Sakinlər də yığılan pulların hara xərclənəcəyini görəcəklər
“Yoxsa, bizdə adətən belədir; qonşular biri-birini tanımır, mənzildən içəri keçdi, çöldə nə baş verir, hesab edir ki, daha ona dəxli yoxdur”
Çoxmənzilli binalarda yeni idarəetmə üsulları tətbiq ediləcək. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən paytaxtda ayrı-ayrı bələdiyyələrlə, eləcə də Sumqayıt və Mingəçevir bələdiyyələri ilə görüşlər keçirilir. Bu barədə Modern.az saytına adıçəkilən nazirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, Mənzil Məcəlləsinin və bu sahədə qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, həmçinin çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində iş aparılır.
İşlərin davamı olaraq bələdiyyələrlə keçirilən görüşlərdə bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsinin təşkilində yerli özünüidarəetmə orqanlarının rolu, hüquq və vəzifələri, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsi qaydası və digər məsələlər barədə məlumatlar verilib, müvafiq qanunvericiliyin müddəalarını özündə əks etdirən broşurlar və kitabçalar paylanıb, bələdiyyə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, sakinlərin mənzil qanunvericiliyi, eləcə də yeni idarəetmə üsulları barədə məlumatlandırılması məqsədilə Bakı şəhərinin Nizami və Nəsimi bələdiyyələrinin nəzdində, həmçinin Binəqədi rayonunda, Sumqayıt və Mingəçevir şəhərlərində də maarifləndirmə mərkəzləri yaradılıb.
"Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı "Şərq”ə açıqlamasında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının əsasən bələdiyyələrin rolunun artırılması məqsədi daşıdığını bildirdi:
- Burada söhbət idarəetmədə bələdiyyələrin rolundan gedir. Bu istiqamətdə əvvəllər də müəyyən təkliflər olmuşdu. Təkliflər bundan ibarət idi ki, "Mənzil Mülkiyyətçiləri” Müştərək Cəmiyyətləri yaradılsın və bu cəmiyyətlər binaların idarə olunmasında iştirak etsin. Hətta paytaxtın Binəqədi rayonu ərazisində pilot layihə də həyata keçirilmişdi. Doğrudur, pilot layihə gözlənilən nəticəni vermədi. Amma hesab edirəm ki, çoxmənzilli binaların idarə olunmasında müştərək fəaliyyət, kollegial idarə üsulu daha münasibdir. Amma bu o demək deyil ki, idarəetmədə yalnız bina sakinləri iştirak etməlidir. Çünki mənzil idarəediciliyi sahəsində heç bir bilgisi, təcrübəsi olmayan şəxslərin idarəetməyə cəlbi sonra bir sıra problemlər ortaya çıxarır. İdarəetmədə bu sahədə təcrübəyə malik mütəxəssislərin təmsil olunması vacibdir. Bələdiyyələrin binaların idarə edilməsinə cəlbi bu baxımdan müsbətdir. Çünki meydana çıxan problemlərin bir qismini bələdiyyələr öz hesabına həll etmək iqtidarındadır. Bələdiyyələr yerli özünüidarəetmə orqanıdır və müəyyən məsələləri dövlət strukturları ilə həll etmək imkanlarına malikdirlər. Kollegial idarəetmənin müsbət tərəfləri budur ki, mülkiyyətçi binanın idarəolunmasında iştirak edir.
Mənzil mülkiyyətçiləri cəmiyyətləri yaranır, idarə heyəti seçilir, sakinlərdən də burada təmsil olunur. Ayda 1-2 dəfə yığıncaq keçirir, problemlər varsa, həllinə çalışırlar və s. Tariflərə uyğun olaraq ödəmələr də cəmiyyətin hesabına keçir. Bu vəsaitdən binanın problemlərinə sərf olunur. Bu idarəetmə üsulu sakinlərin aktivliyini, binaya cavabdehliyini də artırır. Yoxsa, bizdə adətən belədir; qonşular biri-birini tanımır, mənzildən içəri keçdi, çöldə nə baş verir, hesab edir ki, daha ona dəxli yoxdur. Amma idarəetmədə iştirak edən sakin özünü məsul biləcək, binaya, mənzillərə də məsuliyyətlə yanaşacaq. Çünki sakin biləcək ki, bu bina üçün o da pul ödəyir və binada hər hansı problemin yaranmasına yol vermək istəməyəcək. Xərclənən vəsaitdən də xəbərdar olacaq. Yəni, mülkiyyətçi idarəetməni artıq öz üzərinə götürmüş olur. Bilir ki, hansı problemi var, bunun üçün kimə, hara müraciət etməlidir. Mənzil Tikinti Kooperativlərində isə hazırda vəziyyət yaxşı deyil. Sakinlərdən alınan pulların 70 faizi kooperativin hesabına keçir. Amma o vəsait hara xərclənir, bunu bilən yoxdu. Dövlət mənzilləri artıq xüsusi mülkiyyətə verir. Belə olan halda, çoxmərtəbəli binaların idarə olunmasında mənzil mülkiyyətçilərinin və yerli bələdiyyə orqanlarının müştərək fəaliyyəti vacibdir. Son illər Mənzil İstismar Sahələrinin ləğvi, bələdiyyələrinsə idarəetməyə daha yaxından cəlbi prosesi sürətlənib və hesab edirəm ki, bu, doğru qərardır.
Məlahət Rzayeva