Əflatun Amaşov: “Məqsəd ondan ibarətdir ki, ayrı-ayrı sahələr-nazirliklər, komitələr və digər qurumların, təşkilatların rəhbərləri ilə redaktorların birbaşa dialoqları təşkil olunsun”Mübariz Qurbanlı: “İstənilən mətbuat nümayəndəsini hər zaman qəbul etməyə hazır olmuşuq və bundan sonra da hazır olacağıq”
Bəxtiyar Sadıqov: "Sovet hökuməti Allahsız bir cəmiyyət idi. Ali məktəbə daxil olmaq, diplom almaq asan məsələ deyildi. Diplom bir növ çörək idi”
Bəhruz Quliyev: "Təklif edirəm ki, DQİDK Azərbaycanda təhsil alan dini alimlərini bizə təqdim etsin ki, biz mətbuat olaraq onlardan ekspert kimi istifadə edək”
Görüşdə ölkədə dini tolerantlığın vəziyyəti təhlil olunub, həmçinin mövcud istiqamətdə KİV-lər və jurnalist təşkilatlarının üzərinə düşən vəzifələr barədə söhbət açılıb, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib. MŞ sədri Əflatun Amaşov bildirib ki, Mətbuat Şurası mütəmadi olaraq dövlət qurumlarının rəhbərlərinin media rəhbərləri ilə görüşlərini təşkil etməkdədir: "Sonuncu belə görüş bu il aprelin 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə keçirilib. Bu bizim növbəti tədbirimizdir. Təbii ki, ilin sonuna kimi belə tədbirlər davam etdiriləcək. Bəs gəlin görək, bu tədbirlər bizə nə verir? Məqsədimiz nədən ibarətdir? Məqsəd ondan ibarətdir ki, ayrı-ayrı sahələr - nazirliklər, komitələr və digər qurumların, təşkilatların rəhbərləri ilə redaktorların birbaşa dialoqları təşkil olunsun. Qoy, həmin təşkilatların rəhbərləri öz düşüncələrini redaktorlarla bölüşsünlər. Təbii ki, redaktorlar da öz növbəsində söylənilən fikirləri eşidərək öz mətbuat orqanlarında dərc etsinlər. Əgər belə olarsa, məlumatlar kifayət qədər obyektiv və dövlət maraqlarından xəbər verəcək”.
Ə.Amaşov deyib ki, əgər milli-mənəvi və dini dəyərlərin tarixi nə qədər qədimdirsə, əhatəlidirsə, deməli, həmin xalq da bir o qədər zəngindir: "Azərbaycan tolerant bir ölkədir. Azərbaycanda əsrlər boyu müxtəlif dinə mənsub olan insanlar birgə yaşayıblar, xarici düşmənlərdən qorunublar. Bu gün ölkəmiz demək olar ki, dünyanın istər tolerantlıq, istərsə də mültikulturalizm baxımından ən mühüm mərkəzlərdən birinə çevrilib. Azərbaycanda sistemli, harmonik bir siyasət həyata keçirilir. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanda dini tolerantlıqla bağlı qanun qəbul olunub”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxış edərək bildirib ki, bu gün Azərbaycanda mətbuatın, qəzetlərin, televiziyaların, internet saytlarının ictimai rəyin formalaşmasında çox böyük yeri və rolu var: "Biz dini komitənin rəhbərliyi olaraq mətbuat üçün açıq bir qurumuq. İstənilən mətbuat nümayəndəsini hər zaman qəbul etməyə hazır olmuşuq və bundan sonra da hazır olacağıq. Hesab edirəm ki, mətbuatın rolunu, əhəmiyyətini hər kəs qiymətləndirməlidir. Çünki mətbuat sözün həqiqi mənasında bizim siyasətimizin təbliğinə, təşviqinə, milli maraqlarımıza xidmət edir. Azərbaycan müsəlman ölkəsidir. Bu gün dünyada islam dininə mənsub olanlar sayına görə ikinci hesab olunur. Bildiyiniz kimi, bu gün dünyada səmavi, dünyəvi dinlər mövcuddur. Bu səmavi dinlər içərisində islam dini çox əhəmiyyətli rol oynayan bir dindir. Son araşdırmalar onu göstərir ki, islam dininə sitayiş edən, tapınan və islam inancını daşıyan insanların sayı XXI əsrin ortalarında birinci yerə çıxacaq”.
"Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxış edərək deyib ki, müstəqilliyin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri də odur ki, bu gün Allahımızla sərbəst
şəkildə ibadət etmək, onunla təmasa girmək imkanı qazandıq: "Bildiyiniz kimi, sovet hökuməti Allahsız bir cəmiyyət idi. Ali məktəbə daxil olmaq, diplom almaq asan məsələ deyildi. Diplom bir növ çörək idi. Çox şükürlər olsun ki, bu gün bizim cəmiyyətdə əsl demokratik prinsiplər bərqərar olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri bir neçə gün bundan öncə islam dünyasının əsas müqəddəs şəhəri Məkkədə Ümrə ziyarətində oldular. Son dövrlər ölkəmizdə ən gözəl məscidlər inşa olunub. "Heydər məscidi” möhtəşəmliyi ilə seçilir. Şamaxıda isə "Cümə məscidi” bərpa olunub. Bütün bunların hamısı bir jurnalist kimi bizim məsuliyyətimizi artırır. Əvvəla din mənəviyyat məsələsidir. Bizim milli-mənəvi dəyərlərimizin bir qismi dini dəyərlərin formasında yaşayır. Din bizim gündəlik məişətimizə daxildir”.
SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə çıxış edərək bildirib ki, həm hüquqi baza, həm də cəmiyyətin maarifləndirilməsi ona aparır ki, faktiki olaraq Azərbaycanda yeni bir dini model yaranır: "Yəni bu model nə türk, nə İran, nə də Qərb modeli deyil. Ümumiyyətlə, yazılan və yazılmayan qanunlar var. Siz DQİDK-nın rəhbəri olaraq bəzi məsələlərdə tövsiyələr edirsiniz. Amma hesab edirəm ki, bəzi məqamlarda mollaların, dini məclisləri aparan şəxslərin üzərində işləmək lazımdır. Məsələn, Naxçıvan MR-da belə bir model var. Əgər Naxçıvanda molla məclisə çağırılırsa, o yalnız yerli məscidlərdən çağrılır. Təbii ki, onlar da elmli, təhsil almış və Azərbaycanın yeni modelini tətbiq etmək istəyən mollalardır. Onların apardığı söhbətlər isə yalnız Vətənin, xalqın, dövlətin və dövlətçiliyin xeyrinədir. Hesab edirəm ki, bu üsullardan istifadə olunsa, daha maraqlı olar. İkincisi isə bizdə dini ekspertlər azlıq təşkil edir. Bəzi məqamlarda biz dini ekspertləri günün günorta çağı çıraqla axtarırıq ki, hansısa suala cavab versin. Təklif edirəm ki, DQİDK Azərbaycanda təhsil alan dini alimlərini bizə təqdim etsin ki, biz mətbuat olaraq onlardan ekspert kimi istifadə edək”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, dini mövzudakı maarifləndirmə işləri mətbuat və internet informasiya ehtiyatları ilə yanaşı, televiziya və radiolarda da müntəzəm şəkildə aparılmalıdır.
Daha sonra "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək bu kimi görüşlərin əhəmiyyətini yüksək dəyərləndirib. Vurğulayıb ki, DQİDK gənclərin radikal dini təriqətlərdən uzaq olması üçün onlar arasında maarifləndirmə işini daha da gücləndirməlidir.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb