Baş prokurorun parlamentə göndərdiyi təklif dəstək qazandı

İnternet üzərindən insanları təhqir edənlər, yalan informasiya verənlər cəzalandırılacaq



Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövləti başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı göndərdiyi təklif müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bu maddədə "və ya kütləvi informasiya vasitəsində” sözləri "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir.

Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmədir.

Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir: "323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

1000 manatdan 1500 manata qədər cərimə....1 ilədək həbs...

Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifi də komitənin iclasında müzakirəyə çıxarılıb. Baş prokuror Zakir Qaralov tərəfindən təqdim olunan layihə barədə Baş Prokurorluğun İdarə rəisi Natiq Hüseynov məlumat verib. N.Hüseynov bildirib ki,

Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sosial şəbəkələrdən saxta adlarla istifadə edənlər, yalan informasiya verənlər cəzalandırılacaqlar

Yeni maddənin "Qeyd” hissəsində göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişikliklər layihəsi internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparılmasını təmin edilməsi məqsədini daşıyır. "Belə ki, təcrübədə, xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin etməkdir”.

"Beynəlxalq təşkilatların mövqeyinə əhəmiyyət vermək lazım deyil”

Dəyişikliklərin komitədə müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı deyib ki, Baş prokurorun təklifləri mütərəqqidir: "Bu gün Azərbaycan Prezidentinin günahı nədir ki, o, əsassız yerə təhqirlərə məruz qalır: "Prezident də Azərbaycan vətəndaşıdır və dövlət başçısı olaraq dövlət atributu hesab edilir. Ona görə də hesab edirəm ki, hüquq-mühafizə orqanları bütün imkanlardan istifadə edərək vətəndaşların şəxsiyyətinin alçaldılmasının qarşısını almalıdırlar. Qanunun icrası zamanı hər hansı güzəştə yol vermək olmaz”. Deputat bildirib ki, dəyişikliyə görə, beynəlxalq təşkilatlar, Avropa Şurası Azərbaycanı yenidən hədəf seçəcək: "Amma beynəlxalq təşkilatların mövqeyinə əhəmiyyət vermək lazım deyil”.

Xanım millət vəkili Məlahət İbrahimqızı da Məcəlləyə dəyişikliyi dəstəkləyərək bildirib ki, beynəlxalq təşkilatların Məcəlləyə dəyişikliklə bağlı mövqeyindən çəkinməməliyik: "Çünki hər bir xalqın öz milli dəyərləri var və o dəyərlərə sahib çıxmalıdır”.

Deputat Çingiz Qənizadə nəzərdə tutulan dəyişikliyi gecikmiş hesab edərək bildirib ki, belə bir dəyişiklik artıq indiyə kimi çoxdan olunmalı idi: "Əksinə, bu dəyişiklik qanunvericilikdə vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı boşluqların doldurulmasına xidmət edir”.

"İnternetdə birinci xanım və eks-prezidentləri təhqir edənlər də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”

Millət vəkili Qüdrət Həsənquliyev isə müzakirə zamanı təkliflə çıxış edib. Deputat deyib ki, eyni müddəalar ölkənin birinci xanım statusu ilə bağlı da qəbul olunmalıdır: "Əvvəla, ölkənin birinci xanımı dünya səviyyəsində tanınır. Birinci xanım statusdur. Bundan başqa, hesab edirəm ki, həyat yoldaşına qarşı təhqiramiz ifadələr, şərəf və ləyaqətin alçaldılması kimi hərəkətlər elə şəxsin özünə qarşı edilmiş deməkdir”. Q.Həsənquliyev eyni statusun eks-prezidentlərə də şamil edilməsini təklif edib: "Dünya təcrübəsində də görürük ki, eks-prezidentlərin imtiyazları prezident qədərdir və ölkənin tarixində xüsusi şəxs kimi xatırlanır. Mən dəfələrlə şahidi olmuşam ki, internet resurslarda mərhum prezidentlərimiz Heydər Əliyev və Əbülfəz Elçibəyə qarşı təhqirlər işlədilib. Ona görə yaxşı olardı ki, bu müddəaları eyni zamanda eks-prezidentlər barədə də tətbiq edək. Burada təbii ki, söhbət tənqiddən yox, sırf təhqirdən, şərəf və ləyaqətə yönəldilmiş ifadələrdən gedir. Kiminsə eks-prezidentin tarixdəki fəaliyyətindən xoşu gəlməyə bilər. Amma bu, təhqirə əsas vermir”. Deputatın təklifinə həmkarı Rəfael Cəbrayılov da dəstək verib.

