Qiymətlər ötən illə müqayisədə 8 faiz artıb
“İstehlakçılar çəkidə və keyfiyyətdə 20 faiz aldanırlar: “Xərclənən 100 manatdan 20 manatı aldanmaya gedir”
Novruz bayramına artıq sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də bayramqabağı bazardakı qiymətlərdə artım müşahidə olunur. Tələb artır və mütləq qiymətlərdə bahalaşma baş verir. Bazar iqtisadiyyatında bu amili normal qarşılasalar da, əhali arasında alıcılıq qabiliyyəti kifayət qədər azalıb.
Süni qiymət artımının qarşısını almaq üçün isə paytaxtda bir sıra yarmarkalar təşkil olunub. Lakin məhsulların nə dərəcədə keyfiyyətli olduğunu söyləmək bir qədər çətindir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun "Şərq”ə açıqlamasına görə, ümumilikdə Azərbaycan istehlakçıları çəkidə və keyfiyyətdə 20 faiz aldanırlar:
"Xərclənən 100 manatdan 20 manatı aldanmaya gedir. Bu problem ən çox təşkil olunmuş yarmarkalarda var. Guya, yarmarkalarda qiyməti dövlət orqanları tənzimləyir. Amma bu hal bazar qanunlarına ziddir. Heç kəs deyə bilməz ki, "sən bu malı filan qiymətə sat”. Kənd Təsərrüfatı Nazirliyinin adamları yalnız bolluq yaratmaqla məşğul olmalıdır, qiymət tənzimləməklə yox. Əhali yarmarkalarda olan qiyməti heç də uyğun hesab etmir. Onlar yarmarkalardakı qiymətlə bazardakı qiymətlərin eyni olduğunu deyir. Vətəndaşların çəkidə və keyfiyyətdə aldanması baş verir. Hələ 4 il bundan qabaq Azərbaycanın külli miqdarda qoz-fındıq ləpələri Avropa bazarına buraxılmadı. Səbəb isə ləpələrin tərkibində aflotaksin göbələklərinin müəyyən edilməsi idi. Azərbaycanın daxili bazarında aflotaksin göbələklərini heç kəs yoxlamır. Yenə də yerli bazarda bu cür təhlükəli, zərərli ləpələr əhaliyə satılır”.
E.Hüseynovun sözlərinə görə, builki qiymətlər keçən ildəki qiymətlərə nisbətən təxminən 8 faiz bahadır:
"Təəssüf ki, Azərbaycanda qiymət artımı bayramdan sonra da davam edir. Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə bağlı ciddi siyasət aparmalıdır. Kənd təsərrüfatı mallarının bolluğu yaranmalı və qiymətlər aşağı düşməlidir. Hazırda orta təminatlı ailənin bayram süfrəsi açmaq üçün azı 200 manata ehtiyacı var. Əhali bu vəziyyətdən narazılıq edir. Hər gün mənə məhsulların keyfiyyəti ilə bağlı şikayətlər gəlir. Xüsusilə nehrə yağının yoxlanması ilə bağlı müraciətlər var. Azərbaycanda normal ekspertiza yoxdur. Ölkəmizdə müstəqil ekspertiza olmadığı şəraitdə həm qiymətdə, həm də keyfiyyətdə insanlar aldadılır”.
Birlik sədri satışda olan qəndlərin ağardılması üçün kimyəvi maddələrdən istifadə olunduğunu da diqqətə çatdırdı:
"Qəndin ağarması üçün hansısa ağ toz şəklində maddədən istifadə olunur. Deyilənə görə, bu mərmər tozu və ölüb murdar olmuş heyvanların sümüklərindən üyüdülür. Dünən bu məsələyə son qoyduq. 27 qənd növünü ekspertizadan keçirdik. Məlum oldu ki, qəndi ağartmaq üçün "blank” deyilən maddədən istifadə olunur. Bu maddə konservant kimi E222 ilə xarakterizə edilir. Parçaları, pambığı ağartmaq üçün istifadə olunan bir maddədir və çoxsaylı qənd növlərinin hamısında tərkibində bu maddədən çıxdı. Bu maddə insan sağlamlığı üçün çox təhlükəlidir. Səhiyyə Nazirliyinin xüsusi məlumat kitabında E222 konservantının qida məhsullarına qarışdırılmasının qadağan olduğu qeyd olunub. Çox təəssüflər olsun ki, kimyəvi yolla ağardılan qəndlər hər yerdə satılır və artıq biz bunların siyahısını aşkarlamışıq. Bu kimi halların qarşısını almaq üçün dövlət orqanları arasında məsələ qaldıracağıq”.
Yeganə Bayramova