Baş nazir parlamentdə hesabat verdi

Artur Rasizadə: “Manatın devalvasiyası zərurət idi”



Dünən Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirəyə çıxarılıb.
Parlamentin sədri Oqtay Əsədov bildirib ki, hesabatda ötən il dünya iqtisadiyyatında mənfi meyillər gücləndiyi, iqtisadi fəallıq zəiflədiyi əksini tapıb:

"Bu proses Azərbaycandan da yan ötməyib. Amma Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində bunun ölkəmizə təsiri az olub. Azərbaycan investisiya qoyuluşlarına görə ən cəlbedici ölkələr sırasındadır. Ötən il ərzində sosial-iqtisadi infrastruktur layihələrinə 16 milyard manata yaxın sərmayə qoyulub”.
Bundan sonra Baş nazir Artur Rasizadə hökumətin hesabatını təqdim edib.
Baş nazir deyib ki, ötən il ölkənin qeyri-neft sektoru 10 faiz artıb: "Hesabat dövründə əsas kapitala yatırılan vəsaitin 55 faizi qeyri-neft sektorunun payına düşüb. Maliyyə sektorunda çətinliyə baxmayaraq inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb. Ötən il makroiqtisadi tarazlığın qorunması manatın devalvasiyasını zəruri edib”. A.Rasizadə əlavə edib ki, ötən il dövlət büdcəsinin icrası zamanı prioritet əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsində heç bir problem olmayıb.

Baş nazir Qarabağ problemindən də danışıb: "Ermənistan tərəfi vaxtı uzadaraq Dağlıq Qarabağ probleminin həllindən yayınır. Beynəlxalq qurumlar isə ədalətsiz mövqe tutur. Bütün bunlar nəzərə alınaraq, ötən il ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində ciddi işlər görülüb. Son zamanlar işğalçı tərəfin təxribat xarakterli hücumlarına verilən layiqli cavablar da bunu bir daha sübut edir. Bununla yanaşı, keçən il 1500 zabit mənzillə təmin edilib. Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif mənbələrdən 70 milyon manatdan çox vəsait daxil olub. Ötən il ümumilikdə Silahlı Qüvvələrə 3,3 milyard manat vəsait xərclənib”.

A.Rasizadə vurğulayıb ki, 2015-ci ildə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində ciddi addımlar atılıb: "Görülən tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti subyektlərinin sayı 10,7 faiz artaraq 84 mini ötüb. Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 11 faiz artaraq 577 min nəfərə çatıb. Ötən il sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılıb. Ötən il Sahibkarlığa Kömək Milli Fondu 5000-dən artıq sahibkara 250 milyon manata yaxın güzəştli kredit verib. Verilən kreditlərin 64 faizi regionların payına düşüb”.

"Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb” - deyən Baş nazir qeyd edib ki, belə bir vaxtda ölkədə iqtisadi artımın təmin edilməsi o qədər də asan deyil: "Şübhəsiz ki, ötən il əldə olunmuş nailiyyətlər əvvəlki illərdə əsası qoyulmuş iqtisadi potensialın və Prezident İlham Əliyevin düşünülmüş, ardıcıl iqtisadi siyasəti nəticəsində mümkün olub. Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Ötən il görülmüş işlər də bu məqsədlərə xidmət edib”.