Baqdasaryanın gözü oynayır

Elçin Behbudov: “Əsir erməni əsgəri həqiqətən kəşfiyyatçıdır”



Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə növbəti məhkəməsi olub. Prosesdə zərərçəkənlər və şahidlər ifadə verib. Arsen Baqdasaryan məhkəmədə verdiyi ifadəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanılan zaman öncə özünü Vazgen Qriqoryan kimi təqdim etdiyini deyib.

O, Azərbaycan tərəfə keçmək istərkən üzərində üç mina və onları basdırmaq üçün bıçaq olduğunu bildirib. Baş çavuş olduğunu deyən A.Baqdasaryan həmin minaları basdırmaq barədə komandirindən tapşırıq aldığını açıqlayıb. O, həmçinin saxlanılan zaman Azərbaycan hərbçiləri tərəfindən zorakılığa məruz qalmadığını, hətta ona çay verildiyini də deyib. Proses aprelin 27-də davam etdiriləcək.
Məhkəmə prosesinə münasibət bildirən İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov "Şərq”ə A.Baqdasaryanın səsləndirdiyi fikirlərə münasibət bildirib. E.Behbudov adıçəkilən erməni əsgəri ilə MTN-in istintaq təcridxanasında saxlanılarkən görüşüb. Komitə rəhbəri erməni əsgərinin həqiqətən kəşfiyyatçı olmasını təsdiqləyib: "Bunu onun fiziki görünüşdən də demək mümkündür, gözü bir yerdə dayanmır, oynayır. Bu baxımdan o, mənimlə söhbətində babasının əlbəyaxa döyüş növü ilə məşğul olduğunu və Azərbaycan dilini bildiyini də deyib. İndi kəşfiyyatçı kimi biz tərəfə keçmək istəyib, yaxalanıb və qanun qarşısında cavab verəcək”.
Həmsöhbətimiz erməni əsirlə bizim əsirlərin saxlanma şəraitini də müqayisə edib: "Azərbaycan dövləti erməni hakimiyyətindən fərqli olaraq erməni əsirlərinə öz humanistliyini göstərib. Lakin ermənilər isə bizim Dilqəm və Şahbazın başına nə müsibətlər gətirib. Elə onların həbs olunmamışdan öncəki və sonrakı şəkillərindən də bunu görmək olur ki, nə hala salınıblar. Bu da ermənilərin nə qədər vəhşi və xəyanətkar simasını göstərir”.

Vüqar Şahinoğlu