Ekspert düşünür ki, kreditlərin ödənilməsi ilə əlaqədar bankların riskləri çoxdur:
"Bank bilir ki, onun verdiyi kreditlərin müəyyən hissəsi geri ödənilməyəcək. Məhkəmə yolu ilə tələb etmək isə vaxt itkisinə səbəb olacaq. Ona görə, banklar bu itkiləri aradan qaldırmaq üçün faiz dərəcələrini yüksək təklif edirlər.
Qeyd etməliyəm ki, 4 il əvvəl biz qanun layihəsi hazırladıq, prezident administrasiyasına təqdim etdik. Müzakirəyə çıxarılan qanunun ötən il qəbul olunacağı gözlənilirdi. Lakin reallaşmadı. Həmin qanunda yazılmışdı ki, Nazirlər Kabineti banklar üçün vətəndaşlara verilən kreditlərin maksimal faiz dərəcəsini müəyyənləşdirəcək. Banklar isə buna etiraz etdilər”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə banklarından faizləri endirməyi tələb edib.
Aysel Aslan