Aydın Quliyev: “Sözlərin inqilabçılıq qaydasında dəyişdirilməsi böyük çətinliklər yaradacaq”
"Sözlərin orfoqrafik tərkibini yeniləmək xatirinə həyata keçirilən bəzi islahatlar mövcud durumu mürəkkəbləşdirir"
"Azərbaycan dilinin orfoqrafik tərkibinin dəyişdirilməsində çox inqilabçılığa ehtiyac yoxdur”.
Bu sözləri "Sherg.az”a açıqlamasında "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor orfoqrafik dəyişikliklərin xeyirdən çox ziyan gətirəcəyi qənaətindədir:
"Əlbəttə, dilimizin leksik tərkibinin zənginləşdirilməsinə, yeni sözlərin lüğətimizə daxil edilməsinə ehtiyac var. Çünki dünya qloballaşdıqca başqa dillərdən alternativi tapılmayan xeyli sözlər Azərbaycan dilinə daxil olur. Bunun qarşısını almaq mümkün deyil. Ona görə də kənardan inkişafın nəticəsi olaraq gələn yeni sözlərin dilimizə ya olduğu kimi daxil edilməsi, ya da uyğun və hamı tərəfindən qəbul olunan alternativlərin tapılması olduqca vacibdir. Bu, dilimizin leksik tərkibinin zənginləşməsi kimi tarixi əhəmiyyətli bir işə xidmət edir. Məsələn, Azərbaycan dili söz tərkibinə görə rus və ingilis dilinə nisbətən kasıb dil kimi qiymətləndirilir”.
A.Quliyev vurğulayıb ki, sözlərin orfoqrafik tərkibini lazım gəldi-gəlmədi dəyişdirmək və yeniləmək xatirinə həyata keçirilən bəzi islahatlar mövcud durumu mürəkkəbləşdirir:
"Azərbayca dilində elə sözlər var ki, yüz illərdir dilimizdə işləndiyi kimi yazılır. Həmin sözlərin yenidən dəyişdirilməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, dəyişmələr nəticəsinə xüsusilə gənc və orta nəsil əziyyət çəkəcək. Bu gün dövlət qulluğunda olan orta nəslin nümayəndələri hansısa sözün yazılışına 20-30 il əvvəlki formada əməl edirlərsə, təbii ki, onlar çətinliklərlə üzləşəcəklər. Ona görə də sözlərin inqilabçılıq qaydasında dəyişdirilməsi böyük çətinliklər yaradacaq.
"Cəmiyyət sözünü iki "y” ilə yazmaqla heç nə itirmirik. Fikrimcə, dilimizə kənardan gələn sözlərin vətəndaş hüququ qazanmasına və onların hamı tərəfindən qəbul olunub altenativlərinin tapılmasına daha çox ehtiyac var. Düşünürəm ki, bu istiqamətdə səylər göstərilsə, böyük nəticələr əldə oluna bilər”.
Yeganə Bayramova