“Bazarda bahalığın səbəbi nə Rusiya bazarıdır, nə də ki, iqlim şəraiti?”
“Əgər biz çoxçeşidli istehsala keçsək, məhsulun keyfiyyəti artsa, bol məhsul üçün şərait yaransa, qiymətlər də normallaşacaq”
Yay mövsümünün vaz keçilməzləri meyvə-tərəvəzin qiymətləri bu il də "əl yandırır”. Necə deyərlər, il-ildən baha gəlir. Builki qiymətləri görəndə ötənilkinə şükür edirsən. Maraqlı burasıdır ki, bazardakı bahalığı Kənd Təsərrüfatı Nazirliyi də inkar etmir. Nazirliyin şöbə müdiri Firdovsi Fikrətzadə Modern.az saytına açıqlamasında bahalığın səbəblərini göstərib. F.Fikrətzadə bildirib ki, qiymət monitorinq sisteminin məlumatına görə, builki mövsümlə keçənilki qiymət fərqi əsasən pomidor və xiyarda, çəyirdəkli meyvələrdən gilas və ərikdədir:
"İki qrupa daxil olan məhsulun qiyməti ötənilki mövsümə nisbətən yüksəkdir. Amma nəzərinizə çatdırım ki, hər ikisinin də səbəbləri fərqlidir. Konkret olaraq pomidor və xiyarın ötən mövsümə nisbətdə baha olmasının səbəbi budur ki, keçən il Rusiyada rublun kəskin devalvasiyasından sonra ixrac səmərəsiz olduğundan istehsal edilən pomidor və xiyarın ixracı kəskin şəkildə aşağı düşmüşdü. Buna görə də daxili bazarda məhsul artıqlığı yaranmışdı.
Normal olmayan keçən il "8-ci kilometr bazarı”nda Şəmkir pomidorunun topdansatış qiymətinin 40, Göyçay pomidorunun topdansatış qiymətinin 50 qəpik olması idi.
İndiki halda iyun ayında topdansatışda Şəmkir və Göyçay pomidorunun satılması normaldır. Keçən il "melit” sortundan olan xiyarın topdansatış qiyməti 25 qəpik idisə, bu il 50 qəpikdir. Normal olmayan ötənilki qiymətlər idi. Çünki fermerlərin məhsulu əlində qalmışdı. Dəyər-dəyməzinə satmağa çalışırdılar. Təklif tələbi üstələdiyindən qiymətlərə təzyiq edərək, fermerlər üçün əlverişsiz şərait yaradırdı.
Bu il nə istehsalda, nə də ixracda problem var, ona görə də qiymətlər tarazlıq səviyyəsindədir. Əgər hesab olunsa ki, mövsümün bu dövründə Azərbaycanda pomidorun topdansatış qiymətinin 1 manat olması bahadır, dünyanın istənilən yerindən - elə Türkiyədən məhsulu sürətlə bura gətirərdilər. Türkiyədə 1 kiloqram pomidorun ixracı 1 dollardan aşağı deyil. Nəzərə almaq lazımdır ki, hələ kütləvi sahələrdən məhsul yığımı başlamayıb, hələ də istixanaların istehsalı olan məhsullar satışdadır. Bir daha deyirəm ki, pomidor, xiyar, kartofun qiyməti indiki halda tam normaldır”.
Nazirlik rəsmisi istisna hal kimi çəyirdəkli meyvələrin baha olmasını təsdiqləyib:
"Burda yalnız istisna çəyirdəkli meyvələrin qiymətindədir. Bu da təbii faktorlara bağlı məsələdir. Bu il ərik və gilasın çiçəklənmə, tozlanma dövründə hava əlverişsiz olduğundan məhsuldarlıq aşağıdır. Bu nöqteyi-nəzərdən Azərbaycan bazarında hər iki məhsulun qiyməti keçən ilə nisbətən yüksəkdir. Yenə də, məsələn, Türkiyədə bu məhsullar ucuz olsaydı, onlar çox rahat şəkildə gətirib məhsullarını burda satardılar. Bilirsiniz ki, hazırda gömrükdə də tam sərbəstlikdir.
Əvəzində ən gözəl sortlardan keçən il 1 manat 50 qəpiyə olan qırmızı alçanın builki qiyməti 70-80 qəpikdir.
