BDU-nun yeni rektoru kim olacaq?
Ekspertlərin rəyinə görə, seçim universitetin daxilindən, digər təhsil ocaqlarından da ola bilər
Prezident İlham Əliyev Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamdan sonra sosial şəbəkələrdə istifadəçilər BDU-nun rektor postuna görmək istədikləri namizədlərin adlarını yazıblar.
BDU-da dolaşan söz-söhbətlərə istinadən də yeni rektor olaraq tarix fakültəsinin professoru Əmrah Dadaşovun təyin olunacağını qeyd ediblər.
Bəs, təhsil ekspertləri, elm adamları necə düşünür? BDU-ya yeni rektor kim təyin edilsə yaxşı olar?
Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifələrinin icrası universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov universitetin prorektorlarının da işdən azad edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Təhsil eksperti Nadir İsrafilov isə bu cür məsələlərdə proqnozların özünü doğrultmadığını deyib. Subyektiv fikirlərinə gəldikdə isə N.İsrafilov konkret ad çəkməsə də, BDU-ya təyin olunacaq yeni rektorun ictimai nüfuzu olan və hər kəs tərəfindən qəbul edilən bir şəxs olmasını arzu edir:
"BDU-ya rektor təyinatı birbaşa Prezident İlham Əliyevin səlahiyyətindədir. Bizim o postda kimi görməyimizdən asılı olmayaraq son nəticədə ölkə başçısının təyin etdiyi şəxs rektor olacaq. Lakin təkcə mən yox, elm, təhsil sahəsi ilə bağlılığı olan hər kəs istəyər ki, Bakı Dövlət Universitetinin rektoru təhsil sahəsində öz xidmətləri, uğurları ilə seçilən, təhsil ictimaiyyəti arasında nüfuzu olan, bilavasitə universitetlə əlaqəli olan bir şəxs rektor olsun. Adətən bizdə hansısa vəzifəyə təyinat zamanı seçilən şəxsin aidiyyəti üzrə təyin olunmadığı müzakirə obyektinə çevrilir. Azərbaycanın ilk ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universiteti Azərbaycan xalqına, dövlətinə, dövlətçiliyinə böyük töhfələr verib. Öz tarixi, ənənələri ilə digər ali məktəblərdən fərqlənən bu universitetin bazası əsasında neçə-neçə ali məktəb meydana gəlib. BDU-nun gəlmiş-keçmiş bütün rektorları ölkədə böyük ad- san sahibi olan şəxslər idi. Çox istərdim ki, ora elə bir layiqli şəxs rektor təyin edilsin ki, onun haqqında xoşagəlməz ifadələr səsləndirilməsin, hamı tərəfindən alqışlansın. Bu cür insanların sayı kifayət qədərdir. Həm ölkə, həm də beynəlxalq səviyyədə tanınan, qəbul edilən insanlardan birini Bakı Dövlət Universitetinin rektoru görmək istəyirəm. Bu seçim həm universitet daxilindən, həm də digər təhsil ocaqlarından ola bilər”.
Tarxiçi-alim Kamran Əsədov da deyib ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan xalqının inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynayıb:
"BDU son zamanlar ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində çox önəmli rol oynayır. 1919-cu ildə cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin 2018-ci ildə 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. Boloniya təhsil sisteminə qoşulmuş universitetdə kompüter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülüb, ayrıca İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrin isə hər birində onlarla kompüter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılıb və müəllimlərlə təmin edilib. Hər bir fakültənin kompüter sinfində lokal şəbəkə yaradılıb və həmin kompüterlərin BDU-nun ümumuniversitet lokal şəbəkəsi vasitəsi ilə internetə çıxışı təmin edilib. Böyük iftixar hissi ilə qeyd etmək lazımdır ki, son illər ərzində BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin və tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində böyük işlər görülüb”.
K.Əsədov hesab edir ki, Bakı Dövlət Universiteti Azərbaycan ali məktəblərinin flaqmanı, dövlətçiliyin barometridir:
"Bakı Dövlət Universiteti mənim üçün doğma, müqəddəs məbəddir. 2003-cü ildən etibarən bütün həyatım bu universitetə bağlı olub. Əvvəlcə tələbəsi kimi, sonra müəllim və tarix üzrə fəlsəfə doktorantı kimi. BDU-nun hər auditoriyası, dəhlizi, kitabxanası mənim üçün xatirələr ilə doludur. Tələbəlik illərində məhz BDU-nun tələbə yataqxanasında qalmışam. Bu o deməkdir ki, mən BDU-nun hər şeyini bilirəm, tanıyıram, perspektivlərinə bələdəm. BDU ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrindən çox fərqlidir. Təkcə onun adı hər şeyi deyir. Onun adı gələndə insanlarda bir güvən, bir xoş təəssürat yaradır. Əlbəttə ki, heç kim vəzifədə əbədi deyil. Təyin olunan bir gün vəzifəsindən azad edilir. Abel Məhərrəmov BDU-ya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə universitet üçün çox böyük işlər görüb. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. İnfrastruktur layihələrin həyata keçirilməsini təmin edib. Amma təbii ki, çatışmazlıqlar var idi.
Amma BDU adi bir universitet deyil ki, burda nəsə problemsiz olsun. Nəzərə alsaq ki, BDU-da 24 min tələbə, 7 min müəllim, 3 mindən çox texniki işçi çalışırdı, böyük bir insan kütləsinin burda cəmləşdiyini görə bilərik. Fikrimcə, yaxın günlərdə BDU-ya təyinat olacaq. İlk olaraq real namizəd kimi Nərgiz Paşayevanı düşünürəm. Ona görə ki, Nərgiz xanım akademikdir, uzun müddət BDU-da prorektor kimi çalışıb, hazırda isə kafedra müdiridir.
Eyni zamanda, Nərgiz Paşayevanın rəhbəri olduğu Moskva Dövlət Universitetinin Bakı filialı kifayət qədər böyük işlər görüb, müsbət imic formalaşdırıb. İkinci namizəd kimi Azərbaycan Universitetinin eks-rektoru, gənc Fərid Əhmədovu düşünürəm. Çünki o da rektor kimi kifayət qədər müsbət imic formalaşdırıb. 3-cü namizəd kimi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu düşünürəm. Elmar Qasımova BDU yad deyil. Eyni zamanda, Elmar müəllim BANM-a rəhbərliyi dövründə yeni yaradılan ali təhsil müəssisəsini qısa müddətdə ölkənin ən yaxşı universitetinə çevirə bilib, onun beynəlxalq imicini formalaşdıra bilib. Mən daha çox bu namizədlərin üzərində dayanıram”.
Filosof-alim Faiq Qəzənfəroğlu da BDU-nun yeni rektorunun kim olacağı barədə konkret bir söz deməyib:
"Ancaq təhsil və elmi məsələlərin keyfiyyətli idarə olunması ilə yanaşı, tədrisin milli maraqlarımıza uyğun şəkildə həyata keçirilməsi çox vacibdir. Təhsilin sözün həqiqi mənasında milliləşdirilməsinə ehtiyac var. Ümid edirəm ki, növbəti təyinatda bu amil nəzərə alınacaq”.
Şəymən