Banklarda vəziyyət ağırdır

Natiq Cəfərli: “Problemli kreditlərin həcmi artacaq”



"Son bir il ərzində Azərbaycanda bank aktivləri 1,7 milyard manata qədər azalıb”. Bu sözləri maliyyə bazarlarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı deyib. Onun sözlərinə görə, son devalvasiyadan öncə ölkədə bank depozitlərinin ən aşağı səviyyədə 37-38 faizi dollarla olduğundan, banklar bu vəsaitləri dollarla kredit verməyə məcbur qalıb: "Bu devalvasiyalar ona gətirdi ki, əhalinin xarici valyutada aldıqları borcların manat yükü devalvasiya səviyyəsində artdı.

Təxminən 95 faiz. Belə olan halda insanlar artıq öz borclarını ödəməyə çətinlik çəkməyə başladılar. Bu da banklarda müəyyən likvidliyin, yəni büdcə xərclərinin azalmasına gətirib çıxardı. Bir tərəfdən kreditlərin xidmət haqları, digər tərəfdən də banklardakı ehtiyatlar azaldı. Bir vaxtlar banklara pul axınları pozitiv idi, indi isə əksinə, bankların aktivləri bir qədər azalıb. Bundan başqa R.Aslanlı Azərbaycanda dollar kreditlərinə güzəşt edilməsi məsələsinə münasibət bildirib. Palata sədri qeyd edib ki, bu məsələdə güzəşt edilməsi sosial ədalətin pozulması deməkdir: "Borclarını qaytarmaq istəməyən və qaytarmaq imkanında olmayan kateqoriyaları ayırmaq elə də asan deyil. Biz bu insanlara güzəşt etməklə onları mükafatlandırdıq. Amma məsuliyyətli olub xarici valyutada kreditini qaytarmış insanları cəzalandırırıq. Onlar axı xarici valyutada götürdükləri krediti yeni məzənnə ilə qaytarıblar”.

R.Aslanlının iddialarını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə söyləyib ki, bank aktivlərinin 1,7 milyard manata qədər azalması ümumi depozitlərin geri çəkilməsi ilə əlaqədardır: "Bu iki devlavasiyadan sonra bankların bağlanması gündəmə gəldi. 7-yə yaxın bank bağlandı. Bu ilin əvvəllərində insanlar depozitlərin bir hissəsini banklardan geri çəkməyə başladı. Aktivləri azaldan birinci səbəb budur. İkinci səbəb isə kreditlərin yığılma sürəti və həcminin azalması ilə əlaqədardır. Yəni kreditlərin yığılmasında problemlər yaşanır. Bu iki əsas amil bankların aktivlərinin azalmasına ciddi təsir göstərir. Yəni onların aktivlərinin azalmasına gətirib çıxarıb”.

R.Aslanlının "banklar dollarla kredit verməyə məcbur qalıblar” yanaşmasına gəlincə, ekspert söyləyib ki, palata sədrinin bu fikrini bölüşmür: "Depozitlər hansı valyutada olursa, banklar kredit vəsaiti kimi həmin valyutadan istifadə etməyə məcburdular ki, kredit portfellərini gücləndirsinlər. Ona qalsa, indi depozitlərin 80 faizə yaxını dollarladır. İndi banklar nə etməlidir? Ancaq dollarlamı kredit verməlidir? Manatla kreditlər yığışdırılmalıdır? Təəssüf ki, hörmətli Rüfət müəllim bu məsələyə aydınlıq gətirməyib. Əslində təbii ki, indi vəziyyət daha ağırdır. Depozitlərin 80 faizi yuxarısı dollarladır. Banklar həmin depozitlərdən kredit kimi istifadə edərsə, özləri məzənnə tələsinə düşə bilərlər. Ona görə də banklar özlərini sığortalamaq üçün ancaq həmin valyuta ilə kredit təklif edirlər. Vətəndaşlar isə kreditləri valyuta ilə götürmək istəmir. Ölkədə belə bir situasiya yaranıb”.

Ekspert R.Aslanlının "dollarla kredit götürənlərə güzəşt edilməsi sosial ədalətin pozulması deməkdir” fikirlərini doğru yanaşma adlandırıb: "Bir qrup insan kredit borcunu vaxtında ödəyirsə, digərləri bunu etmirsə, əslində vaxtında ödəniş edənlərə daha çox güzəşt olmalıdır. Dünyanın hər yerində belədi. Yaxşı kredit tarixçəsi olanlara banklar daha çox güzəşt edir. Amma bizdə əks proses baş versə, bu, müəyyən narahatlıqlara səbəb ola bilər. Problem odur ki, Azərbaycanda kreditlərin qaytarılmasında çətinliklər yaranıb. Vətəndaş bunu acığından və məzənnə fərqinə görə etmir. Ölkəmizdə iş yerlərinin, gəlirlərin azalması prosesi gedir. Dollarla götürülən kreditlər 2 dəfə bahalaşıb. Belə olan halda vətəndaş nə etməlidi? Ona necə köməklik göstərilməlidi? Bu suallarla bağlı hökumət və dövlət strukturları ikinci dealvasiyadan əvvəl bir komissiya yaradıb, təkliflər paketi hazırlamalı idilər. Amma ikinci devalvasiyadan az qala 6 ay müddət keçir, hələ təkliflər paketi görünmür. Əslində bu təkliflər çoxdan hazır olmalı idi. Təəssüf ki, həmin proses baş vermədi. Bu uzandıqca, problemli kreditlərin həcmi artacaq. Banklar bir müddət sonra məcburiyyət qarşısında qalıb, güzəşt etməli olacaqlar”.

Ayyət Əhməd