Banklarda manatla bağlı problemlər var

Xarici valyuta ilə kredit vermək icazəsi yenidən bərpa olunur



Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayıb.

Yeni qaydaya əsasən xarici valyutada verilən istehlak kreditlərinin verilməsinə olan qadağanın qüvvədə qaldığını vurğulayan R.Aslanlı iki istisna olduğunu deyib. Birinci istisna odur ki, əgər müştəri əvvəllər xarici valyuta ilə kredit alıbsa və bu gün həmin kreditlərin vaxtı bitibsə və ya vaxtı tamamlanmayıb, lakin banklar bu kreditləri restrukturizasiya edirlərsə, belə müqavilələrin imzalanmasına yol verilir. Bu, daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. İkincisi, əgər kiminsə xarici valyutada gəlirləri və ya xarici valyutada bankda depoziti varsa və bu depoziti girov qoyaraq xarici valyutada borc almaq istəyirsə, belə kreditlərin də verilməsinə icazə verilir. Yerdə qalan hallarda xarici valyutada istehlak kreditlərin verilməsinə qoyulan qadağa qüvvədə qalır.

MBNP-nin qərarını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında deyib ki, əslində bu detallar yeni yaradılan qurumun bir ay bundan əvvəl xarici valyuta kreditlərinə qoyduğu qadağanın aradan qaldırılması deməkdir: "Bir ayın nəticələrində məlum oldu ki, banklarda ümumiyyətlə kreditləşmə dayanıb. Banklarda manat qıtlığı olduğu üçün kredit vermək problemə çevrilib. Manatla verilən istehlak kreditlərinin faiz dərəcələri fantastik həddə, 28-30 faizə çatdığı üçün, bu, vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmır. Banklar özlərini sığortalamaq üçün valyuta kreditləri təklif edirlər, bu isə insanlara sərf eləmir. Çünki bir il ərzində 2 devalvasiya görmüş vətəndaş haqlı olaraq valyuta kreditlərindən çəkinir. Çünki vətəndaşların çoxu iş yerlərini itirib, gəlirləri azalıb”.

Azərbaycanda hər iki istisnaya düşə biləcək kifayət qədər insan olduğuna diqqət çəkən ekspert deyib ki, vaxtı ilə dollarla kredit götürüb, qaytaran vətəndaşlarımızın sayı yüzminlərlədir. Onlar da, avtomatik olaraq kredit götürmək imkanı qazanmış olur. O cümlədən də depozitlərin əksəriyyəti dollarla saxlanır. Deməli, həmin əmanətlərin sahibləri də xarici valyutada kredit götürmək hüququ qazanır. Bu iki istisna isə o deməkdir ki, banklara xarici valyuta ilə kredit vermək icazəsi yenidən bərpa olunur. Ancaq problem tək bununla bağlı deyil. Ümumilikdə banklarda manatla bağlı çox ciddi problemlər var. Zənnimcə, bankların kreditləşməni sərtləşdirməsini təbii qarşılamaq lazımdır. Faktiki olaraq, geri qaytarılmayan kreditlərin həcmi son bir il ərzində iki dəfədən çox artıb. Bunun da əsasını dollarla olan kreditlər təşkil edir. Ona görə qərarın ləğvindən asılı olmayaraq, kreditləşmədə bir ciddi irəliləyiş ehtimalı çox aşağıdır. Bankların kreditvermə səviyyəsi düşəcək. Bu da ümumi iqtisadi vəziyyətə mənfi təsir göstərir. Kreditləşmə olmadığı halda, bank dövriyyəsi ilə yanaşı, iqtisadiyyatın da dövriyyəsi zəifləyir. İqtisadi aktivliyin və ticarət dövriyyəsinin zəifləməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Banklar isə özlərini sığortalamaq üçün daha sərt addımlar atmaq məcburiyyətində qalıblar. Bunun fonunda isə Azərbaycanda həmin şərtlərə uyğun gələn müştəri profili azalıb. Banklar özlərini gələcəkdə baş verəcək hadisələrdən, manatın dəyərdən düşməsindən sığortalamaq üçün dollarla kredit verməkdə maraqlıdırlar. Bundan başqa, depozitlərin böyük bir hissəsi dollarlaşıb. Banklar kredit vermək üçün əllərində olan depozit vəsaitlərindən istifadə etməyə məcburdurlar. Ona görə də bankların problemi kreditin manat və ya dollarla verilməsində deyil. Əsas məsələ iqtisadi aktivliyin zəifləməsi fonunda kreditləşmənin azalmasıdır”.

Ekspert bildirib ki, banklar manat qıtlığı yaşadığına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası qadağanı aradan götürməyə məcbur olub: "Bir aylıq eksperiment onu sübut elədi ki, banklar bu qadağa ilə işləyə bilməyəcək. Və kreditləşmə tamamilə dayanma səviyyəsinə çatacaq. Ona görə də geri addım atıldı və demək olar ki, istisnalar adı altında qadağalar tamamilə aradan qaldırıldı.

Çünki Palata bununla bankları sınaqdan keçirməyi düşünürdü ki, manatla kreditləşmə apara bilirlərmi? Amma görünən budur ki, banklarda vəziyyət çox kritikdir”.

Şəymən