“Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib (FOTO)

Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə "Bir mətbuat konfransının tarixi” sənədli filminin təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə MŞ sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media nümayəndələri, millət vəkilləri iştirak ediblər.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ə. Amaşov 27 il əvvəl sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar barədə danışıb. O xatırladıb ki, 1990-cı il yanvarın 20-də Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılıb, "Azərbaycan” nəşriyyatı fəaliyyət göstərməyib: "Azərbaycan xalqı o vaxt təklənmişdi. Bakıda baş verən qırğın haqda ilk haqq səsi Moskvadan gəldi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirdi, hadisəyə ilk dəfə siyasi qiymət verdi. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı”.
O, "Bir mətbuat konfransının tarixi” sənədli filminin 27 il əvvəl Heydər Əliyevin Moskvada keçirdiyi mətbuat konfransına həsr olunduğunu söyləyərək qeyd edib ki, sənədli filmin məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi "Qulp studio” tərəfindən hazırlanıb.
Daha sonra "Bir mətbuat konfransının tarixi” sənədli filmi nümayiş olunub.
Film barədə çıxış edən millət vəkili Musa Qasımlı deyib ki, filmdə hər şey canlıdır və çox uğurlu alınıb: "Əlbəttə, biz heç birimiz istəməzdik ki, xalqımızın tarixində belə bir gün olsun. Lakin biz tarixi dəyişdirə bilmərik. Mən çox istərdim ki, film müxtəlif dillərə tərcümə olunsun və yerli telekanallarda nümayiş etdirilsin”.
Tədbir müzakirələrlə davam etdirilib.