Bazarlarda bahalaşma meyilləri güclənir

Qadir İbrahimli: “Yəqin ki, proses il ərzində davam edəcək”



2016-cı ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz bahalaşıb.

Buna baxmayaraq, ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb. Aprel ayında mart ayı ilə müqayisədə bitkiçilik məhsullarından alma və kələmin istehsalçı qiymətlərində bahalaşma, fındığın, xiyarın, pomidorun istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Aprel ayı ərzində heyvandarlıq məhsullarından süd və qoyun ətinin istehsalçı qiymətlərində azalma, yumurtanın, mal və quş ətinin istehsalçı qiymətlərində isə azalma müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bahalaşmanı şərh edən iqtisadçı-ekspert Qadir İbrahimli "Şərq”ə bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı postdevalvasiya dövrünü yaşayır: "Bu da yeni qiymətlərin və reallıqların formalaşması deməkdir. Bu baxımdan düşünürəm ki, yaxın zamanlarda ölkəmizin bazarlarında bahalaşma meyilləri güclənəcək. Ona görə ki, ucuzlaşma meyilləri üçün heç bir əsas yoxdur. Artıq Azərbaycan manatı son bir ildə iki dəfə dəyərini itirib. Ölkəmiz kənd təsərrüfatı məhsullarının müəyyən qismini xaricdən idxal edir. Bunu nəzərə almaq lazımdır. Hətta Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarına dair texniki xidmət malları xaricdən gətirilir. Ona görə də, bahalaşma prosesinin getməsi təbiidir. Yəqin ki, proses il ərzində davam edəcək”.

Ayyət Əhməd