Başlıca şərt professional qaydalardır
Sosial media ənənəvi jurnalistika üçün əlavə vasitə ola bilər, amma onun ciddiliyinə ehtiyatla yanaşılmalıdır
Hazırkı dövrdə müasir texnologiyanın sürətli inkişafı dünya reallıqlarını dəyişib. Hətta bir çox dövlət başçıları, məmurlar belə öz mesajlarını sosial şəbəkələr vasitəsilə qarşı tərəfə çatdırırlar. Çox təəssüflər olsun ki, Azərbaycanda sosial şəbəkələrə münasibət bir az fərqlidir. Ölkəmizdə daha çox qarşılıqlı kommunikasiya üçün nəzərdə tutulan sosail şəbəkədən və ya mediadan informasiya mənbəyi kimi istifadə olunur. Şübhəsiz ki, bu da, ümumilikdə ölkə mediasının simasına mənfi təsir göstərir. Belə olan halda jurnalistlər axtarışlar aparmır və daha asana qaçırlar. Son nəticə isə əksər mətbuat orqanlarının eyniləşməsinə gətirib çıxarır. Doğrudur, sosial şəbəkələr və ya sosial media peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Lakin kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil. Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, ondan sonra mətbuatda yayımlanmalıdır.
(əvvəli ötən sayımızda )
Bizdə isə əksinədir. Əksər hallarda sosial mediadan ciddi mənbə kimi istifadə olunur ki, bu da ciddi dezinformasiyalara yol açır. Bundan başqa, sosial media ona görə rezonans doğurur ki, peşəkar mətbuat maraqlı mövzular seçə bilmir. Mətbuatın mövzu məhdudiyyəti və peşəkarlıq problemi var. Yəni bəzən hər hansı tələbənin sosial şəbəkədə yazdığı bir fikir bəzən qəzetdə dərc edilən məqalədən çox təsirli və tutarlı olur. Eyni zamanda sosial mediaya müraciətlərin
artmasında azadlıq məsələsi də önəmli rol oynayır. Yəni sosial şəbəkələrdə daha çox sərbəstlik var. Bu kimi nüanslara görə sosial şəbəkələr özünə auditoriya toplamağı bacarır. İnsanlarda belə təsəvvür yaranır ki, sosial şəbəkələrdə tənqid varsa, qəzetdən və ya saytdan fərqli və faydalıdır. Bu baxımdan sosial şəbəkələrin jurnalistikanı üstələdiyini dana bilmərik. Məhz bu məsələlərə görə də, jurnalistika yeni medianın içərisində əriyir. Buna rəğmən sosial media ilə jurnalistika arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Çünki jurnalistika peşəkar həkimdir, sosial şəbəkələr isə xəstəliyi sağaltmaq haqqında təsəvvürü olan sıravi bir insan. Sosial media heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir. Etik qaydalar toplusu, normaları var. Ancaq sosial şəbəkədə bunların heç biri yoxdur. Ona görə heç bir halda sosial şəbəkələri jurnalistika hesab etmək olmaz. Sosial şəbəkələr hər kəs üçün açıqdır və hamının çıxışı var. Masa arxasında psixi cəhətdən çatışmazlıqları olan insanlar da otura bilər. Əgər biz sosial şəbəkələri KİV kimi qəbul etsək, onda həmin anormal insanların paylaşımlarını da informasiya kimi təqdim etməliyik. Bu isə artıq qeyri-mümkündür”.
Maraqlıdır, görəsən, sosial media ilə jurnalistika arasındakı fərq nədən ibarətdir və sosial şəbəkələri jurnalistikanın bir qolu saymaq olarmı?
