“Bəlkə də ölməyimi gözləyirlər”

Tahir Kərimli: “Ömrümdə bircə dəfə yaxın qohumumdan ötrü bir nəfərə ağız açmışam, lakin o da alınmayıb”



Azərbaycanda əksər müxalifət partiyaları qarşıdan gələn parlament seçkilərinə ciddi hazırlıq görürlər. Amma müxalif təşkilatlardan fərqli olaraq ölkənin iqtidaryönlü partiyalarında seçki hazırlığı müşahidə olunmur. Mətbuata açıqlama verən iqtidaryönlü partiya rəhbərləri hələlik gözləmə mövqeyində olduqlarını, seçkiyə avqust-sentyabr aylarından sonra başlayacaqlarını deyirlər.

Düşərgədəki süstlüklə bağlı "Şərq”in suallarını cavablandıran Vəhdət Partiyasının rəhbəri, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli mövcud durumla və digər məsələlərlə bağlı qəzetimizə maraqlı açıqlamalar verib.

- Tahir bəy, niyə iqtidaryönlü partiyalar parlament seçkilərinə ciddi hazırlaşmır?

- Vallah bilmirəm, indiki mövqeyimiz arxayınçılıqdır, ya müvəqqəti gözləmədir, amma vəziyyətimiz budur. Vəhdət Partiyasında da vəziyyət fərqli deyil. Fikrimcə, zəif fəaliyyətimiz Azərbaycandakı mövcud ictimai-siyasi proseslərlə bağlıdır. Hamı bilir ki, indi ölkənin bütün elitası, siyasi rəhbərliyi iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlaşır. Bütün qüvvələr buna cəlb olunub. Düşünürəm ki, oyunlar bitdikdən sonra iqtidaryönlü partiyalar da seçkiyə ciddi hazırlaşacaqlar. Onsuz da, indi namizədlər rəsmi şəkildə irəli sürülə bilməz.

- Partiyanızda seçki ilə bağlı məsələlər müzakirə olunurmu?

- Əlbəttə, müzakirələr aparırıq. Ələlxüsus da, Vəhdət Partiyasının seçkiyə necə, hansı formada qatılmasını müzakirə edirik. Bilirsiz, elə vaxt olub ki, 46 namizədlə parlament seçkilərində iştirak etmişik. Ancaq heç vaxt uğur qazana bilməmişik. Ona görə də ciddi şəkildə seçkiyə qatılıb-qatılmamaqla bağlı götür-qoy edirik. Hələlik fikrimiz odur ki, ancaq konkret şans yaranarsa, seçkidə iştirak edək.

- Digər iqtidaryönlü partiyalarla əməkdaşlıq etmək fikriniz varmı?

- İqtidaryönlü partiyaların koordinasiyasını yaratmaq istəyirik. Amma hakim Yeni Azərbaycan Partiyası o qədər qüvvətlidir ki, belə bir koalisiyaya ehtiyac görmür. Hakim partiyanın özünə yaxın digər təşkilatlara ehtiyac duymaması isə bizim düşərgədə süstlük yaradır. Bu baxımdan hələlik gözləmək məcburiyyətindəyik.

- Yəni seçkiyə qatılmağınız hakim partiyanın qərarından asılı olacaq?

- Çox vaxt bu barədə fikrimi deyəndə başqa media qurumları tərəfindən tənqidlərə məruz qalıram. Ancaq etiraf etmək lazımdır ki, hakim partiyanın yardımı olmadan heç bir namizədin uğur qazanmaq şansı yoxdur. Çünki YAP çox böyük şəbəkəyə və geniş imkanlara malikdir. Sirr deyil ki, onların dəstəyi olmadan iqtidaryönlü partiyaların işi çətin olur. Ona görə də çalışırıq YAP-la birlikdə müəyyən koordinasiya işləri quraq. Əgər blok şəklində birləşməyimiz mümkün olmasa belə, ən azından namizədlərin birgə təbliği və müdafiəsi çərçivəsində razılığa gələ bilərik.

- Əgər razılıq olarsa, namizədliyinizi verəcəksinizmi? Deputat olmaq istəyiniz varmı?

- Təbii ki, parlamentdə təmsil olunmağı istəyirəm. Ancaq təəssüflər olsun ki, iqtidaryönlü mövqe tutandan sonra dəfələrlə cəhd etməyimə baxmayaraq, Milli Məclisə düşə bilmədim. Bu, ürəyimi çox göynətdi. Amma əminəm ki, mənə səs verənlər, dəstəkləyənlər çox idi. Ona görə deyirəm ki, əgər seçilmək şansımdan yüzdə-yüz əmin olmasam, seçkiyə qatılmayacam.

