“Bir gün şar kimi partlayacaq”

“Qlobal problemə çevrilir, kriptovalyutanın gələcəyi yoxdur”
Prosesi izləmək mümkün olmadığından bir çox gizli təşkilatlar, hərbiləşmiş və ya kriminal qruplar bu valyutadan istifadə edirlər


Son günlər həm dünyada, həm də Azərbaycanda kriptovalyuta ilə bağlı müzakirələr aktivləşməkdədir. Hələlik dünyanın yeganə bu tipli valyutası olan "bitcoin”in başqa ölkələrdə də alternativinin yaradılması gündəmə gəlib. Hətta Azərbaycanda bu işin artıq başlandığı bildirilir. Ancaq bir sıra ölkələrin rəsmiləri kriptovalyutanın zərərli olduğu ilə bağlı xəbərdarlıq ediblər.

Ötən gün Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi də ölkə vətəndaşlarını kriptovalyutalardan istifadə etməməyə çağırıb. Nazir bildirib ki, kriptovalyutadan istifadə etməməyin bir sıra səbəbləri mövcuddur: "Kriptovalyutaların təminatı və iqtisadi əsası yoxdur. Bu isə onun istifadəsində risklər yaradır”. Bəs, zərəri faydasından çox olan bu "bitcoin” nədir, niyə son dönəmlər daha geniş vüsət alıb?


Məsələni "Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, son iki ildə kriptovalyutalarla bağlı çılğınlıq yaşanmaqdadır. Onun sözlərinə görə, proses 2009-cu ildən etibarən başlayıb: 

"İlk vaxtlarda bu məsələ ciddiyə alınmırdı. Bu gün 13 min dollar civarında olan "bitcoin” 2009-cu ildə yüz dollara satılırdı. Ancaq son illərdə maraq kifayət qədər artıb. Marağın yaranmasının isə 2 səbəbi var. Birincisi, iqtisadi səbəbdir. 2008-ci il dünya qlobal böhranından sonra bütün mərkəzi banklar, o cümlədən Federal Rezerv Sistemi, Avropa Mərkəzi Bankı və Asiya ölkələrinin bankları bazarda fəallığı artırmaq üçün ortaya kifayət qədər böyük həcmdə pul atdılar. Amerikada hər ay 70-80 milyard dollar, Avropada 60 milyard dollar, Yaponiyada isə təqribən 30 milyard dollar miqdarında bazar üçün əlavə valyutalar saxlanılır. Səbəb qlobal böhranın təzyiqlərini zəiflətmək və biznesə dəstək olmaqdır. Bu addımlar isə obrazlı desək, dünyada pulun ucuzlaşmasına səbəb oldu. Hətta Avropa Mərkəzi Bankı 0 faizlə kredit verməyə başladı. ABŞ-da isə 2008-2014-cü illər arası verilən kreditlərin faizi 0.25-ə düşdü. Buna görə də kapitalın bir qismi yeni yatırımlar axtarmağa başladı və zamanla kriptovalyutalara maraq yarandı. Nəticədə kifayət qədər böyük vəsaitlər kriptovalyutalara yatırıldı”. Ekspertin sözlərinə görə, texnologiya ilə valyutanı biri-birindən ayırmaq lazımdır: 

"Kriptovalyutalar blokçeyn texnologiyaları ilə istehsal olunur və dövriyyəyə buraxılır. Bu, çox maraqlı və vacib texnologiyadır. Dünyanın bir çox ölkələri artıq bu texnologiyalardan başqa məqsədlər üçün istifadə edirlər. Məsələn, Skandinaviya ölkələri elan etdilər ki, blokçeyn texnologiyaları ilə hətta seçkilərin belə keçirilməsi mümkündür. 

Bu zaman heç bir müdaxilə olmadan səsləri saymaq olar. Eyni zamanda əhalinin siyahıya alınması prosesində bir çox ölkələr bu texnologiyadan yararlanır. Özəl şirkətlər şəffaf idarəetmə və əməkdaşlarla əlaqələrin qurulması yönündə bu xidmətdən istifadə edirlər. Yəni, texnologiya özü çox yaşıdır və gələcəkdə müxtəlif kosmik tədqiqatlardan tutmuş seçkilərə qədər bir çox sahələrdə istifadə oluna bilər. Problem ondan ibarətdir ki, bitcoinlərdən istifadə etməklə dünyada çirkli pulların yuyulmasından tutmuş, narkotik və silah alverinə qədər məsuliyyətdən yayınmaq mümkündür”.

Ekspert bildirib ki, prosesi izləmək mümkün olmadığından bir çox gizli təşkilatlar, hərbiləşmiş və ya kriminal qruplar bu valyutadan istifadə edirlər: "Bitcoinlərlə heç bir nəzarət mexanizmi olmadan pul dövriyyəsini həyata keçirmək mümkündür. O səbəbdən artıq əksər ölkələr bunun qlobal problemə çevrildiyini görməkdədir. Təkcə Türkiyə rəsmiləri deyil, bir çox dövlət adamları bununla bağlı ciddi xəbərdarlıq ediblər. 

Məşhur şirkətlər belə kriptovalyutaların gələcəyinin olmadığını, bir gün şar kimi partlayacağını deyirlər. Cənubi Koreya hökuməti prosesi tam nəzarətə götürməyə və ümumiyyətlə, bitcoin və digər virtual valyutaların dövriyyəsinin məhdudlaşdırılmasına dair qərar verib. Həmin valyutaların qiymətdən düşməsinin əsas səbəbi məhz bu cür açıqlamalardır. Mən də hesab edirəm ki, bu cür valyutaların gələcəyi yoxdur. Bununla bağlı mediada dəfələrlə açıqlama vermişəm”.

İsmayıl