Suallarımızı cavablandıran Report. az informasiya agentliyinin baş redaktoru Murad Alıyev qeyd edib ki, sosial media, sosial şəbəkələr heç bir zaman informasiya istehsal edən mətbu orqanları üstələyə bilməz: "Ən azından ona görə ki, sosial şəbəkələr məhz həmin informasiya resurslarının xəbərlərini tirajlayır. Yəni bu kontekstdə sosial şəbəkələr informasiyanın çatdırılması üçün bir vasitədir, alətdir. Hər hansı xəbəri birbaşa sayta daxil olmadan, misal üçün, feysbukdan keçid edərək daxil olsanız belə, yenə də həmin saytın linkini açmış olursuz. Digər tərəfdən sosial şəbəkədə paylaşılan mövzu yalnız bir qrup insanın maraqlarını əks etdirir, balansın qorunmasını təmin etmək demək olar ki, mümkün deyil. Bu mənada informasiya agentliklərinin, digər xəbər saytlarının vəzifəsi tam mənzərəni göstərməkdi, mövzunu hərtərəfli işləməkdir. Başqa bir önəmli məqam ondan ibarətdir ki, medianın işi ölkənin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır - bu mənada Azərbaycanın elektron KİV-ləri öz xəbərlərini rus, ingilis dillərində təqdim etməklə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq missiyasını həyata keçirməkdədirlər”.
Baş yazarın sözlərinə görə, sosial media jurnalistika üçün əlavə bir rıçaqdır, vasitədir: "Onların köməyi ilə jurnalist cəmiyyətin gündəlik üzləşdiyi problemlər barədə daha operativ məlumat əldə edir. Digər tərəfdən öz fəaliyyətini də cəmiyyət üçün daha əlçatan edir. Fikir verin, son zamanlar sosial şəbəkələrin təqdim etdiyi yeni imkanlar nə dərəcədə jurnalistlərin işini asanlaşdırıb. Fəaliyyət dairəsini genişləndirib. Misal üçün, artıq jurnalist hadisə yerindən nəinki operativ xəbər, foto, video ötürə bilər, hətta sosial şəbəkə üzərindən canlı yayıma da çıxa bilər. Buna heç bəzi telekanalların texniki vasitələri imkan vermir, bunun üçün əvvəllər nəhəng aparaturalar quraşdırılardı. Amma indi kiçik bir saytın əməkdaşı canlı yayım təqdim edir. Bu, digər tərəfdən jurnalistin peşəkarlığının artmasını da tələb edir. Yəni, əvvəl hər hansı bir hadisəni işıqlandırmaq üçün jurnalist, fotoqraf, operator cəlb olunurdusa, indi sosial şəbəkələrin dəstəyi ilə bütün işi cəmi bir şəxs həyata keçirə bilər. Yetər ki, onu peşəkar səviyyədə təqdim etsin”.
Müsahibimiz diqqətə çatdırıb ki, bu gün demək olar ki, sosial medianın qabartdığı xəbərlərin 80-90 faizi informasiya agentliklərinin istehsal etdiyi xəbərlərdir: "Misal üçün, "Report” informasiya agentliyinin gün ərzində yaydığı xəbərləri sosial şəbəkələrdə geniş audiotoriyaya məxsus müxtəlif xəbər portalları paylaşırlar. Nəticədə həmin xəbər report.az saytında 500-1000 dəfə oxunursa, həmin portallarda 5-6 min oxucu yığır. Şübhəsiz ki, bu, ilk növbədə xəbəri istehsal edən agentliyin uğurudu, digər tərəfdən onu daha maraqlı tərtibatda təqdim edən portalın”.
