Bir “şillə”yə görə ailə dağıtmazlar

“Ərini şikayət edən qadın ailəsinin gələcəyini, uşaqlarının taleyini də düşünməlidir”




"Ailədə problem varsa, həm oğlan, həm də qız tərəfinin hörmət etdiyi, sözü keçən insanlar - ağsaqqallar, ağbirçəklər var. Onlar ailədaxili münaqişələri aradan qaldırır”

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin məişət zəminində baş verən zorakılığın aradan qaldırılması yönümündə tədbirlərin gücləndirilməsi, ailələrin bütövlüyü və boşanmaların
azalması üçün təşkilatın nəzdində kişilər üçün psixoloji yardım mərkəzi fəaliyyətə başlayır. "Kişilər üçün yardım mərkəzi”nə ancaq ailə başçısı olan kişilər muraciət edə bilər.

Müxtəlif səbəblərdən münasibətlərini tənzimləyə bilməyən kişilər mərkəzə müraciət edib pulsuz məsləhət ala bilər. Təbii ki, qadınların hansısa mərkəzdən yardım almasının hələ tam formalaşmadığı bir vaxtda kişilərin bu cür mərkəzlərə müraciət etməsi müəyyən mənada mübahisəli məsələdir. Bəs görəsən, ictimaiyyət üzvləri necə düşünür? Belə bir mərkəzin yaradılmasına ehtiyac varmı?

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, xanım millət vəkili Məlahət Həsənovanın fikrincə, ailədaxili zorakılıqlar, qadına qarşı şiddətin arxasında birmənalı olaraq kişi faktoru dayanır. Sığınacaq, psixoloji yardım mərkəzlərinin yaradılması da qadınları qorumaq, onların haqlarının müdafiəsi məqsədi daşıyır. Hansı ki, mövcud şəraitdə bu cür mərkəzlərin fəaliyyəti də özünü tam doğrultmur. Təbii ki, mən bu cür mərkəzlərə ehtiyac yoxdur demirəm. Əksinə, hesab edirəm ki, qadınlar üçün sığınacaqların, reabilitasiya mərkəzlərinin fəaliyyət göstərməsi, hətta onların sayının artırılması çox vacibdir. Amma dünyanın bütün ölkələrində yazılmış və yazılmamış qanunlar var. İnsan münasibətləri isə şüşə kimidir, çatladısa, qırılacaq və onun bərpa olunması çox çətindir. Bizim öz ailə institutumuz var, gedib Avropa ailə institutunu gətirib tətbiq edə bilmərik. Bizim öz gözəl ailə dəyərlərimiz var. Ailədə problem varsa, həm oğlan, həm də qız tərəfinin hörmət etdiyi, sözü keçən insanlar - ağsaqqallar, ağbirçəklər var. Onlar ailədaxili münaqişələri aradan qaldırır. Qadın hüquqları ilə bağlı aparılan təbliğatlardan yanlış nəticə çıxarıb, adi kiçik bir "şillə” üstündə ailə dağıtmaq heç də xoş hal deyil. Bir "şillə”yə görə ərini şikayət edən qadın ailəsinin gələcəyini, uşaqlarının taleyini də düşünməlidir.

Sözsüz ki, bütün hallarda qadına qarşı şiddətin və hüquq pozuntularının əleyhinəyəm. Bu, insana yaraşmayan şeylərdir. Şüurlu insana fiziki cəhətdən cəza vermək olarmı? Kim təhqirdən istifadə edirsə, demək, onun əxlaqında bir az axsama var. Həyat yoldaşı və ya qayınanası tərəfindən ciddi zorakılığa, ağır işgəncələrə məruz qalan gəlinin hüquq-mühafizə orqanlarına müraciət etməsini də yüksək dəyərləndirirəm. Fikirlərimin yanlış anlaşılmasını istəmirəm, amma şəxsi qənaətimcə, adi bir anlaşılmazlıq baş verən kimi qadınların öz həyat yoldaşlarından şikayətçi olmasını Azərbaycan mentalitetinə uyğun hesab etmirəm. Hansı ailədə narazılıq, çətinlik olmur ki? Hesab edirəm ki, ailələrin qorunması üçün müəyyən qədər qadın güzəştə getməyi bacarmalıdır. Çünki qadın öz həyat yoldaşından hüquq-mühafizə orqanlarına şikayət etdikdə artıq həmin ailənin reabilitasiya məsələsi qeyri-mümkün olur. Yaxud da, qayda-qanunlara uyğun olaraq, kişi polis tərəfindən ya cərimələnir. Belə olan halda isə həmin cərimə ümumi ailə büdcəsinə təsir edir. Polisə öz həyat yoldaşından şikayət edəndən sonra o ailənin birgə xoşbəxt yaşaması necə mümkündür? Bizim kişilərdə elə bir xüsusiyyət yoxdur ki, evində olan ailə işinin hüquq-mühafizə orqanlarında ictimailəşməsini bəyənsinlər.

Konkret olaraq "Kişilər üçün yardım mərkəzi”nə gəldikdə isə xanım millət vəkili Mərkəzin xidmət mexanizmi ilə bağlı məlumatlı olmadığı üçün konkret rəy bildirməyin çətin olduğunu deyib: "Əgər bu mərkəz sığınacaq mahiyyətlidirsə, onsuz da Azərbaycanda bütün zorakılıqların arxasında kişilər dayanır. Kişiləri kimdən qorumaq lazımdır? Yox əgər psixoloji yardım mahiyyətlidirsə də, Azərbaycanda psixoloji konsultasiyalar üçün mərkəzlər var. Təbii ki, say azlığını nəzərə alıb, belə bir Mərkəz yaratmaq olar. Amma bir məsələ var ki, müxtəlif səbəblərdən münasibətlərini tənzimləyə bilməyən kişilərin heç də hamısı anlaqsız vəziyyətdə olmur axı? Ailəsinə, həyat yoldaşına qarşı şiddət göstərən kişilərin əksəriyyətinin ağlı da, şüuru da başında olur. Şəxsiyyət, davranış pozuntusu olan, psixopatiya kimi problemləri olan kişilərə isə artıq ciddi müalicə lazımdır. Psixoloji dəstəklə onlar bu təhlükəni aşa bilməzlər. Bizim üçün prioritet məsələ ailələrin qorunması olmalıdır. Kişilərə yardım mərkəzləri yox, ailələrin qorunması üçün reabilitasiya mərkəzlərinin geniş vüsət almasını zəruri hesab edirəm”.

Şəymən