Baş redaktor: Solovyov Azərbaycan Prezidentinin mətbuata və jurnalistlərə verdiyi dəyərə diqqət çəkib”




"Vladimir Solovyovun cənab Prezident İlham Əliyevlə bağlı dedikləri dövlət başçısının ümumən mətbuata olan diqqətinin bir nümunəsidir”.

Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Azərbaycan Prezidenti daim medianı izləyir:

 "Cənab Prezident həm ölkə, həm region, həm də dünya mediasını çox diqqətlə izləyir. Bir neçə əcnəbi dili mükəmməl bilən ölkə rəhbəri dünyanın nüfuzlu KİV-lərindən məlumatlar əldə edir. Bu da dövlət başçısının ictimai fikrə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Eyni zamanda Prezidentin mətbuata və jurnalistlərə verdiyi dəyərdir. Dövlət başçısı davamlı şəkildə media ilə əlaqədə, ünsiyyətdə olub. Solovyov da məhz bu məqamlara diqqət çəkib”.

Qeyd edək ki, Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov Azərbaycana səfəri pzamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb. Solovyov bildirib ki, Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənləri çox ətraflı anlamasının şahidi olub. Onun sözlərinə görə, İlham Əliyev söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib: "Hiss edirdim ki, o, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur”. RJB sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var: "Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun".

İsmayıl