
Bədbəxtlikdir...
Tiflisdə 6 şir, 6 pələng, 7 ayı, 13 canavar və 3 timsahın axtarışı davam edir“Onların xüsusi iynələri var, heyvanlar aşkar olunduqları yerdə yatızdırılacaq və zərərsizləşdiriləcək”

Gürcüstan paytaxtı hələ də təbii fəlakətin vurduğu yaraları sarıyır. Məlumdur ki, sel və daşqın paytaxt Tiflisin həyatını iflic edib, insan tələfatı yaşanır. Bir tərəfdən də şəhər zooparkının dağıntılara məruz qalması səbəbindən ətrafa yayılmış vəhşi heyvanlar sakinlərin həyatına real təhlükə yaradır. Verilən məlumatlarda 6 şir, 6 pələng, 7 ayı, 13 canavar, 3 timsahın axtarışlarının hələ də davam etdiyi bildirilir.
Bununla bağlı şəhər sakinlərinə ciddi xəbərdarlıq edilib. Vəhşi heyvanlar aşkarlanıb zərərsizləşdirilməyənədək sakinlərdən evlərindən çıxmamaq, ətrafda vəhşi heyvan görərlərsə, dərhal Fövqəladə Komissiyaya zəng etmək tapşırılıb.
Tiflis zooparkı ilə bağlı baş vermiş təhlükəli hal ümumiyyətlə, zooparkların mühafizəsi məsələsini aktuallaşdırır. Zooparkların mühafizəsi, heyvanların saxlanma şəraiti necə olmalıdır ki, təhlükəsizlik maksimum təmin edilsin?
Bu sualla Bakı Zooloji Parkının direktoru Azər Hüseynova müraciət etdik. A.Hüseynov "Şərq”ə açıqlamasında Tiflis zooparkında baş verənlərdən çox üzüldüyünü bildirdi:
- Bu, fövqəladə bir şeydi. Bədbəxtlikdir... Təbii fəlakət baş verib, zooparkın ərazisi də dağıntılara məruz qalıb. Elə təsəvvür edin ki, zəlzələ baş verir, sel, daşqın gəlir. Bunun qarşısını almaq qeyri-mümkündür. Meşələr yanır, çaylar daşır. İnsan nə edə bilər, belə vəziyyətdə? Əlbəttə, müəyyən tədbirlər görülür, önləmlər alınır. Amma bəzən gözlənilməz halda təbii fəlakət insanları yaxalayır. Kim bunu düşünə bilərdi ki, Tiflisə sel gələcək və belə dağıntılara, insan tələfatına
səbəb olacaq. Zoopark da dağılacaq, heyvanlar ətrafa qaçışacaq. Adi şəraitdə heyvanların qəfəslərindən çıxması mümkün deyil. Bütün heyvanlar ciddi mühafizə olunur, qəfəslərin qapısı möhkəm bağlanır, qıfıllanır. Heyvanların qəfəsdən çıxması çox nadir hallarda baş verir. Məsələn, Almaniyada bir neçə il əvvəl belə hal olmuşdu. Sirkə məxsus fil qəfəsdən çıxmışdı və 35 yaşlı kişini yaralamışdı.
Amma adətən heyvanlar da, onların saxlandığı yer də ciddi müşahidə altında saxlanır və güclü mühafizə sistemi olur. Təbii fəlakətsə, çox ağırdır. Və bir çox hallarda qarşısı alınmaz olur. Tiflis zooparkı da, təbii fəlakət nəticəsində ciddi dağıntılara məruz qaldı. Vəhşi heyvanların şəhərə dağılışması, zooparkın mühafizə sisteminin güclü və ya zəifliyi ilə qətiyyən bağlı ola bilməz. Sel gəlib, daşqın torpağı yuyub aparıb, qəfəsləri də yerindən oynadıb, nəticədə heyvanlar ətrafa dağılışıblar.
A.Hüseynov qeyd etdi ki, Tiflisdəki həmkarları ilə daim əlaqə saxlayırlar və vəziyyəti öyrənirlər:
- Onların xüsusi iynələri var, heyvanlar aşkar olunduqları yerdə yatızdırılacaq və zərərsizləşdiriləcək. Əhaliyə də xəbərdarlıq edilib. Mühafizə sistemi işləyir.
Heyvanların müvəqqəti saxlanmaq üçün Azərbaycana gətirilməsi təklifinə gəlincə, A.Hüseynov bununla bağlı hələ ki, Bakıya müraciət edilmədiyini dedi.
A.Hüseynov Bakı Zooloji Parkının ciddi mühafizə olunduğunu bildirdi:
- Bizdə hələ buna bənzər hadisələr olmayıb. İnşallah, olmaz da. Bununla belə, əlbəttə, bütün mümkün tədbirlər görülür. Qəfəslərə yalnız xüsusi təlimçilər daxil olur, lazım gəldikdə heyvanları yemləyir, təmizlik işlərinə baxırlar. Bakı Zooloji Parkının mühafizə sistemi güclüdür.
Belə bir fikir də var ki, Tiflis zooparkı şəhərdən kənarda yerləşmiş olsaydı, hazırda insanlar qorxu içində qalmazdı. Yeri gəlmişkən, Bakı Zooloji Parkı da şəhərin mərkəzi hissələrindən birində - Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşir.
"Zooloji parkların, heyvanat bağçalarının şəhərin mərkəzində yerləşməsi təhlükənin miqyasını artırırmı?” sualına cavabında isə A.Hüseynov bunun elə də böyük əhəmiyyət daşımadığını dedi:
- Zooparklar şəhərin mərkəzində də yerləşə bilər, şəhər ətrafında da. Belə düşünmək ki, bəlkə şəhər ətrafında olsa, müəyyən fövqəladə hallarda insanlara daha az ziyanı dəyər, yanlışdır. Çünki bəzən heyvanlar meşədən, dağdan kəndlərə enir, hətta şəhərə də gəlirlər. Nə qədər belə hallar olub ki, vəhşi heyvanlar evlərə, həyətlərə gəlib, ev heyvanlarına hücum çəkib, təsərrüfatlara ziyan vurub. Hətta bəzən vəhşi heyvanlar marketlərə də hücum çəkir. Sadəcə, zooloji parklarda mütəxəssislər çalışmalıdır, heyvanlarla davranış qaydalarını bilməlidirlər. Və əlbəttə ki, mühafizəçilər hər zaman ayıq-sayıq olmalıdırlar.
Məlumat üçün bildirək ki, Bakı heyvanat parkı 2 yanvar 1942-ci ildə yaradılıb. Hazırda burada Heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin (o cümlədən yırtıcı heyvanlar da) canlı genefondu toplanıb.
Parkın ərazisi 4.25 hektardır.
Məlahət Rzayeva