"Bəs təhsilimiz inkişaf edirdi?!"

Kamran Əsədov:"Düşünün, 1996-cı ildə də abituriyentlər 150 balla tələbə adını qazanırdılar, 26 il sonra da eyni vəziyyətdir""125 sualdan cəmi 15-nə cavab verən abituriyent tələbə adını qazanıb, əmək bazarına daxil olur”
"I ixtisas qrup üzrə 39 ixtisasda, II qrupda 56, III qrupda 14 və nəhayət IV qrupda olan 14 ixtisasda abituriyentlərə 150 balla ali məktəbə qəbul şansı yaradılıb”.
Bunu "Sherg.az”a tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib. 
O bildirib ki, bu il abituriyentlərə sözügedən ixtisasları seçmək üçün fənlər üzrə minimum bal məhdudiyyəti qoyulmur, hətta dövlət sifarişli ixtisasları seçmək imkanı verilir:
"Bu ixtisas qruplarında 200 bal toplayan abituriyentlər hər hansı fəndən sıfır bal toplasa belə, ixtisas seçiminə buraxılır. Maksimum nəticə 700 baldırsa, 150-200 balla qəbul olan abituriyentlər belə çıxır ki, orta məktəb proqramının yarısını belə mənimsəməyiblər. Təqdim edilən 125 sualdan cəmi 15-nə cavab verən abituriyent tələbə adını qazanıb, əmək bazarına daxil olur”.
Ali məktəblərin tədris keyfiyyətinin aşağı olduğunu qeyd edən K.Əsədov zəif bilikli şəxslərin universitetlərə göndərilməsini düzgün hesab etmir:
"Çünki bu abituriyentlər aşağı nəticə göstərib və ali məktəbdə bilikləri daha da zəifləyir. Əmək bazarında seçim etdikdə isə ali məktəb məzunlarının savadsızlığından şikayətlənirik. Halbuki biz, başından seçimi düzgün aparmırıq. Məsələn, dünya reytinqində adı olan universitetlər keçid planını dəyişmir, keçid göstəricisini aşağı salmırlar. 
Biz isə aşağı nəticə göstərənlərə keyfiyyətsiz ali təhsil veririk. Nəticədə əmək bazarında da keyfiyyətli kadr qıtlığı hökm sürür. Ona görə, insanlar daha çox xarici ölkələrə üz tuturlar. Çünki abituriyentlər attestatla xarici universitetlərə getsələr, belə keyfiyyətli ali təhsil ala bilirlər. Bəzi xarici universitetləri çıxmaqla, əksəriyyətində şəxsiyyətin yetişməsi, kadr hazırlığı yüksək səviyyədədir.
Azərbaycanda ali məktəbləri bitirənlərin cəmi 42 faizi işlə təmin edilib. Çünki ali məktəblər keyfiyyətli kadr hazırlığı həyata keçirə bilmirlər. Ona görə, universitetlər konkret mövqelərini ortaya qoymalıdırlar. Nümunə olaraq, Bakı Ali Neft Məktəbi hətta ödənişli ixtisaslara belə keçid balını 500 müəyyən edib. Azərbaycan Diplomatik Akademiya isə keçid balını 400 qoyub. Düşünün, 1996-cı ildə də abituriyentlər 150 balla tələbə adını qazanırdılar, 26 il sonra da eyni vəziyyətdir. Bəs təhsilimiz inkişaf edirdi?
Bu gün ölkəmizdə strateji əhəmiyyətli ixtisaslar üzrə keyfiyyətli kadrlara ehtiyac var. Amma qeyri-neft sektoru, kənd təsərrüfatı ixtisaslarına qəbul olmaq üçün 150 bal keçid müəyyən edilib. Bu, düzgün deyil”.
Qeyd edək ki, "Abituriyent 4” jurnalında göstərilən məlumata görə, 2018-2019-cu tədris ilində IV ixtisas qrupunda minimum 150 bal toplayan abituriyentlər 14 ixtisas üzrə 470 plan yerini seçə bilərlər. Bu plan yerləri 5 universitetə aiddir və abituriyentlərə fənlər üzrə nisbi bal məhdudiyyəti də qoyulmur.
Aysel Aslan