“Bizim yazarlar elə bilir ki, onların kitabı satılmayanda, anbarda qalanda mən bundan ləzzət alıram”
“Bir bəyanat yaysam, qiyamət qopar, istəmirəm”
Nigar Köçərli: “Bilirəm ki, qalmaqal böyüyəcək, kitabları satılmayanlar məndən inciyəcək”
“Bizim yazarlar elə bilir ki, onların kitabı satılmayanda, anbarda qalanda mən bundan ləzzət alıram”
“Bizim yazarlar elə bilir ki, onların kitabı satılmayanda, anbarda qalanda mən bundan ləzzət alıram”
"Yaxşı əsər satılır, oxunmayan əsərlər də anbarda qalıb, üstünü toz basır. Bunun günahını niyə bizdə görürlər axı?”
"Əli və Nino” kitab evi ətrafında başlanan qalmaqal davam edir. "Əli və Nino”nun fəaliyyətini qərəzli hesab edən yazarlar mağazanın rəhbəri Nigar Köçərliyə qarşı tənqidlə kifayətlənməyiblər. Artıq sosial şəbəkələrdə, müxtəlif portallarda "Əli və Nino” kitab mağazasını boykota çağıran kampaniya başlayıb. Bir qrup gəncin başlatdığı kampaniya gündən-günə genişlənir. Nigar Köçərli isə "qara piar” da bir reklamdır deyib, ona qarşı aparılan bu kampaniyanı çox soyuqqanlı qarşılayıb.
- Maraqlıdır, "Əli və Nino” kitab mağazasına qarşı aparılan boykot kampaniyasına reaksiyanız necə oldu?
- Yazarların "Əli və Nino” kitab mağazasına qarşı başlatdığı boykot kampaniyasını kifayət qədər müsbət qarşıladım. Reaksiyam isə müsbətdir. Son zamanlar "Əli və Nino”nun reklamı çox aşağı idi. Biz nə qazanırıq ki, mağazanın reklamı üçün də əlavə pul ödəyək? Əslində 10 ildir kitab bazarında olmağımıza rəğmən "Əli və Nino” reklama bir qəpik də ödəməyib. Sözün açığı, buna imkanımız da olmayıb. Bu mənada yazarlara çox təşəkkür edirəm. Bir həftədir ki, "Əli və Nino” kitab mağazasının çox gözəl şəkildə piarını aparırlar. Çox sağ olsunlar və belə də davam etsinlər!
- Bu boykot kampaniyası kitab evinin fəaliyyətinə mənfi təsir göstərəcək?
- Yazarlarımız tərəfindən mağazaya qarşı aparılan bu boykot kampaniyası ancaq və ancaq bizim fəaliyyətimizə müsbət təsir göstərə bilər. Satış faizləri xeyli dərəcədə artacaq. Sosial şəbəkələrdə gedən müzakirələrdə də görürəm ki, oxucular bizə xeyli dəstək verirlər. Onlara da təşəkkür edirəm.
- Deyirlər ki, siz azərbaycanlı yazarlara qarşı qərəzlisiniz?
- Əvvəldə də qeyd etdiyim kimi, "Əli və Nino” kitab şəbəkəsi artıq 10 ildən çoxdur ki, öz fəaliyyətini qurub. Bakının müxtəlif ərazilərində bizim 12 satış mərkəzimiz var. Bölgələrdə yaşayan insanlar üçün də ayrıca "alinino.az” saytı vasitəsilə satış edirik. Öz oxucularımıza Azərbaycan, ingilis, rus dilində kitablar təqdim edirik. Azərbaycan ədəbiyyatının təbliği üçün də ən böyük kitab müsabiqəsi olan Milli Kitab Mükafatını tətbiq etmişik. Ayrıca olaraq da "Book klub” adlı layihəmizdə gəncləri ətrafımıza yığıb, yalnız Azərbaycan yazarlarının əsərlərini müzakirə edirik. Məqsədimiz gənclərin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, kitab oxumağa həvəs yaratmaq və gənc kitabsevərlərin arasında şəbəkələşməyə nail olmaqdan ibarətdir. Onlar qəbul etsə də, etməsə də, "Əli və Nino” kitab şəbəkəsi olaraq hər zaman Azərbaycan ədəbiyyatının, Azərbaycan oxucusunun yanında olmuşuq.