M.Alıyevin firkincə, sosial media digər tərəfdən insanların daha asan çıxış əldə etdikləri məlumat mübadiləsi vasitəsidir: "Hər hansı bir şəxs şikayət məktubunu qəzetə və ya sayta ötürürsə, onu araşdırırlar, şikayətin nə qədər əsaslı olduğunu yoxlayırlar, sonra redaksiyada gündəlik olaraq yığılan külli miqdarda materialların içərisində məhz həmin məsələnin dərc olunması da sual altındadır. Bir sözlə, həmin məsələnin işıq üzü görməsi bir az uzanır. Sosial şəbəkə vasitəsi ilə isə istənilən adam öz şikayətini, ürəyindən keçənləri, arzu və istəklərini rahatlıqla bölüşür, öz yaxın ətrafını məlumatlandırır. Məlumat xüsusi əhəmiyyətli olanda isə nəinki yaxın ətraf, bütün ölkə bundan xəbər tutur. Bax bu məqamda da jurnalistikanın işi həmin mövzuları qabardıb cəmiyyəti maraqlandıran suallara cavab tapmaqdır. Çünki adətən sosial media təmsilçisi problemin həlli üçün hara müraciət etməli olduğunu bilmir, bu isə jurnalistlərin işidir. Bəzən deyirlər ki, sosial şəbəkələr daha müstəqildir deyə, insanlar oradan məlumat almağa çalışır. Məhz bu mənada mən müstəqil deməzdim, əlçatan deyərdim. Heç kim biri-birinin fikrini redaktə etməyə cəhd göstərmir, şərhlərdə öz fikrini bildirməklə kifayətlənirlər və sair. Bəzən blogerləri, sosial şəbəkələrdə aktivlik nümayiş etdirən şəxsləri də jurnalist kimi qələmə verirlər. Lakin bu, kökündən səhfdir. Peşəkar jurnalist səhər işə gəlir, redaksiya heyəti ilə gününü planlaşdırır, işləyəcəyi mövzuları aydınlaşdırır və işdən gedəcəyi müəyyən saata qədər bir növ fabrikdəki konveyer arxasında işləyən şəxs kimi xəbər istehsal edir. Blogerlər, sosial şəbəkədə aktivlik nümayiş etdirən şəxslər isə yalnız qarşılarına çıxan problemləri qabardır və sadəcə onun barəsində məlumat verir, çox vaxt həll yollarını araşdırmağa cəhd etmir”.
Həmsöhbətimiz onu da əlavə edib ki, hazırda bir sıra saytlar öz xəbərlərini sosial şəbəkələrdə pullu reklama qoyurlar, daha çox izləyici toplamağa çalışırlar: "Lakin yenə də xatırladım, bunu xəbər portalları edirlər əsasən. Agentliyin xəbəri reklam etməyə ehtiyac yoxdur, maraqlı yazıdırsa, bütün ölkə mətbuatı həmin xəbəri istinadla yayacaq. Digər tərəfdən informasiya agentliklərinin gəliri onların dərc edib satdığı bülletenlərdən formalaşır, yəni onların öz hədəf kütləsi var. Lakin xəbər portallarının gəliri əsasən reklam banerlərindən formalaşır. Bu səbəbdən onlara xəbərlərin izləmə sayının çox olması önəmlidir. Bu səbəbdəndir ki, bir də görürsən bizim yazdığımız bir xəbəri eyni zamanda 3 sayt öz səhifəsində yerləşdirib və reklama qoyub”.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, iki aspektdən sosial şəbəkələrdə yayılan informasiyanın etibarlılığı sual doğurur:” Əvvəla, sosial şəbəkələrdəki paylaşımlarda şəxsi mövqe həddindən artıq çoxdur. Jurnalist faktında isə şəxsi mövqe yolverilməzdir. İkincisi isə söhbət faktlardan gedirsə, jurnalistikanın bir prinsipi var ki, informasiya ən azı 3 mənbədən dəqiqləşdirilməlidir. Sosial şəbəkələrdə isə bu imkanlar məhduddur”.
Ekspertin sözlərinə görə, mətbuatda sosial şəbəkələrdən əldə olunan məlumatların sayı artdığı yerdə əsl jurnalistika "ölür”: "Başa düşürəm ki, hazırkı situasiyada jurnalistlər sosial şəbəkələrsiz keçinə bilməz. Bir sıra hallarda rəylərin toplanması üçün çox ciddi mənbədir. Amma faktların toplanması üçün sosial şəbəkələrin ciddiliyinə ehtiyatla yanaşmağın tərəfdarıyam. Bunun üçün də başlıca şərt professional vicdan və professional qaydalardır. Bu elə bir problemdir ki, tənzimlənməsi üçün ayrıca qanun da qəbul oluna bilməz. Yeganə həll yolu professional prinsiplərdir”.
(davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb