Biri də iddialı deyil

Onlar barmaqlarını qatlayıb, səbəbləri sadaladılarYazarların parlament seçkilərinə qatılmaq niyyəti yoxdur
Qarşıdan parlament seçkiləri gəlir. 2015-ci ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkiləri üçün rəsmi hazırlığına start verilməsə də, artıq iddiaçılar öz mövqeyini ortaya qoyur, seçkilərdə iştirak edəcəyinə dair anons verirlər. Zaman-zaman xalqı parlamentdə təmsil edən yazarlarımız, şairlərimiz olub. Bu gün də var. Maraqlıdır, yazarlarımız arasında builki parlament seçkilərində namizəd olaraq iştirak etmək niyyətində olanlar kimlərdir?
Gənc yazar Qan Turalı indiki situasiyada millət vəkili olmaq istəmir: "Nə zamansa sosial demokrat bir partiyadan millət vəkili ola bilərəm, amma indi belə bir situasiya yoxdur. Doğrusu, hələ siyasətlə məşğul olmaq fikrim yoxdur. Amma məşğul olsam belə, öz düşüncələrimə uyğun bir partiyada təmsil olunmaq istəyərəm. Onu da deyim ki, deputat olsam, seçkilərdə heç bir şairlə rəqib olmaram”.
Tanınmış yazar Kənan Hacı da millət vəkili olmaq istəmədiyini deyib: "Mən düşünmürəm ki, ora gənc yazarların yeridir. Yazar ədəbiyyatda sözünü deməlidir. Bu haqda heç vaxt düşünməmişəm”.
Şair-publisist Elnur Astanbəyli:
- Açığı, bəzi dostlar qeyri-rəsmi atmosferdəki söhbətlərdə təklif edirlər ki, doğulduğum bölgədən - Qazaxdan namizədliyimi irəli sürüm. 2010-cu ilin seçkiləri vaxtı da belə təkliflər olmuşdu. Təbii ki, onda da, indi də dostların öz arqumentləri var, amma mən bir az onlardan fərqli düşünürəm. Əvvəla, Azərbaycanda seçkilərin necə keçirildiyi, nəticələrin necə müəyyənləşdirildiyi məlumdur. İkincisi, iddialı bir seçki kampaniyası aparmaq üçün müəyyən maddi imkana malik olmalısan. Mənim bu gün belə bir imkanım sıfıra bərabərdir, gündəlik məişət problemlərinin öhdəsindən belə güclə gələ bilirəm. Nəhayət, üçüncüsü, indi məni daha çox yazı-pozu məsələləri maraqlandırır. Üstəlik, deputat mandatı əldə edib, sonra da toyda səs-küyün yüksək olmasından, yas məclislərində banan verilməsindən, bir sözlə, toplumun sonuncu dərəcəli problemlərindən danışıb baş girləməkdənsə, özgür şəkildə, heç bir gözükölgəlilik hiss etmədən ölkənin əsas problemləri barədə danışmaq, yazmaq mənim üçün daha önəmlidir. Bütün bunları göz önünə alaraq hələlik deputatlığa namizəd olmaq kimi bir fikrim yoxdur. Amma gələcəyin ən böyük özəlliyi və gözəlliyi onun proqnozlaşdırılmamasındadır. Qarşıdakı ayların özü ilə nələr gətirəcəyini konkret demək çox çətindir.
Şair, tərcüməçi və esseist Səlim Babullaoğlu da bu il keçiriləcək parlament seçkilərində namizədliyini verməyəcək: "Yox, mənim parlament seçkilərində iştirak etmək kimi bir niyyətim yoxdur və indiyə qədər də olmayıb”.
Gənc şair Aqşin Yenisey isə hesab edir ki, onun indiki halda parlamentdə milləti təmsil etmək iddiasına düşməyi siyasi romantikadan başqa bir şey olmaz: "Kor-kor, gör-gör, aydın mənzərədir ki, bu gün millətin taleyi parlamentdən kənarda müzakirə və həll olunur, həm də bu taleyə ən az dəxli olan adamlar millət vəkilləridir. Üstəgəl, son zamanlar bəzi millət vəkillərinin "qanuni oğrularla” dostluğundan fəxrlə danışması, müəllimlərə alababat güzəran üçün dərsdən sonra hamballıq etməyi məsləhət görməsi parlamentin karikaturik bir obrazını yaradıb insanların kafasında. İkincisi isə mənim özüm də millət vəkili seçə biləcəyi qədər xalqa yaxın adam deyiləm”.
Yazıçı-konspiroloq Həmid Herisçi də bu il keçirilən parlament seçkilərində iştirak etməyəcək. Ümumiyyətlə, millət vəkili olmaq iddiasında olmayan yazar deyib ki, yazıçı ancaq öz qulluğunda durmalıdır: "Millət vəkilinin funksiyası xalqın, seçicilərinin qulluğunda durmaqdır. Bu isə mənlik deyil. Bir yazar olaraq ancaq öz qulluğumda durmağı və yaradıcılığımla məşğul olmağı üstün tuturam. Elə bilirəm ki, yaradıcılığa daha çox diqqət ayırdığım üçün başqalarına qayğı göstərə bilmərəm. Əslində siyasət heç vaxt mənim maraq dairəmdə olmayıb”. Qeyd edək ki, H.Herisçi builki parlament seçkilərində xanımı İlhamiyyə Rzayevanın namizədliyini dəstəkləyəcək: "Məndən fərqli olaraq millət vəkili olmaq həyat yoldaşımın arzusudur və bu il o, namizədliyini verəcək. Mən də bu prosesdə ona kömək edəcəm və inanıram ki, İlhamiyyə xanım bu il mandat alacaq”.
Yazıçı-dramaturq Elçin Hüseynbəyli də millət vəkili olmaq istəmir, amma ziyalıların parlamentdə xalqı təmsil etməsini alqışlayır: "Azərbaycan xalqını parlamentdə nə qədər çox ziyalı təmsil etsə, bir o qədər ümumi işin xeyrinədir. Şair və yazarların millət vəkili olması mədəniyyətimiz üçün də əhəmiyyətlidir. Milli Məclis qanunverici orqan olduğu üçün orada daha çox hüquqşünasların təmsil olunmasını düzgün hesab edirəm. Amma bununla belə mədəniyyət, ədəbiyyat adamlarının da mandat alması vacib məsələdir”.
Şair Elxan Zal da Milli Məclisdə xalqı təmsil etməyəcək: "Bədii yaradıcılıqla məşğul olduğum üçün siyasətlə məşğul olmağa vaxtım yoxdur. Həm də mənə elə gəlir ki, millət vəkili olmaq əlavə vaxt itkisidir”.
Şair Qulu Ağsəs də həmçinin parlament seçkilərində iştirak etməyəcək.
Şəymən