Samir Əliyev: “Korrupsiya ilə bağlı məlumatlar açıqlanan zaman ilk yerlərdə bələdiyyələrin adı gəlir”
Bələdiyyələr tənqiddən nəticə çıxaracaqlar
Vüqar Tofiqli: “Bu mənada prezident haqlı olaraq vurğulayıb ki, bələdiyyə sadəcə olaraq bir muzey, möhür idarəsidir”
Samir Əliyev: “Korrupsiya ilə bağlı məlumatlar açıqlanan zaman ilk yerlərdə bələdiyyələrin adı gəlir”
Samir Əliyev: “Korrupsiya ilə bağlı məlumatlar açıqlanan zaman ilk yerlərdə bələdiyyələrin adı gəlir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bələdiyyə sisteminə toxunub və onların fəaliyyətini sərt şəkildə tənqid edib. Bələdiyyələrin bir növ icra hakimiyyətlərinin filialına çevrildiyini vurğulayan ölkə başçısı deyib ki, bələdiyyənin öz səlahiyyəti var və o fəaliyyəti görmür.
Dövlət başçısı bildirib ki, bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə aparılan işlər dövlət büdcəsi hesabına görülür: "Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu, onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq bir muzey idarəsidir, sadəcə bir möhür idarəsidir. Yəni qanunsuz əməllərə ştamp qoysun! Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son
qoyulmalıdır. Soruşuram ki, bu qanunsuz binalar haradan meydana gəlib, heç kim bilmir. Bu, mümkün deyil. Bu yanğın da bu mənbədən qaynaqlanan hadisədir”.
Prezidentin bələdiyyələrin fəaliyyətsizliyi ilə bağlı çıxışını çox yüksək dəyərləndirdiyini deyən "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin qənaətincə, ölkə başçısı öz iradlarında tamamilə haqlı idi: "Son bələdiyyə seçkilərində formalaşmış 1605 bələdiyyənin əksəriyyətinin faktiki olaraq fəaliyyəti hiss olunmur, yox dərəcəsindədir. Fəaliyyəti olanlar isə bunu ictimailəşdirməkdə çətinlik çəkirlər ki, bu da həmin bələdiyyələrin yeni olması ilə əlaqədardır. 15 min bələdiyyə üzvlərinin 65 faizi ilk dəfədir seçilən insanlardan ibarətdir. Onlar da bələdiyyələrin fəaliyyəti, qanunvericilikdə onlara verilən səlahiyyətlər barədə təcrübəsizdirlər. Əslində elə bələdiyyələrin fəaliyyətsizliyinin bir səbəbi də bu fəaliyyətsizliklə bağlıdır”.
Bununla belə V.Tofiqli hesab edir ki, bələdiyyələr müəyyən mənada Prezidentin sərt tənqidindən özləri üçün bir nəticə çıxaracaqlar. Həm seçiciləri, həm də dövlət və hökumət qarşısında üzərlərinə düşəcək öhdəlikləri yerinə yetirəcəklər.
Bələdiyyələrin qanunsuz əməllərə ştamp qoymaqla məşğul olub-olmadıqlarına gəldikdə isə V.Tofiqli deyib ki, bələdiyyələrin fəaliyyətində bu cür özbaşınalıqlar hər zaman olduğu kimi bu gün də özünü göstərməkdədir: "Bunun qarşısı müvafiq orqanlar tərəfindən alınsa da, hələ ki şəffaflığa nail olmaq mümkün olmayıb. Hesab edirəm ki, yerli əhəmiyyətli yolların salınması və qanunsuz ştampların vurulması ilə bağlı ölkə başçısının xəbərdarlığından sonra bu istiqamətdə müəyyən irəliləyişlər olacaq. Faktiki olaraq vətəndaşlar torpağı icra hakimiyyətlərindən yox, bələdiyyələrdən alır. Dolayısı və ya birbaşa möhür, sənəd işlərini də bələdiyyələr icra edir. Bu mənada prezident haqlı olaraq vurğulayıb ki, bələdiyyə sadəcə olaraq bir muzey, möhür idarəsidir”.
İqtisadçı Samir Əliyev də öz növbəsində prezidentin iradlarını haqlı hesab edir: "Biz vətəndaş cəmiyyəti olaraq bu yöndə iradlarımızı və təkliflərimizi dəfələrlə hökumətə təqdim etmişik. Bizim təkliflər söz yığını yox, araşdırmalara əsaslanmış tövsiyələrdir. Hətta Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda 2003-2012-ci illərdə monitorinq aparıb və bunun nəticələrinə görə tövsiyələr hazırlanıb. Tövsiyələrdə birbaşa vurğulanıb ki, Azərbaycanda bələdiyyələrin nə səlahiyyəti, nə də ona uyğun maliyyə imkanları var. Bələdiyyələr yerli icra hakimiyyətlərinin bir əlavəsidir. Neçə illərdir vurğulanan bu məsələnin, nəhayət, dövlətin birinci şəxsi tərəfindən etirafı müsbətdir”.
