“Bilirlər ki, biabır olacaqlar”

Səxavət Əlisoy: “Məhsul” stadionunu 200 insanla doldura bilmirsə, hansı mitinqdən, yürüşdən danışırlar?”



Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası tərəfindən aprelin 19-na planlaşdırılan yürüşün keçirilməsini məqsədəuyğun görməyib. Bu barədə BŞİH-dən məlumat verilib. Qurum rəsmisi bildirib ki, planlaşdırılan yürüşün ərazisi nəqliyyatın intensiv hərəkət etdiyi ərazi olduğundan yürüşün keçirilməsinə icazə verilməyib.

Meriya Müsavata aprelin 19-na planlaşdırdıqları yürüşün əvəzinə "Məhsul” stadionunda mitinq keçirməyi təklif edib. Amma qarşı tərəf bundan imtina edib. Məsələyə münasibət bildirən partiyanın başqan müavini Elman Fəttah deyib ki, icra hakimiyyətinin partiyaya bu cür seçim təklif etməsi kütləvi aksiyaların keçirilməsini məhdudlaşdırır. E.Fəttahın sözlərinə görə, partiya yürüş keçirmək qərarında qətidir: "Biz aprelin 19-da metronun "20 Yanvar” stansiyası yaxınlığından başlayaraq Həsən bəy Zərdabi küçəsindən keçməklə İdman Sağlamlıq Kompleksinə qədər yürüş edəcəyik. Bu, 2005-ci ilə kimi müxalifətin ən çox yürüş-mitinq keçirdiyi marşrutdur”.

Müsavat Partiyası Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı da deyib ki, onlar meriyaya mitinq deyil, yürüşün razılaşdırılması üçün müraciət ediblər: "Biz mitinq təklifindən imtina etmişik, çünki fikrimiz yürüş keçirməkdir. Bakı Şəhər İcra Hakimiyyəti on ildir ki, yürüş keçirilməsinə icazə vermir”. G.Aslanlı bildirib ki, BŞİH-dən yürüşlə bağlı rəsmi cavab verildikdən sonra partiya məsələni müzakirə edib, qərar verəcək.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə heyətinin üzvü Səxavət Əlisoy Müsavatın yürüş təklifində israrlı olmasını tənqid edib: "Partiyanın hansı vəziyyətdə olması hamıya bəllidir. Müsavat artıq parçalanmış vəziyyətdədir. Əgər onlar keçmiş "Məhsul” stadionunu 200 insanla doldura bilmirsə, hansı mitinqdən, yürüşdən danışırlar? İndi də təkbaşına yürüş etmək istəyirlər. Çünki yaxşı bilirlər ki, növbəti mitinqdə lap çox biabır olacaqlar”.

İsmayıl