Beynəlxalq Qızıl Xaç Komitəsi yalan danışır

“Bizə məktub gəlməyib”



Bu günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara - Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkiblər.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, qurum nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar: "BQXK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun”. Məlumat üçün bildirək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev isə məlumatı təkzib edib. O qeyd edib ki, Ş.Quliyevdən ailəsinə heç bir məktub gəlməyib: "Heç bir məlumatımız yoxdur. Bizə məktub gəlməyib. Onlar deyirlər ki, məktub verilib. Onların danışmağı ilə deyil ki. Fakt odur ki, bizə heç nə təqdim olunmayıb. Hələ bir şey yoxdur. Düzdü, deyirlər ki, girovlarla görüşüblər. Amma bizə onların sağlıq durumu ilə bağlı yeni məlumat verilməyib”.

Ayyət Əhməd