BBC-i Xınalıqdan yazdı: "Nuh Peyğəmbərin Qafqazdakı "nəvələri..." - FOTOLAR

Böyük Qafqaz dağlarındakı ən yüksək məskunlaşma yeri...
Xınalıq kəndi, dünyanın ən "baş döndərən" kəndlərindən biri olaraq tanınır. Əhalisi min nəfərdən az olan kənd, Qafqaz dağlarında və dəniz səviyyəsindən 2335 metr yüksəklikdədir. BBC-nin türk bürosunun xəbərinə görə, bəzi jurnalistlər, buradakı kəndlilərin keçmişlərini 5000 il əvvələ, Qafqaz Albanyası dövrünə söykədiklərini söyləyir. Hətta bir rəvayətə görə, buradakı insanlar özlərini Nuh Peyğəmbərin nəvələri olaraq görür.
 
Xınalıq kəndi, Azərbaycanın şimal-şərqində zəngin bir mədəniyyətə və etnik müxtəlifliyə sahib Quba rayonundadır.  Qafqazın təpəsində yer alan dağın ətəklərində Qafqaz yəhudiləri, dadlar, lezgilər də yaşayır. Burada isə Xınalıq adlı ayrı bir dildə danışılır. Yalnız kənd sakinləri tərəfindən danışıldığı üçün UNESCO bu dili yox olmaq üzrə olan bir dil kateqoriyasına salıb.
Lakin bu dilin yaşamaq şansı hələ yüksəkdir. Xınalıqdakı orta məktəbə gedən 300 şagirdə Azərbaycan və İngilis dili ilə yanaşı Xınalıq dili dərsləri də tədris edilir. Xınalıqda toylar da əsrlərdir nəsildən - nəsilə ötürülən mərasimləri ehtiva edir. Gəlinin ailəsi qurban kəsir və qonaqlara çay paylanır.
"Çay içmək də bir mərasim kimi qorunur" deyir fotoqraf... "Bu mədəniyyətdə çay çox əhəmiyyətlidir. Kənd yüksəkdə olduğu üçün çox məhsul yetişdirilə bilmir. Kartof və taxıl məhsulları kəndlilərin təməl qida rasionu arasında yer alır. Kəndlilər Qafqaz və Qərbi Asiyaya xas "lavaş" adını verdikləri çörəkləri ilə öyünür. Qadınlar iki saat içində bir həftəlik çörəklərini bişirir.
Quba ilə Xınalıq arasında 2006-cı ildə çəkilən yol kəndi xarici dünyaya və ziyarətçilərə açmış oldu. Lakin çətin hava şərtləri səbəbiylə yol ilin əksər ayı nəqliyyata bağlı olur. Sentyabrda düşməyə başlayan qar ilə havanın istiliyi -21 dərəcəyə qədər düşür. Soyuqlar düşən kimi çobanlar bölgənin can damarı olan qoyunları dağın aşağısındakı daha isti sahələrə endirir. Elektrik olmadığı üçün kəndlilər təzək yandırır. Buradakı daş evlərin çoxu bir çox zəlzələyə baxmayaraq 200 ildir durur. Qoyunlardan kəndlilər yemək, geyim və digər zəruri ərzaq məhsulları almaq üçün satış məqsədi ilə istifadə edir. Bu bacarıqları insanları çətin həyat şərtlərinə baxmayaraq, əsrlərdir yaşamını təmin edir.