Bələdiyyələrin yol çəkilməsi və yerli problemlərdə iştirakı ilə bağlı irada gəldikdə, iqtisadçı dedi ki, bu yanaşma Azərbaycanda fiskal əks mərkəzləşməni ortaya çıxardı: "Neft pulları ölkəyə gələndən sonra əks mərkəzləşmə əvəzinə, mərkəzləşmə prosesi getdi, yəni dövlət bütün səlahiyyət və öhdəlikləri üzərinə götürdü. Halbuki, Avropa Şurasına üzv ölkələrdə birinciyə üstünlük verilir. Normal ölkələrdə dövlət bələdiyyəyə vəsait ayırır, bələdiyyə də yerli problemlərlə məşğul olur. Azərbaycan qanunvericiliyi oxşar addım atmağa imkan versə də, buna gedilmədi. Yol çəkilişini Nəqliyyat Nazirliyi həyata keçirdi, su, qaz problemlərini də müvafiq dövlət orqanları. Dövlətin bunları üzərinə götürməsinin səbəbi ortada çoxlu pulların olmasıyla bağlıydı. İndi neft gəlirlərinin azaldığı vəziyyətdə bələdiyyə yada düşür. İkinci, kənd yollarının çəkilməsi üçün büdcədən ayrılan vəsaitlərin həcmi milyonlarla ölçülür. Ən azı bir neçə milyon manata başa gəlir. Gəlin görək, Azərbaycanda neçə bələdiyyənin büdcəsi milyonla ölçülür? Varmı? 1-2 bələdiyyə ola, ya olmaya. 4-5 min manat büdcəsi olan bələdiyyə bu yolu neçə çəkə bilər? Başqa bir statistik rəqəm, 2014-cü ilin məlumatına görə, Azərbaycanda 1607 bələdiyyənin ümumilikdə büdcəsi 49 milyon manatdır, 2007-ci ildə ən yüksək həddə olub - 50 milyon manat. 49 milyon manatdan götürsək, bu, bir şəhər bələdiyyəsinin illik büdcəsinin 29 min manata yaxın olduğunu göstərir. Əgər bələdiyyələrin 85 faizinin kənd bələdiyyəsi olduğunu nəzərə alsaq, bir neçəsi istisna olmaqla, onların illik büdcəsi 5 min manat civarındadır. Və bələdiyyə sədri, müavini və mühasibinin əməkhaqqını götürsək, sosial müavinətlə elə 5 min yaxın maaş edir. Beləliklə, kənd bələdiyyələrinin büdcəsi üzvlərin maaşına gedir. O zaman bələdiyyə yerdə qalan öhdəliklərini necə yerinə yetirsin? Bütün bunların fonunda bələdiyyələrin imkanı deyilən problemlərin həllinə yardım etməyə imkan vermir. Başqa tərəfdən bələdiyyələrin büdcəsində 20
milyon manata yaxın vəsait abadlaşdırma işlərinə yönəldilir. Amma bu vəsait icra hakimiyyətinin tapşırığına əsasən konkret ərazinin abadlaşdırılmasına yönəldilir. Bu, o deməkdir ki, işi bələdiyyə görsə də, icra hakimiyyətinin adı gedir”.
Prezidentin Respublika Prokurorluğuna tapşırığına gəlincə isə iqtisadçı təəssüflə qeyd edib ki, korrupsiya ilə bağlı məlumatlar açıqlanan zaman ilk yerlərdə bələdiyyələrin adı gəlir: "Bəlkə bir-iki bələdiyyədə belə fakt ola bilər. Ümumən bələdiyyələrin korrupsiyaya bulaşmış qurum olması fikriylə razılaşmıram. Axı bələdiyyələr icra hakimiyyətlərinin razılığı olmadan heç nəyə sərəncam verə bilmir. Bu mənada məsuliyyət daha çox icra hakimiyyətlərinin üzərindədir. Ona görə də bələdiyyələrdə yoxlamadan müsbət nəticə əldə olunacağına inanmıram”.
S.Əliyev hesab edir ki, Prezidentin bu iradı hökumət üçün bir strategiya olmalıdır ki, bələdiyyələrə əlavə səlahiyyətlər və ona uyğun maliyyə verilməsinə başlanılsın: "Hər il dövlət büdcəsindən bələdiyyələrə 5 milyon manat büdcə ayrılır, bu, kiçik rəqəmdir. Halbuki, xarici ölkələrdə bələdiyyə büdcələrinin 50 faizindən çoxu dövlətin maliyyə yardımı təşkil edir, bizdə bu rəqəm 10 faizdir. Bu baxımdan hökumətin islahatlara gedəcəyinə ümidvaram, yəni bu gedişat səlahiyyət şəklində olmalıdır. Bunun üçün maliyyə ayrılmalıdır, əks təqdirdə bələdiyyələr vəzifələrini yerinə yetirə bilməyəcək”.
Şəymən