Banklardan güzəşt gözləmək absurddur

“Dövlət tərəfindən xüsusi bir fond yaradılmalı və həmin fond problemli kreditləri öhdəsinə götürməlidir”



"Marja”nın bank dairələrindən əldə etdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası devalvasiyalardan sonra yaranmış problemli kreditlərin azaldılması istiqamətində müxtəlif təkliflər hazırlayıb.

Mənbənin sözlərinə görə, xeyli müddətdir təkliflər müzakirə olunur və bu çərçivədə bankların da fikirləri öyrənilir. Qeyd edək ki, bu günə qədər iqtisadçı ekspertlər tərəfindən mətbuatda müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri devalvasiya nəticəsində artmış borcun dövlət, vətəndaş və bank arasında bölüşdürülərək qaytarılmasıdır. Qısası, bu təklif qəbul olunarsa, borcun bir hissəsi dövlət tərəfindən, bir hissəsi borcalan tərəfindən ödəniləcək, digər bir hissəsi isə bank tərəfindən güzəşt ediləcək.
Digər bir təklifə görə, xarici valyutada olan kreditin aşağı məzənnə ilə ödənilməsi imkanının yaradılmasıdır.
Həmçinin, təkliflər çərçivəsində borcunu qaytaracaq şəxslərin adlarının kredit reyestrinin "qara siyahısında” nəzərə alınması da müzakirə predmetidir.

Qeyd edək ki, əhalinin dollarla götürdüyü kreditlərini ödəməməsinin başlıca səbəbi aidiyyəti qurumların güzəştlə bağlı hər hansı bir addım atacağına ümid edilməsidir.

İqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, Palata sadəcə olaraq hazırladığı təkliflər sənədini banklarla müzakirə edib, bankların mövqeyini öyrənə bilər. 

"Problemli kreditlərin azaldılması, dollarla olan kreditlərin aşağı məzənnə ilə ödənilməsini tələb kimi qoymaq bir səlahiyyəti olmadığından bu proses real nəticələr vəd etmir. Vəsait banklara məxsus olduğu üçün güzəşt zamanı banklar ciddi risk altında qala bilər. Onsuz da bankların kapital, əgər güzəştə gedib vətəndaşların problemli kreditləri daha aşağı kursla ödəməsinə razılıq versələr, bu, bankların daha da zərər etməsinə səbəb olar. Bu isə mövcud kapital çatışmazlığı fonunda banklar üçün əlverişli deyil”.
Ekspertin sözlərinə görə, borcların tərkibinə və təyinatına uyğun güzəştlərin edilməsi təklifi də məsələnin həlli deyil. Əsas yük bankların üzərinə yıxılmamalıdır: "Düzdür, Azərbaycanda mexanizmi yoxdur, amma bu cür hallarda xarici təcrübəyə baxmaq lazımdır. Əvvəlcədən də bu qənaətdəyəm ki, dövlət tərəfindən xüsusi bir fond yaradılmalı və dövlətin himayəsi ilə həmin fond problemli kreditləri öhdəsinə götürməlidir. İndiki halda banklardan güzəşt gözləmək absurddur”.

Şəymən