İran qorxu içindədir
“Ötən gün ölkənin daxili işlər naziri də etiraf etdi ki, İŞİD-çilər gəlib onların sərhədlərinə çatıblar”
"Bütün terror təşkilatları, o cümlədən İŞİD girməyi planlaşdırdığı ölkələrdə əvvəlcə müxtəlif partlayışlar törədərək panika yaradır”
Ötən gün İranda güclü partlayış baş verib. Paytaxt Tehranda ali dini lider Əli Xamneyiyə aid olan binalardan birində baş verən partlayış zamanı 295 nəfər həlak olub, 2650 nəfər isə yaralanıb. Fars rejimi dəhşətli hadisəni sirr kimi saxlasa da, olay xarici mediaya sızıb.
Hələlik partlayışın başvermə səbəbi və məqsədi haqqında dəqiq məlumat yoxdur. Bəzi iddialara görə, qanlı hadisə İran rejiminə düşmən olan hansısa terror qruplaşmaları tərəfindən törədilib.
İrandakı partlayışla bağlı "Şərq”ə danışan DAK Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, İran ən azı 6 ölkə ilə savaş halındadır. Livandan Suriyaya, Yəməndən İraqa, Səudiyyə Ərəbistanına qədər hər dövlətə və xalqa düşməndir: "İran rejimi həm ölkə daxilindəki qeyri-farslara divan tutur, həm də xarici ölkələrdəki ərəblərə qarşı kəskin silahlı mübarizə aparır. Bütün bunlar da rejimə qarşı radikal addımların atılmasına gətirib çıxarır. Əlbəttə, biz heç bir ölüm hadisəsinə haqq qazandırmırıq. Amma bu qanlı hadisənin yeganə səbəbkarı həmin rejimin özüdür”. Ə.Tağızadənin sözlərinə görə, İran rejimi bilərəkdən sünni-şiə söhbətini ortaya atır, dini parçalayır: "Fikir versəniz görərsiniz ki, İran bütün ərəb dünyasına savaş elan edib. Çünki bütün ərəb ölkələri məzhəbcə sünnidir. İndi guya İran ordusu İraqda, Suriyada terrorçu qruplaşma olan İŞİD-ə qarşı mübarizə aparır. Bu, yalan və uydurmadır. İŞİD və onun kimi terror qurplaşmalarının yaradılmasında birbaşa fars rejiminin əli var. Görünür, əvvəlcə gizlicə dəstəklədikləri İŞİD indi onların özünə qarşı ciddi təhlükəyə çevrilib. Artıq İranın özü qorxu içindədir. Ötən gün ölkənin daxili işlər naziri də etiraf etdi ki, İŞİD-çilər gəlib onların sərhədlərinə çatıblar. Bu səbəbdən İran ordusunun böyük hissəsi ölkənin şərq tərəfində yerləşdirilib. Bilirsiz ki, bütün terror təşkilatları, o cümlədən İŞİD girməyi planlaşdırdığı ölkələrdə əvvəlcə müxtəlif partlayışlar törədərək panika yaradır. Məqsəd isə camaatı qorxuya salmaq, çaxnaşma yaratmaqdır. Ona görə də hesab edirəm ki, bu hadisə ya terrorçular, ya da rejimə düşmən olan şəxslər tərəfindən törədilib”.
İsmayıl