Bizim həmişə sloqanımız o olub ki, Azərbaycan yazarının tərəfində olaq. Onlar üçün müxtəlif imza günləri, təqdimat mərasimləri təşkil etmişik. Bunu məhz biz başlatmışıq. "Əli və Nino” kitab mağazası "Qanun” Nəşriyyat evi ilə birlikdə Azərbaycan dilinə klassik və müasir yazarların kitablarını tərcümə edib, oxucularımıza təqdim edir. Amma son zamanlar bizim şəbəkəmizdə müəyyən problemlər yaranıb. İndi işləmək həddindən artıq çətindir. Ötən 10 il ərzində bizə nə qədər kitablar verilib. Ən azı 500-ə yaxın yazarın adı var siyahımızda. Hər birinin də 2-3 adda kitabı var. Təsəvvür edin ki, artıq "Əli və Nino” kitab evinin anbarında kitab əlindən tərpənməyə yer yoxdur. Az qala yazarlara zəng vurub yalvarırıq ki, satılmayan kitablarını aparıb, evinizdə saxlayın. Bizə verilən 500 kitabın cəmisi 5-i satılıbsa, biz həmin kitabdan nə gözləməliyik axı? Biz anbar üçün kirayə haqqı ödəyirik. Bunların hamısını ödəməyə imkanımız yoxdur. Hamı deyir ki, necə ola bilər ki, yeriniz yoxdur? Axı söhbət beş-altı yazardan getmir. Kitab satılmır, bizi qınayırlar. Yazıçılar elə bilir ki, biz onlar qarşısında öhdəlik götürmüşük ki, onların oxunmayan kitablarını satmalıyıq. Mən həmişə bizim yazıçılara böyük hörmətlə yanaşıram. Sadəcə kitab satılmırsa, bizi necə qınamaq olar? Anbarda hazırda 20-30 minə yaxın satılmayan kitab var. İki ildir ki, yazıçıların arxasına düşüb yalvarırıq ki, gəlin aparın. Sadəcə məsələ indi ictimailəşib. Biz artıq son vaxtlar yazarlarla yeni müqavilə bağlamağa başlamışıq. Orada da qeyd olunub ki, müəyyən müddət ərzində kitabın satışı sıfır faiz təşkil edirsə, həmin kitablar müəllifin özünə qaytarılır. Müəllif kitablarını götürmədikdə isə biz onları yarmarkalarda pulsuz paylayacağıq. Bu maddə müqavilədə öz əksini tapsa da, hələlik icra etmirik. Sadəcə müəlliflərə zəng vururuq ki, gəlin kitablarınızı götürün. Təsəvvür edin, kitabı satılmadığı üçün bizi suçlayan yazarlar yarmarkalarda kitab payladığımızı görsələr, necə üsyana qalxarlar.
- Bəs yazarlarla əməkdaşlıqdan imtina etdiyinizə dair iddialar doğrudurmu?
- Sizi inandırım ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində satıcı ilə yazar birbaşa əməkdaşlıq eləmir. Bu, absurd məsələdir. Yazar elə əsər yazmalıdır ki, bütün nəşriyyatlar həmin kitabın pulsuz çap olunmasında, kitab mağazaları isə satılmasında maraqlı olsunlar. Həm də ki, satış üçün kitabları nəşriyyat özü yaymalıdır, müəllif yox. Bizdə yazarlar əsərlərini öz hesabına çap edirlər. Heç soruşmurlar ki, bu lazımdır, oxunacaq? Əsərini borc- xərc çap edir, sonra da
qapı-qapı gəzib satış mağazası axtarır. Bu düzgün deyil axı? Yazıçı yazmaqla, satıcı da satmaqla məşğul olmalıdır. Oxunmayan bir kitabın satılmasında mən niyə maraqlı olmalıyam ki? Maraqlı olsam belə, oxunmayan kitabın yaxşı olduğuna dair oxucunu necə inandırım? "Əli və Nino” kitab evi bütün yazarlar üçün eyni şərait yaradır. Yaxşı əsər satılır, oxunmayan əsərlər də anbarda qalıb, üstünü toz basır. Bunun günahını niyə bizdə görürlər axı? Onu da deyim ki, yazarlarla birbaşa əməkdaşlıq sonradan vergi hesabatında da çaşqınlıq yaradır. Biz satışdan əldə etdiyimiz gəlirin vergisini ödəyirik. Bəs yazarlar ödəyirmi? Onların əksəriyyətinin heç şəxsi VÖEN hesabı da yoxdur. Bu da bizə problem yaradır. Vergi müfəttişləri bizdən hesab soruşur ki, fiziki şəxs kimi hesabı olmayan biri ilə siz necə əməkdaşlıq edirsiniz? Amma nəşriyyatla əməkdaşlıq zamanı hər iki tərəf olaraq əldə etdiyimiz gəlirdən vergi ödəyirik. Nəyə görəsə yazarlar bizi anlamaq istəmir və hər şeyin günahını "Əli və Nino”nun üstünə atırlar.