- Bəy, sosial şəbəkələrdə haqqınızda bəzi fikirlər yazılıb. Həmin iddialara da münasibətinizi öyrənmək istərdim. Məsələn, deyirlər ki, "Tahir Kərimli niyə dolanışığından şikayət edir? O, köhnədən qalan obyektləri ilə özünü də saxlayır, partiyasını da”. Yüksək vəzifələrdə çalışmış şəxs kimi gəlir əldə etdiyiniz obyektləriniz varmı, yaxud nə vaxtsa olubmu?

- Bax, bu cür ittihamlara, təhqirlərə tuş gəlməmək üçün sosial şəbəkələrdən qaçıram. Yəni virtual aləmdən uzaq dururam. O ki qaldı dolanışığıma, mən ağlamıram, heç kimdən heç nə ummuram. Kiməsə yalvarmıram ki, sosial vəziyyətimə görə mənə yardım eləsin. Öz taleyimi xalqımın taleyindən kənarda görmürəm. Obyektlərim olduğunu söyləyən insanlara ayıb olsun. Mən Ali Məhkəmənin sədri olmuşam, rüşvətxor bir sistemdə rəhbər vəzifədə çalışmışam. Özü də həmin dövrdə apelyasiya daxil olmaqla bütün məhkəmə sistemləri Ali Məhkəmənin tərkibində idi. İnanın Allaha, vaxt olub ki, 60-70 qəpiyə də ehiyac duymuşam, amma bir qəpik də olsun rüşvət almamışam. Göydə uçan quş da mənə şər ata bilməz ki, guya kimdənsə rüşvət almışam, özümə obyektlər tikmişəm və s. Vallah, söz tapmıram deməyə, necə ürəkləri gəlib mənim haqqımda o cür ittihamlar səsləndiriblər?!

- Bəlkə yaxınlarınızın obyektlərini sizin adınıza çıxırlar?

- Tam səmimi deyirəm, mənim, qardaşlarımın və balalarımın nəinki iri obyektləri, heç balaca mağazamız belə yoxdur. Bugünə qədər də olmayıb. Heç qohumlarım və ailə üzvlərim hansısa vəzifədə də çalışmırlar. Şikayətim də bundandır. Üzr istəyirəm, bu dövlətin adında istiqlalçı deputat kimi imzam var. Əgər mənim övladım ən adi bir işdə belə çalışmırsa, bu, normal hal deyil. Əlbəttə, demirəm ki, kiminsə uşağı işsiz ola-ola sadəcə mənim övladım işləsin. Amma mənim şikayət etməyə daha çox haqqım var. Yoxsa heç kimə yalvarmaq fikrim yoxdur. Mən dünya malına göz yummuş adamam. Bəlkə də yeganə insanlardanam ki, xalq hərəkatına qoşulanda və bir rayonun hakimi olanda maddi imkanlardan, var-dövlətdən xalqım naminə imtina etmişəm. Amma çoxları vəzifəyə var-dövlət yığmaq üçün gəlir.

- Sizcə, ittihamların arxasında kim dayanır, niyə sizi hədəf seçirlər?

- Şübhəsiz ki, məni sevməyənlər, hədsiz istəməyənlər var. Çünki uzun illər iqtidara da, müxalifətə də müxalif olmuşam. Hər iki tərəfi tənqid etmişəm. Yəqin, özümə xeyli "düşmən” qazanmışam. Görünür, məni həzm edə bilmirlər. Bəlkə də ölməyimi gözləyirlər. Öz qulağımla eşitmişəm, deyirdilər ki, "bircə bu ölüb getsəydi, canımız qurtarardı”. Başqa nəyim var ki, məni qısqansınlar?! Mən də hamı kimi normal yaşamaq istəyirəm.

- Dolanışıqla bağlı ciddi probleminiz varmı?

- Şübhəsiz, çətinlik çəkirik. Allahdan gizli deyil, bəndədən nə gizlədim. İstəyirəm ki, özüm və ətrafım normal işlə təmin olunsun. Amma bunu yalvarmaq üçün, şikayət üçün demirəm. Ömrümdə bircə dəfə yaxın qohumumdan ötrü bir nəfərə ağız açmışam, lakin o da alınmayıb. Ondan başqa heç kimin qapısına getməmişəm. Mən öz taleyimlə barışmış adamam. Ölümümü gözləyən adamam. Ancaq hər halda siyasi partiya rəhbəriyəmsə, qurumun varlığını qorumaqdan ötrü mübarizə aparmalıyam.

- Vəhdət Partiyasında çalışan şəxslərə maaş verirsinizmi?

- Yox, təəssüflər olsun ki, elə bir imkanımız yoxdur. Çox ağır bir durumdayıq. Qərargahımızda, sədr aparatında çalışanlar, müavinlərimiz və şöbə müdirlərimiz müəyyən xırda yerlərdə işləyərək özlərini dolandırırlar. Yəni əqidəmizə, ideyamıza görə birtəhər dözürük. Camaat necə, biz də elə”.

İsmayıl