Bankların borcluları hədələməsinin səbəbi- İZAH

Fuad İbrahimov: "Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın fəaliyyətindəki boşluqlardan irəli gəlir"


Bankların vətəndaşları hədələməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının(MBNP) və Mərkəzi Bankın (MB) fəaliyyətindəki boşluqlardan irəli gəlir. 

Bunu Sherg.az-a bankların borclu müştəriləri təhdid etməsindən danışarkən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib. 

Ekspertin sözlərinə görə, banklar müqavilə sənədlərinə edilən müdaxilələrlə vətəndaşları aldadırlar: 

"Dollarla kredit götürən insanlara dövlət tərəfindən yumşaldıcı güzəşt edilməli idi. Bu, baş vermədiyinə görə, bu cür özbaşınalıq yarandı. Borclular borcu ödəyə bilmədikdə banklar müxtəlif qanuni və ya qeyri-qanuni yollardan istifadə edirlər ki, bu pulu borcludan alsınlar. Mən özüm banklardan biri ilə bağlanmış borc müqaviləsinə nəzər salmışam. Sənəddə göstərilirdi ki, vətəndaş manatla 1000 manat məbləğində kredit götürüb. Bu sənədlərdə necə dolaşıqlıq yaradılmışdısa istifadəçinin borcu 4000 manata yaxın artmışdı. Hətta ödəməsinə rəğmən bitməmişdi. Yenə deyirəm ki, belə vəziyyətin yaranması Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın fəaliyyətindəki boşluqdan irəli gəlir”.

Aysel Aslan