Bəzən bir gündə ilanla bağlı 50 çağırış edilir

“Sovetski”də zəhərli ilanlar da ola bilər, adi su ilanları daBakıda ən çox rast gəlinən xaltalı eyrenis ilanıdır. Onun boynunun ardında qara zolağı var, ona görə belə adlanır. Ən təhlükəli və zəhərli ilan gürzədir
Bakının köhnə məhəlləsi "Sovetski” tarixə sakitcə qovuşmaq istəmir. Söküntü işlərinin gurultusuna, qalaq-qalaq daş-kəsək yığnağına, ilanlar da əlavə olunub. "Sovetski” sakinləri söküntü işləri başlanandan məhəllə yollarında, həyətlərdə ilanların peyda olduğunu deyir. Əhali təşviş içindədir.
Məlumdur ki, burada hələ sökülməmiş və ümumiyyətlə, sökülməyəcək evlər, tarixi binalar da var. Demək ki, "Sovetski”də yaşayış davam edir. Belədə əhalinin təhlükəsizliyinin təminatı birinci şərt olmalıdır. Amma sakinlər xeyli müddətdir ilan qorxusu altında yaşadıqlarını dilə gətirsələr də, problemlə maraqlanan yoxdur. Yasamal Rayon İcra Hakimiyyəti də məsələdən xəbərsiz olduğunu bildirib. RİH-nin memarı Eyvaz Bağırov Modern.az saytına ilan təhlükəsi ilə bağlı hər hansı şikayət almadıqlarını deyib.
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri Sahib Əhmədov isə "Şərq”ə açıqlamasında təhlükənin real olduğunu dedi:
- İlanlar şəhərin hər yerində ola bilər. Xüsusən də, söküntülər, dağıntılar olan ərazilərdə. "Sovetski”də bu saat söküntü işləri aparılır, köhnə evlər uçurulur. İlanlar adətən evlərin bünövrəsində, hörgülərin arasında, divar boşluqlarında, sahibsiz yerlərdə yuva salırlar. Ehtimal var ki, uçurulan evlərin bünövrələrində, divarlar arasında ilanlar olsun. Söküntü işləri aparıldığı üçün ilanlar yuvalarından çıxır, daha sakit, təhlükəsiz yer axtarırlar. Bakının bir çox məhəllələrində də ilanlar var. Bizim Zoologiya İnstitutunun həyətində 8 ilan tutmuşam. Bura Bakının köhnə məhəlləsi - Çəmbərəkənd ərazisinə yaxındır. Həmçinin ANS telekanalının yerləşdiyi ərazidə də dəfələrlə ilan tutub zərərsizləşdirmişik. Amma bu ilanlar zəhərli olmur. Zəhərli ilanlara, daha çox Bakının ətraflarında rast gəlinir. Məsələn, bizə Şüvəlan, Buzovna, Bilgəhdən, Bakının Qaraçuxur qəsəbəsindən çağırışlar olub. Bəzən 1 gündə 50 çağırış edilir. Onların hamısına cavab vermək, çağırılan yerə getmək, faktiki bizim gücümüz xaricindədir. Birinci növbədə çağırışa getmək üçün institut rəhbərliyinin icazəsi olmalıdır. Gərək avtomobil olsun ki, çağırılan yerə gedə bilək. Laboratoriya əməkdaşlarının sayı da məhduddur. Ona görə də biz bütün çağırışlara gedə bilmirik.
S.Əhmədov "Sovetski” sakinlərinin təhlükəsizliyinin ciddi məsələ olduğunu da bildirdi:
- "Sovetski”də zəhərli ilanlar da ola bilər, adi su ilanları da. Su ilanları kanalizasiya xətləri ilə həyətlərə, su qurğularına yaxın yerlərə gəlir. Amma onlar təhlükəsizdir. Əhali ilanları tanımadığı, onlarla necə davranmalarını bilmədikləri üçün qorxurlar, təşvişə düşürlər. İlanın adı insanlarda xof yaradır. Bakıda ən çox rast gəlinən xaltalı eyrenis ilanıdır. Onun boynunun ardında qara zolağı var, ona görə belə adlanır. Ən təhlükəli və zəhərli ilan gürzədir. Amma dediyim kimi, o daha çox şəhərətrafı zonalarda olur.
S.Əhmədov əhalinin təhlükəsizliyini təmin etməyə hazır olduqlarını dedi:
- Biz əhaliyə kömək etməyə hazırıq. Amma bildiyim qədər, bu məsələ ilə Fövqəladə Hallar Nazirliyi məşğul olmalıdır. Yaxşı olardı ki, FHN sürünənlərlə mübarizə istiqamətində bir qurum yaratsın. Biz FHN-lə əməkdaşlıq etməyə hazırıq. Çünki hazırda bizim laboratoriyadan başqa bu işlə məşğul olan ikinci bir orqan yoxdur. FHN-dən də bizə bəzən müraciətlər edilir. Amma dediyim kimi, bütün çağırışlara cavab vermək imkanımız yoxdur. Bunun üçün bizim laboratoriyanın iştirakı ilə xüsusi qurum yaradılmalı, əməkdaşlar əmək haqqı ilə təmin edilməlidir. Bu vəziyyətdə insanların maarifləndirilməsi vacibdir. Laboratoriya əməkdaşlarına şərait yaradılsa, ərazilərə gedib əhalini məlumatlandırarlar.
Laboratoriya müdiri əhaliyə məsləhət də verdi:
- Gərək insanlar ilanlardan qorxmasın. Əgər insan ilana dəymirsə, o heç vaxt insanı sancmaz. Xüsusi ilanqovucu vasitələr də var. Həyətlərdə divar dibinə, zirzəmilərə, ilanın gələ biləcəyi ehtimal edilən yerlərə naftalin dərmanı qoymaq, kükürd tozu səpmək olar. Bu preparatlar mağazalarda, apteklərdə satılır. Bu tip iyli maddələr ilanların yaxına gəlməsinə mane olur. Bundan başqa, xüsusi yapışqanlı vasitələr də var ki, onlardan istifadə etmək məsləhətdir. Yapışqanlı vərəqləri həyət qapılarının qarşısına, divar diblərinə qoysalar, ilan da, digər sürünənlər, gəmiricilər də ona yapışıb hərəkət edə bilməyəcəklər.
İnsanlar bilsin ki, ilan daimi sakin deyil. O daim özünə sərin, gizli, sakit yer axtarır. İnsanlar gərək ilanları öldürməsin. Bu, qeyri-humanist addımdır. İlan gördükdə mütəxəssislərə müraciət etsinlər. Biz ilanları tuturuq və adətən təbiətə buraxırıq.
Məlahət Rzayeva