- Niyə "Əli və Nino” ancaq "Qanun” Nəşriyyat evi ilə əməkdaşlığa üstünlük verir?
- Çünki "Qanun” Azərbaycanın lider nəşriyyatıdır. Eyni zamanda onların çap etdiyi əsərlər Azərbaycan oxucusunun zövqünü oxşadığı üçün biz də bir satış şəbəkəsi olaraq həmin nəşriyyatla əməkdaşlıqda maraqlıyıq. Burada qeyri-adi heç nə yoxdur. Oxucular "Qanun”un kitablarını oxuyursa, biz niyə həmin kitabların satışı ilə məşğul olmayaq? Tək "Əli və Nino” kitab mağazası yox, bütün satış mərkəzləri "Qanun” Nəşriyyatı ilə işləmək istəyir. Müşahidələrimə əsasən deyə bilərəm ki, eyni kitab "Qanun”da və başqa nəşriyyatda çap olunur. Amma oxucular "Qanun”un kitabını tələb edir. Çünki piar, marketinq üzrə "Qanun” Nəşriyyat evi püxtələşib. Sözün həqiqi mənasında onlar oxucuların nə istədiyini çox gözəl bilir. Bizim ancaq "Qanun”la işlədiyimiz doğru deyil. Digər kitab nəşriyyatları ilə də çox uğurlu əməkdaşlığımız var. Şəxsən mən "Kitab klubu” nəşriyyatının kitablarını çox sevirəm. Onların da kitabları bizdə daim satışda olur.
- Sizə qarşı ittiham və tənqidlərə "gülməyim gəlir” deməyiniz ədəbi mühitdə birmənalı qarşılanmır ki, bir insanın nə qədər gülməyi gələr? "Çox gülməyin axırı ağlamaqdı” deyimini xatırladan Əsəd Cahangir boykot kampaniyası ilə artıq Nigar Köçərlinin ağlamaq dönəminin başladığını qeyd edib...
- Sözün həqiqi mənasında bütün bunlar mənim üçün çox gülməlidir. Qəsdən yox, bu ittihamlar fonunda deməyə söz tapmadığım üçün gülməyim gəlir. Qoy, nə deyirlər, desinlər. Allah hər kəsə ürəyincə versin!
- Nigar xanım, 500 kitabdan cəmi 5 ədədi satılan əsərin müəllifi kimdir, bəlkə konkret ad çəkəsiniz?
- Bir dostum da mənə məsləhət görüb ki, bu qalmaqallara, ittihamlara son qoymaq üçün "Əli və Nino” kitab mağazası adından bir bəyanat yayım və ad çəkərək orada bizə daxil olan kitabların ümumi sayını və satış faizini göstərim. Yəni ki, filan vaxt, filan yazarın, filan qədər kitabı daxil olub. Bu qədər kitab satılıb, bu qədəri də hazırda anbarda qalıb, müəllif isə gəlib götürmür. Amma mən bunu etmək istəmirəm. Xaraktercə, mülayim biri olduğum üçün heç kəsin məndən inciməyini istəmirəm. Əgər belə bir bəyanat yaysam, qiyamət qopar, qalmaqal daha da böyüyəcək və kitabı satılmayan müəlliflər məndən inciyəcək. Bizim yazarlar elə bilir ki, onların kitabı satılmayanda, anbarda qalanda mən bundan ləzzət alıram. Əslində isə bu məni həddindən artıq məyus edir.
- "Əli və Nino” kitab mağazası xarici kitabların satışına ona görə üstünlük verir ki, xarici müəlliflər ondan haqq tələb etmirlər. Bizim yazarlar isə satışdan öz haqlarını tələb edirlər”. Bu fikirlə razısınız?
- Əslində bu bir növ mənim yuxarıda qeyd etdiyim məsələdir. Heç bir əcnəbi müəllif kitab mağazalarının qapısını döyüb, kitablarının satılmasını istəmir. Onlar öz kitabını nəşriyyata satır və pulunu alır. Mən də həmin kitabları nəşriyyatdan alıram. Birbaşa xarici yazardan kitab almıram ki, onun haqqını da ödəyim? Bütün bu iddialar savadsızlıqdan irəli gəlir. Heç olmasa, maraqlansınlar, oxusunlar, görsünlər ki, dünya təcrübəsində vəziyyət necədir.
Şəymən