Mən hesab edirəm ki, "ötən il niyə həddən artıq ucuzluq idi” deyə düşünməliyik”.
Nazirlik rəsmisi digər tərəvəz məhsullarının qiymətini də açıqlayıb. Onun sözlərinə görə, lobyanın topdansatış qiyməti 20-40 qəpikdir, ötən illə müqayisədə lobya 60-65 faiz aşağı düşüb. Yaşıl bibərin topdansatış qiyməti 13 faiz ucuzlaşaraq topdansatış qiyməti 70 qəpiyə olub. Qazax lobyasının pərakəndə satışı 60 qəpik, Ağdaş kələmi 30 qəpik, Göyçay pomidoru 1,50 qəpik, Şəmkir pomidoru 1,40 qəpik, Bakı pomidoru 1,30 qəpik, Şəmkir xiyarı 70 qəpik, "melit” xiyarı 70, "patron” xiyarı 90 qəpik, "yelpənək” xiyarı 60 qəpiyədir. Sabirabad qarpızı 50 qəpik, yemiş 70 qəpikdir. Ən baha qiymətsə Xaçmaz gilası (4,50 qəpik), Quba gilası (1,90 qəpik), "qırmızıyanaq” ərikdir (4 manat).
İqtisadçı Natiq Cəfərli isə "Şərq”ə açıqlamasında nazirlik rəsmisinin göstərdiyi bahalıq səbəblərinin doğru olmadığını bildirdi:
- Birinci növbədə qiymətləri bazar münasibətləri tənzimləməlidir. Mən F.Fikrətzadənin irəli sürdüyü "Rusiya faktoru” ilə razı deyiləm. Ötən il də, bu il də Rusiya bazarında Azərbaycan məhsulları üçün kifayət qədər münbit şərait olub. Çünki Rusiya ən böyük məhsul ixracatçısı Türkiyəyə embarqo tətbiq edib. Azərbaycan fermerləri ixrac etdikləri məhsulu rus rubluna satsalar da, ABŞ dollarına çevirirdilər, dolları manata çevirəndə isə yenə də gözəçarpan gəlir əldə edirdilər. Yəni, Rusiya bazarının səmərəsizliyini önə çəkməyə heç bir tutarlı əsas yoxdur. Qaldı ki, iqlim şəraiti amilinə, bu, hardasa mümkündür. Amma birdəfəlik qəbul etməliyik ki, bizim yerli bazarlarda məhsulların bahalığının əsas səbəbi həcm və keyfiyyətlə bağlıdır. Bizdə problem məhsulun həcmindədir. Əgər biz çoxçeşidli istehsala keçsək, məhsulun keyfiyyəti artsa, bol məhsul üçün şərait yaransa, qiymətlər də normallaşacaq. Qiymət daxili bazardakı bolluqdan asılıdır. Bolluq olanda qiymətlər də əlçatan olur. Qiymət bahalığı istehsalın həcminin azalmasının nəticəsidir. Və burada səbəb nə Rusiya bazarıdır, nə də iqlim şəraiti. İqlim şəraiti səbəblərdən biri ola bilər. Biz daxili bazar və qiymət siyasətini ixrac üzərində qurmamalıyıq; Rusiya bazarlarına çıxış azalsa, məhsul ölkə daxilində qalar, qiymət də düşər. Bu, tamamilə yanlış yanaşmadır. İqlimə gəlincə, hazırda bütün dünya dövlətləri təbii şəraitdən zərər çəkir. Məsələ burasındadır ki, Kənd Təsərrüfatı Nazirliyi məhsulun həcminin artırılması istiqamətində tədbirlər görməlidir. Bunun üçün də ilk növbədə fermerlərin əməyi stimullaşdırılmalıdır. Bu məqsədlə xüsusi proqramlar işlənib hazırlanmalıdır. Türkiyə faktoruna misal çəkmək də yerinə düşmür. Türkiyə bazarlarında mövsümün əvvəlində yerli pomidor 4-5 türk lirəsi idisə, indi qiymət 70-80 quruşa enib. Çünki məhsul bol yetişdirilib, bazara daxil olduqca, qiymət də düşür. Bizdə də istehsal tələbata uyğun olsa, bu cür bahalıq yaşanmaz.
Məlahət Rzayeva