"....Belə sürücülər mütləq işdən çıxarılır” - AÇIQLAMA

Elməddin Muradlı:"Sıxlıq yaranan kimi sürücülər əks yola çıxıb, qayda pozurlar. Belə addımı xüsusilə, “Bakubus”un sürücüsünün atması təəssüfləndiricidir"
"Avtobus sürücülərinin "tələsirəm, sərnişinləri vaxtında çatdırmalıyam” kimi bəhanələrlə yol hərəkəti qaydalarını pozması mənasız əsasdır”.
Bunu "Sherg.az”a "Bakubus” sürücüsünün kobud şəkildə qaydanı pozaraq sərnişinlərin həyatını təhlükəyə atmasına münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. 
O bildirib ki, sürücülər bunu özünümüdafiə məqsədi ilə deyir:
"Təcili tibbi yardım, polis və yanğınsöndürən maşınların hərəkətin əksinə sürməsi, yol hərəkəti qaydalarına üzrlü səbəblərdən poza bilər. Lakin bu halda belə sürücü təhlükəsizlik qaydalarını təmin etməli, sayrışan işıqlardan və mikrofondan istifadə etməlidir.
Sıxlıq yaranan kimi sürücülər əks yola çıxıb, qayda pozurlar. Belə addımı xüsusilə, "Bakubus”un sürücüsünün atması təəssüfləndiricidir. Son illər sərnişinlər tərəfindən inam qazanmış bir şirkətin sürücüsünün belə davranışı cəzasız qala bilməz. Belə qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinə görə, 100 manat cərimə ilə nəticələnə bilər.
Yol polisinin cəriməsindən əlavə sürücünü daşıyıcı, məsul şirkət cəzalandırmalıdır. Təcrübə göstərir ki, belə sürücülər mütləq işdən çıxarılır”.
Belə sürücülərin şirkət imtahanlarından necə keçməsinə diqqət çəkən ekspert söyləyib ki, gec-tez sürücünün içərisindəki xislət özünü göstərir:
"Düşünmürəm ki, sürücünün bir səhvi bütün şirkətin imicinə zərbə vurmalıdır. Bu, yanlış yanaşma olar. "Bakubus”un fəaliyyətini çox yaxından izləyirik. Yol nəqliyyat hadisələri bu şirkətin iştirakı ilə baş verirsə, əksər hallarda qarşı tərəf günahkar olur. "Bakubus”un sürücüləri tərəfindən törədilən xırda hadisələr isə ciddi problem yaratmır. Bu, ondan irəli gəlir ki, əksər yollarımız böyük avtobusların tutumuna uyğun deyil. Sıxlıq vaxtı manevr imkanları zəif olur. Ona görə, xırda toqquşmalar baş verir. Hər halda böyük qəzaların olmaması müsbət haldır”.
Qeyd edək ki, Bakıda "Bakubus” sürücüsünün kobud qayda pozuntusu görüntülənib. Belə ki, "99 – JX – 266” dövlət nömrə nişanlı, 13 nömrəli avtobus əks istiqamətə çıxaraq hərəkət edib.
Təhlükəli vəziyyət yaradan avtobus sürücüsü əks yola çıxdığı azmış kimi, hələ qarşısına çıxan avtomobildən yol da istəyib. Sərnişinlərin həyatını təhlükəyə atan sürücü daha sonra manevr edərək hərəkətə davam edib.
Aysel Aslan