Birbaşa silahın sahibi günahkardır

12 yaşlı uşaq bacısını ov tüfəngi ilə güllələdi
“Silah bir adama verilir, bütün ailəyə təhkim olunmur ki?”


Dünən Ağdam rayonunda dəhşətli faciə yaşanıb. Xıdırlı kəndində yaşayan məcburi köçkün 16 yaşlı Ayşən Hüseynqulu qızı Həsənova qardaşı 12 yaşlı Hüseyn Həsənov tərəfindən güllələnib. Bacısı ilə oyun oynayan oğlan atasına məxsus ov tüfəngini götürüb. Silahla ehtiyatsız davranan Hüseyn qəfildən bacısına atəş açıb.

Açılan atəş nəticəsində ov tüfəngindən çıxan güllə Ayşən Həsənovaya dəyib. Güllə onun ürəyini parçalayıb. Hadisə nəticəsində qız yerindəcə keçinib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Aydındır ki, müvafiq sənədlər var ki, onu hazırlayan hər bir şəxsə silah almağa icazə verilir. Bunda elə bir problem yoxdur. Bütün dünya ölkələrinin hamısında bu var. Hər bir mülki və ya fiziki şəxs tələb olunan sənədləri aidiyyəti orqanlara təqdim edəndən sonra həmin şəxs silah ala bilir. Amma məsələ burasındadır ki, bizdə əldə olan silah bir gün mütləq partlayır.

Odur ki, 16 yaşlı Ayşənin ölümü ilə nəticələnən bədbəxt hadisə bir daha evlərdə olan silahların uşaqların təhlükəsizliyini təhdid etməsi problemini gündəmə gətirib.

Ekspertlər əvvəlcə evdə saxlanılan silahların içinin boş və silah ilə güllələrinin ayrı yerlərdə olması lazım olduğuna diqqət çəkib. Bundan başqa, uşaqların da silahlardan istifadə zamanı baş verə biləcək pis nəticələr haqqında məlumatlandırılması və silahların bir oyuncaq olmadığına inandırılmasının zəruri olduğu vurğulanıb. Qeyd edək ki, Ayşənin ölümü silahla ehtiyatsız davranma nəticəsində baş verən ilk hadisə deyil və təəssüf ki, qabaqlayıcı tədbirlər görülməsə, son da olmayacaq. Azərbaycan cəmiyyəti bu hadisədən nəticə çıxarmalı və evlərdə olan silahların xüsusilə uşaqlar üçün bir təhlükə meydana gətirməsi faktını unutmamalı, silah saxlama mövzusunda məlumatlı olmağın əhəmiyyətini dərk etməlidirlər.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay da "Şərq”ə açıqlamasında deyib ki, evdə silah saxlayan şəxslər hər şeydən əvvəl onun etibarlı yerdə olduğuna qəti şəkildə əmin olmalıdırlar. Onun sözlərinə görə, heç bir halda ailənin digər üzvləri, xüsusilə də uşaqlar evdə olan silahın yerini bilməməlidir: "Evdə silah saxlanması qaydaları qanunvericilikdə də öz əksini tapıb. Ov tüfəngi və ya təyinatlı silah olmasından asılı olmayaraq, bütün silahlar Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin nəzarətində olmalıdır.

Bundan əlavə odlu silahların saxlanması ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılmalı, sərt xəbərdarlıqlar edilməlidir. Polis idarəsinin müvafiq şöbə əməkdaşları vaxtlı-vaxtında həmin silahların saxlanması ilə maraqlanmalıdırlar”.

İ.Altayın sözlərinə görə, evdə saxlanılan silahla ehtiyatsız davranma zamanı çox ailələrdə bədbəxt hadisələr baş verib. İş praktikasında bu cür hadisələrlə çox rastlaşdığını vurğulayan kriminalist bütün bunların fonunda deyib ki, silah təhkim olunan şəxs öz məsuliyyətini dərk etməlidir: "Son illərdə evdə silahların saxlanması halları geniş vüsət alıb. Nəzarət strukturları isə çox azdır. Rayonlarda cəmi bu sahə ilə məşğul olan bir struktur var. Daha yaxşı olar ki, ayrı-ayrı polis bölmələrində də müvafiq şöbələr yaradılsın”.

Ağdamda baş verən hadisənin bir növ valideyn məsuliyyətsizliyi olduğunu vurğulayan kriminalist deyib ki, birbaşa silah sahibi günahkardır: "Silah bir adama verilir, bütün ailəyə təhkim olunmur ki? Silah kimin adınadırsa, həmin adam da cavabdehdir. Silahın yerini ondan başqa heç kim bilməməli, kimsənin əlinə keçməməlidir. Silah oyuncaq deyil ki, ortalıqda, uşaqların əlinin çatdığı yerdə saxlanılsın. Əks halda, adi bir laqeydlik bu cür dəhşətli, geri dönüşü olmayan hadisələrə səbəb ola bilir. Ov tüfəngi də odlu silahdır və valideyn onu uşaqdan gizlətməlidir. Uşağı başa salmalıdır ki, tüfəng oyuncaq deyil, insan həyatı üçün təhlükəlidir və s. Heç kəs təhlükədən sığortalanmayıb, ani bir diqqətsizlik çox böyük faciələrə yol açır. Əgər həmin ov tüfənginin sahibi silahın saxlanması ilə bağlı tələb olunan qaydalara düzgün əməl etsə idi, bu gün başına belə bir faciə də gəlməzdi”.

Şəymən