Beynəlxalq təşkilatlar girovlarımızı azad etmək fikrində deyil

Bunu Azərbaycan dövləti özü edəcək, müxtəlif variantlar var



"Yaqlandın sözünün əvvəli düzdür, onlar prosesləri diqqətlə izləyirlər.
Ancaq nəyəsə çalışdığını söyləməsi qeyri-səmimi və riyakar ifadədir”

Millət vəkili Qənirə Paşayeva AŞ PA-nın baş katibi Törborn Yaqlandı ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün addımlar atmağa çağırıb. Deputatın çağırışına cavab verən baş katib Yaqland sözügedən məsələnin onu xüsusilə narahat etdiyini və vəziyyətin gedişatını diqqətlə izlədiyini deyib:

"İndi bu məsələdə nə edə biləcəyimi sizə söyləsəm, çox güman ki, bir nəticə verməz. Amma sizi əmin edə bilərəm ki, vəziyyəti müsbət tərəfə dəyişməyə çalışıram”. Baş katibin sözlərinə münasibət bildirən millət vəkili Elman Məmmədov bildirib ki, Yaqlandın sözünün əvvəli düzdür, onlar prosesləri diqqətlə izləyirlər. Ancaq nəyəsə çalışdığını söyləməsi qeyri-səmimi və riyakar ifadədir: "Necə olur ki, Avropa Şurası kimi nüfuzlu bir qurum özünün üzvü olan təcavüzkar, cırtdan bir dövlətə öz iradəsini qəbul elətdirə bilmir?! Bu, absurd və qeyri-mümkündür. İllərdir ATƏT-in, həmsədr ölkələrin, BMT-nin və digər qurumların rəsmiləri deyirlər ki, guya onlar erməniləri razı salmağa çalışırlar və s. Bunların hamısı yalandır. Əgər hər hansı çalışmadan söhbət getsəydi, biz mütləq nəticəsini görərdik, ən azından hiss edərdik. Ermənistana heç bir ciddi təzyiq və tələb yoxdur. Sadəcə "xala xətrin qalmasın” deyə arada müəyyən sözlər deyirlər və "məsləhət” görürlər ki, özümüz aramızda razılaşaq. Axı burda söhbət iki günahsız mülki insanın erməni işğalçıları tərəfindən girov götürülməsindən gedir. Necə yəni özünüz razılaşın, nəyə razılaşaq?! Bəlkə də Avropa Şurası səlahiyyəti çərçivəsində Ermənistandan ciddi tələb etsəydi, girovların azad edilməsinə nail olmaq olardı”.

Deputat deyib ki, Azərbaycan dövləti ən yüksək səviyyədə vətəndaşlarının azad olunması üçün əlindən gələn bütün işləri görür və bundan sonra da görəcək: "Heç bir beynəlxalq təşkilat girovlarımızı azad etmək fikrində deyil. Bunu Azərbaycan dövləti özü edəcək. Bunun üçün müxtəlif variantlar da var. Məsələn, ən sadə variant əlimizdə olan erməni hərbi və ya mülki əsirlərlə, cəbhədə murdar olan erməni ölüləri ilə azərbaycanlı girovların dəyişdirilməsidir”.

İsmayıl