Bəlkə o qızın qanında erməni qanı var

Ramil Səfərovun atası Milli Qəhrəmanımızı təhqir edən psixoloqun cəzalandırılmasını tələb edir



Bu günlərdə psixoloq Nərmin Şahmarzadənin sosial şəbəkədə xalqımızın qəhrəman oğlu, qanı ilə tarix yazmış Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı status sözün əsl mənasında gündəmi zəbt edib. Baş verənlər cəmiyyətdə olduqca sərt reaksiyalara səbəb oldu. Demək olar ki, bu reaksiyalar yenə də davam edir. Müxtəlif sosial şəbəkələrdə N.Şahmarzadənin əleyhinə səhifələr və #nerminsahmarzadereddolsunbutorpaqlardan adlı haştaqlar yaradılıb.

Milli qəhrəmanlarımızı və dəyərlərimizi təhqir edən antimilli ünsürlərlə zaman-zaman rastlaşmışıq. Bu cür fikirlər səsləndirənlərin hansı məqsədlə belə addım atmaları sual altındadır. Xalqın milli qəhrəmanlarına və şəhidlərinə qarşı təhqir səsləndirənlərin məsuliyyətə cəlb olunması, dövlət səviyyəsində tədbirlərin görülməsi mütləqdir.

Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, Milli Qəhrəman Mübariz İbrahimovu tənqid edən psixoloq N.Şahmarzadə məhkəməyə veriləcək. O bildirib ki, hazırda hüquqşünaslarla məsləhətləşmələr aparılır: "Çünki burada yalnız şərəf və ləyaqətin təhqir olunması deyil. Azərbaycan müharibə şəraitindədir və bu tipli açıqlamalar vətənpərvərlik ruhunu aşağı salır. Bu baxımdan, biz birlik göstərərək, bu qızın hüquq çərçivəsində cəzalandırılmasına çalışmalıyıq. Mən bu fikirləri ölkəmizə qarşı təxribat hesab edirəm”.

S.Adıgözəlli deyib ki, lazımi materiallar toplanandan sonra N.Ələkbərzadə məhkəməyə veriləcək: "Bu, bizim konkret fikrimizdir. Artıq sübutlar toplanır”.

Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov N.Şahmarzadənin məhkəməyə verilməsinə münasibət bildirib. R.İbrahimov deyib ki, xalq sözügedən şəxsə lazımi cavabı verib: "Atam dəfələrlə çıxışlarında deyib ki, Mübariz bütün xalqın övladıdır. Bu məsələdə də xalq öz mövqeyini ortaya qoydu. Mən başqa nəsə danışmaq istəmirəm”.

Qeyd edək ki, psixoloq milli qəhrəmanımız haqqında səsləndirdiyi fikirlərə görə Mübariz İbrahimovun ailəsindən üzr istəyib. O, bu barədə sosial şəbəkədə video yayıb.

Qəhrəman zabitimiz Ramil Səfərovun atası Sahib Səfərov baş verənlərlə bağlı "Şərq”ə açıqlama verib. S.Səfərov milli qəhrəmanımız haqqında səsləndirilən fikirlərdən narahat olduğunu bildirib: 

"Hesab edirəm ki, o xanım hansısa qüvvələrin təsiri ilə şəhidlərimizi və milli qəhrəmanlarımızı təhqir edir. Cəmiyyətin bir fərdi olaraq bu olanlardan çox narahatam. Bizim torpaqlarımız işğal altındadır. Həmin qız iddia edir ki, Mübariz döyüş şəraitində canından olmayıb. Hərbinin öz qanunları var. Bütün əsgərlərimiz də həmin qanunlara əməl etməlidirlər.

 Ermənilər artıq 30 ilə yaxındır ki, işğalçılıq siyasətini davam etdirirlər. Bu cür antimilli insanlar milli qəhrəmanlarımıza və dəyərlərimizə hörmətsizlik edirlər. Təbii ki, onların belə əməlləri ilə qəhrəmanlarımız gözdən düşəsi deyil. Belə bir məsəl var, "milçək bir şey deyil, amma ürək bulandırır".

Hesab edirəm ki, bu məsələ ilə hüquq-mühafizə orqanlarımız məşğul olmalı, cəmiyyətin etirazına reaksiya verməlidirlər. Bəlkə həmin qızın qanında erməni qanı var. 

Bu məsələ ilə bağlı hüquq-mühafizə oqranları ciddi araşdırma aparmalı, ortaya çıxartmalıdırlar ki, həmin xanım kimdir və məqsədi nədir.
Qəhrəmanlarımız, milli dəyərlərimiz təhqir olunmamalıdır. Bir vaxtlar oğlum Ramil Səfərovu da gözdən salmaq üçün kampaniyalar aparırdılar. Həmin insanlar da antimilli qüvvələr idi. Amma xalqımız müdrik xalqdır, bu cəfəngiyyatlara aldanmadı”.

Yeganə Bayramova