Müəllimlər yenə imtahana çəkilir
Təhsil Nazirliyi son günlər Bakı mək təblərində müəllimlərin imtahanlara cəlb edilməsi və biliklərinin yenidən yoxlanılması ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, nazirlik tərəfindən Bakıda diaqnostik qiymətləndirmə zamanı nəticəsi yüksək olmayan müəllimlər üçün ixtisasartırma təlimləri keçiriləcək. O həmçinin hazırda ixtisasartırma təlimləri üçün paytaxt məktəblərinin müəllimlərinin ilkin dəyərləndirməsi aparıldığını deyib.
C.Valehovun sözlərinə görə, diaqnostik sınaq qiymətləndirmədə 50 faizdən aşağı nəticə göstərən müəllimlər fəaliyyət göstərdikləri ixtisas bilikləri üzrə ilkin dəyərləndirməyə cəlb olunacaq: "İlkin dəyərləndirmə heç bir imtahan xarakteri daşımır. Bu proses təxminən 1500 müəllimi əhatə edəcək. İlkin mərhələdə, bu günə kimi artıq 700-ə yaxın müəllim dəyərləndirmədən keçib. Həmin müəllimlər göstərdikləri bilik səviyyələrinə uyğun olaraq, qruplaşdırılacaq və ixtisas biliklərinin artırılması məqsədilə ixtisasartırma təlimlərinə cəlb olunacaq”.
Bakı məktəblərində müəllimlərin imtahanlara cəlb edilməsi və biliklərinin yenidən yoxlanılması ilə bağlı yaranan narazılıqların absurd olduğunu deyən
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, nazirliyin həyata keçirdiyi diaqnostik qiymətləndirmə heç də pis proses deyil: "Bu imtahan əsasən müəllimlərin metodiki səviyyəsinin, ixtisas biliyi və təşkilatçılığının üzə çıxarılması üçün keçirilir. Nəticələrdən sonra isə bəlli olur ki, hansı müəllimin məlumatlılıq dərəcəsi nə qədərdir? Təbii ki, ən yüksək nəticə göstərənlərlə bərabər, zəif nəticə göstərənlər də olur. Zəif müəllimlərə isə istiqamətlər göstərilir ki, öz üzərlərində işləsinlər. Yüksək nəticə göstərənlərə isə öz təcrübələrini yaymaq tövsiyə edilir”.
Ekspert hesab edir ki, qiymətləndirmə zamanı müəllimlərə qarşı heç bir ədalətsiz münasibət sərgilənmir. Qiymətləndirmədən yüksək qiymət alan müəllimlərin dərs saatları və əməkhaqları artırılır. Test imtahanlarından, müsahibələrdən keçə bilməyən müəllimlərə isə yenidən imtahan üçün şərait yaradılır. Yenə deyirəm, diaqnostik qiymətləndirmənin heç bir mənfi təsiri yoxdur. Amma bir məsələ var ki, gələcəkdə bu qiymətləndirmə zamanı müəllimləri sorğu-sual etməkdənsə, onların dərsləri dinlənilsə, daha yaxşı olar.
Ə.Ağayev sonda qeyd edib ki, müəllimlərin qiymətləndirilməsi ilə bağlı monitorinqlərdə iştirak edənlər mütləq monitorinqdən çıxmış adamlar olmalıdır.
Şəymən