“Banklara, manata olan etibarı bərpa etməliyik”

Vahid Əhmədov: “Bir dəfə görmədim ki, hansısa banklar birləşib, fəaliyyət göstərsinlər”


Ötən gün Milli Məclisdə "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə müzakirələr aparılıb. Qanun layihəsi barədə danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, layihə bankların ödəmə qabiliyyətinin bərpası və sağlamlaşdırılması ilə bağlı yeni alətlərin tətbiqini nəzərdə tutur.

Bundan başqa, qanun layihəsində bankın öhdəlikləri ilə bağlı vergi ödənişlərindən azad olunması məsələsi də əksini tapıb. Nəzərdə tutulan dəyişikliklərdən sonra bankların öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq. Bundan başqa, qanun layihəsində "körpü bank”ların yaradılması nəzərdə tutulur. Layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı sadələşdirilmiş qaydada bank yaradır. Bankın sağlam aktiv və öhdəliklərini "körpü bank”a keçirir. Qanuna təklif olunan digər dəyişikliyə əsasən, Azərbaycanda müflis olan bankların səhmdarlarının mülkləri müsadirə edilərək satılacaq. 

Bankların fəaliyyəti ilə bağlı təkliflərə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov "Şərq”ə açıqlamasında problemlərin həddindən artıq çox olduğunu deyib...

- "Körpü bank”ların yaradılmasını necə dəyərləndirirsiz? Sizcə, bu metod gözlənilən müsbət nəticəni verəcəkmi?

- "Körpü bank” üsulunun tətbiq edilməsi müvəqqətidir. Yəni daimi deyil, sadəcə "ara bank” statusu daşıyır. Bağlanan banklarla bağlı xüsusi inzibatçı təyin edilir və "körpü bank” yaradılır. Müvəqqəti nəzərdə tutulan bu "bank” real bankın işləri ilə məşğul olur. Müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır və ya hansısa investora verilir.

- Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının gündəmə gətirdiyi "nağdsız hesablaşmalar” məsələsinə münasibətiniz necədir? Sizcə, hansı səbəblərdən ölkəmizdə nağd alış-veriş ləngiyir?

- Parlament nağdsız hesablaşmalarla bağlı xüsusi qanun qəbul edib. Ola bilsin, ilin sonunda qəbul edilən qanunda müəyyən məqamlar dəqiq əksini tapmayıb. Həmin məqamların problem yarada biləcəyini deyirlər. Ancaq nəzərə almaq lazımdır ki, artıq ölkəmizdə kart sistemi tətbiq olunur. Maaşlar, pensiyalar kartla verilir. Keçmiş dövrdəki kimi ciddi pozuntular, problemlər yaşanmır. Əvvəl ciddi çatışmazlıqlar var idi. O vaxt hardasa 75-80 faiz vəsait nağd şəkildə, yerdə qalan 20 faiz məbləğ isə bank vasitəsi ilə, yəni kartlarla ödənilirdi. İndi müəyyən qədər problem öz həllini tapmaqdadır.

- Həmkarınız Əli Məsimli layihədə müqavilə tərəflərinə verilən günlərlə bağlı etiraz edib. Deyib ki, 10 gün 10 iş günü ilə əvəz olunmalıdır. Çünki gələcəkdə mübahisəli məqam yarada bilər. Bu fikri dəstəkləyirsizmi?

- Əli Məsimlinin dediyində həqiqət var. Burada söhbət konkret iş günlərindən getməlidir. Layihədə müddəalar dəqiq əks olunmalı, qaranlıq məqamlar qalmamalıdır. Çox güman ki, vurğulanan məsələyə baxılacaq və narazılıq nəzərə alınacaq.

- Deputat Siyavuş Novruzov bildirib ki, bankların pis vəziyyətə düşməsi iqtisadi vəziyyətlə bağlı deyil. Problemin səbəbi bank rəhbərlərinin maliyyə oğurluğu etməsidir. İddia ilə razısızmı?

- Bu məsələ çoxdan müzakirə obyektidir. 4-5 ildir mən də, həmkarım Əli Məsimli də bank rəhbərlərinin özbaşınalıqlarına toxunuruq. Bank sistemində vəziyyət çox biabırçıdır. Bank sistemi Azərbaycan iqtisadiyyatını geri aparan riskli sahəyə çevrilib. Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, 2016-cı ildə ölkə iqtisadiyyatına ən böyük ziyanı məhz bank sistemi vurub. Əlbəttə, belə şəraitdə söyləmək qeyri-mümkündür ki, bank sistemi normal fəaliyyət göstərir. Çünki kredit portfeli yoxdur, faiz dərəcələri yüksəkdir. Bu sahədə problemlər çoxdur. Hesab edirəm ki, hazırda Azərbaycan üçün ən ciddi məsələ bank sisteminin tənzimlənməsi, sağlamlaşdırılmasıdır.

- Tez-tez gündəmə gətirilən "bankların bağlanması və ya bir neçə kiçik bankın birləşdirilməsi” təklifinə münasibətiniz necədir?

- Keçən müddət ərzində 42 bankdan 10-a yaxını bağlanıb. Hazırda Azərbaycanda 31-32 bank fəaliyyət göstərir. 10 bankın bağlanması Azərbaycanın bank sistemində müəyyən problemlər yaradıb. Biz millət vəkili, iqtisadçı olaraq həmişə qeyd etmişik ki, bankların bağlanmasının tərəfdarı deyilik. Bu, Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına çox ziyan vurur. Mən bu müddət ərzində görmədim ki, hansısa bankların səhmdarları yığışsınlar və müəyyən birləşmə mexanizmləri həyata keçirsinlər. Bankların bağlanmasındansa, birləşib fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Yoxsa bankları bağlayırıq, insanlara deyirik ki, gedin problemlərinizi banklarla həll edin.

- Sizcə, bankların etibarını bərpa etmək mümkün olacaqmı?

- Dövlətin ən mühüm vəzifələrindən biri əhalinin banklara inamını geri qaytarmaqdır. Həm banklara, həm də manata olan etibarı yenidən bərpa etməliyik. Bu, bizim üçün çox vacib amildir.

İsmayıl