Müzakirələrdən sonra Məcəlləyə təklif olunan dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

3 yaşınadək övladını təkbaşına böyüdən valideynlərə şad xəbər...

Komitənin toplantısında "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik də müzakirə olunub. Layihəyə əsasən "yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt "3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilir. Qanunun hazırkı variantına görə, hazırda dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir. Yeni layihədə isə təklif edilib ki, "yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt bundan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə aid edilsin. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

"Əgər hal şahidləri istintaqda iştirak etməsə, bu, tam ədalətsiz olar”

"Azərbaycanda belə fikirlər var ki, guya, çox zaman cinayət təqibi zamanı əməliyyat-istintaq hərəkətlərini aparan orqanlar maddi sübutları özləri hadisə yerinə qoyur və sonra da götürürlər”. Bu sözləri isə deputat Qüdrət Həsənquliyev Cinayət-Prosessual Məcəlləsində hal şahidləri ilə bağlı dəyişikliklərə münasibət bildirərkən deyib. Millət vəkili istintaq zamanı hal şahidlərinin iştirakının saxlanılmasını məcburi hesab etdiyini bildirib. O qeyd edib ki, əgər hal şahidləri istintaqda iştirak etməsə, bu, tam ədalətsiz olar: "Bəzən istintaq zamanı hal şahidlərini də ittiham edirlər. İndi isə hal şahidi olmadan istintaq çəkilişinin aparılması məhkəmə baxışında çox ciddi şübhə meyarlarını ortaya qoyacaq. Yəni əməliyyat çəkilişinin obyektivliyi, maddi sübutların hadisə yerinə istintaq əməliyyat orqanları tərəfindən qoyulub-qoyulmaması ilə bağlı ədalət mühakiməsi şübhə altına alacaq. Ona görə də hadisə yerində kameralarla yanaşı, canlı hal şahidlərinin olması daha obyektiv və ədalətli olar”.

"Bu bəndin qəti əleyhinəyəm. Hətta sovet dövründə də hal şahidi var idi”

Cinayət-Prosessual Məcəlləsində hal şahidlərinin iştirakının məcburi olmaması təklifinə deputat Çingiz Qənizadə də etiraz edib: "Cinayət Məcəlləsinə görə axtarış və əməliyyat zamanı 2 hal şahidinin iştirakı məcburidir. Bu günə qədər evlərdə, obyektlərdə təqsirkar şəxsə məxsus istintaq aparılan ərazidə hal şahidi, yaxud şahidlərinin iştirakı mütləq idi. Amma bu gün bizə təklif olunan layihədə isə qeyd olunur ki, hal şahidi iştirak edə bilər. Bu o deməkdir ki, yəni hal şahidi

iştirak etməyə də bilər. Məhkəmə praktikasında 10-15 il bundan öncə görürdük ki, küçədə dayanan bir şəxs hal şahidi qismində çıxış edirdi və bu da məqbul qəbul edilirdi. Hətta hal şahidinin iştirakında məcburilik olanda belə, müəyyən qeyri-obyektivlik yaranan hallar da olurdu. Buna görə də hesab edirəm ki, cinayət işlərində məhkəmə baxışları zamanı hal şahidinin saxlanılması mütləqdir”. Ç.Qənizadə vurğulayıb ki, sovet dövründə belə istintaq zamanı hal şahidi var idi: "Amma bu gün təklif olunan bu bənddə hal şahidinin iştirakı məcburi deyil. Hüquq müdafiəçisi olaraq bu bəndin qəti əleyhinəyəm. Bu bəndin haradan və niyə gəldiyini bir daha aydınlaşdırmalıyıq. Hətta sovet dövründə də hal şahidi var idi. Dəyişikliyə görə, vətəndaşın üzərində axtarış aparılarkən hal şahidi qalır və video görüntülər çəkilən zaman da hal şahidi saxlanılır. Amma mənzildə bağda, evdə axtarış aparılarkən hal şahidinin iştirakı məcburi deyil. Bu, çox böyük etirazlar doğuracaq. Beynəlxalq təşkilatların da buna müsbət rəyi olmayacaq”.

Müzakirədən sonra dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Bayramoğlu