“Dünyanın əksər ölkələrində keçirilən yarışlara qatılmışam. Ancaq bizdəki kimi yaradılan gözəl şəraitlə qarşılaşmamışam”
“Birinci Avropa Oyunları Azərbaycana böyük uğurlar qazandıracaq”
Ülvi Quliyev: “Təşkilat komitəsi mükəmməl şəkildə işləyib, möhtəşəm idman obyektləri quraşdırılıb”
“Dünyanın əksər ölkələrində keçirilən yarışlara qatılmışam. Ancaq bizdəki kimi yaradılan gözəl şəraitlə qarşılaşmamışam”
“Dünyanın əksər ölkələrində keçirilən yarışlara qatılmışam. Ancaq bizdəki kimi yaradılan gözəl şəraitlə qarşılaşmamışam”
Millət vəkili, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev "Şərq”ə Birinci Avropa Oyunlarının tarixi əhəmiyyəti və onun Azərbaycan idmanına bəxş edəcəyi müsbət təsirindən danışıb. Tanınmış idmançı bildirib ki, sözügedən mötəbər yarışın ölkəmizdə baş tutması ilk növbədə tarixi idman hadisəsidir: "Bu oyunda Azərbaycan ilkə imza atacaq. İndiyə qədər ölkəmizdə müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionatları keçirilib. Ancaq Avropa Oyunları masştabında ölkəmizdə hər hansı yarış reallaşmayıb.
Bu baxımdan hesab edirəm ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə Birinci Avropa Oyunlarında təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, demək ki, ölkəmizin təbliğatında bu Oyunların önəmi çox böyükdür. Birmənalı şəkildə söyləyə bilərəm ki, məlum əlamətdar marafon bizim üçün tamamilə yeni bir səhifə açır. Azərbaycanın adət-ənənələri, mədəniyyəti, tarixi, milli xüsusiyyətlərimizin gələn qonaqlara çatdırılmasında oyunların müstəsna əhəmiyyəti olacaq.
- Oyunlar ölkəmizin turizm məkana çevrilməsi baxımından nə dərəcədə önəmlidir?
- Əlbəttə, bu, Azərbaycanda turizmin inkişafına böyük töhfə verəcək. Əminəm ki, yarış zamanı Bakıya gələcək əcnəbilər üçün Azərbaycanı görmək çox xoş olacaq. Və geri döndükdən sonra yenidən onlar Azərbaycana qayıdacaqlar. Birinci Avropa Oyunlarının Azərbaycanda gerçəkləşməsi Azərbaycanı inkişaf etmiş Avropa ölkələri sırasına aparan yoldur.
Mədəni və tarixi irsimizin dünya ictimaiyyətinə çatdırılmasında bu tədbir nə kimi rola malikdir?
- Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən dəstək mərhum prezidentimiz Heydər Əliyevin zamanlarından başlayıb və o zaman cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri idi. İlham Əliyev hələ o zamandan Azərbaycan idmanının inkişafına xüsusi diqqət ayırırdı. Hazırda isə Azərbaycanda idmanın inkişafı üçün bütün istiqamətlərdə üfüq açıqdır, işıqlıdır. Birinci Avropa Oyunları ilə əlaqədar mükəmməl təşkilat komitəsi yaradılıb və bizim hörmətli millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təşkilat komitəsinə rəhbərlik edir. Mükəmməl, zövqlə, dünya standartlarına uyğun şəkildə təşkilati işlər aparılır. Baxın, burada bir haşiyə çıxmaqla bu oyunların əhəmiyyətini diqqətə çatdıracam. Bu gün Amerika Birləşmiş Ştatlarının 17 ştatı Xocalı soyqırımını tanıyıb. Bu, bir gündə, bir ayda, bir ildə görülən işlərin nəticəsidirmi? Xeyr! Bu, Azərbaycan dövlətinin uzun müddətdən bəri apardığı siyasətin nəticəsidir. Birinci Avropa Oyunlarında Azərbaycanın təbliği üçün kifayət qədər münbit şərait yaranır. Təbliğatın nəticəsi 1 gündə özünü göstərə bilməz. 3-5 ildən, 10 ildən, 20 ildən sonra təbliğat məsələsi öz işini görəcək. Ona görə də gəlin tələsməyək. Düşünürəm ki, milli məsələlər, dövlətimizin maraqları hər şeydən öndə olmalıdır. Biz Oyunlarda milli xüsusiyyətlərimizi, dövlətimizi, xalqımızı tam olaraq Avropaya çatdıracağıq. Düzdü, Azərbaycan dünyanın əksər ölkələrində tanınır. Amma daha geniş arenada tanınmağımız üçün Avropa Oyunları və dünən Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumu çox böyük əhəmiyyət daşıyır. Baxın, oyunlar ərəfəsində ölkəmizə dünya və Avropanın müxtəlif ölkələrindən turistlər axışacaq. Ölkə tanınacaq. Azərbaycan insanını, adət-ənənəsini, tarixini, mədəniyyətini, qonaqpərvərliyini tanıyacaqlar. Daha sonra Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və 20 Yanvar hadisələrinə dair gerçəkliklərin şahidi olacaqlar. Bu baxımdan yarışın ölkəmizdə baş tutmasını yüksək qiymətləndirirəm. Biz dost qazanmalıyıq. Dostlarımızın sayını artırmalıyıq. İstər Milli Məclis, istər jurnalistika və istərsə də Qeyri-Hökumət Təşkilatları (QHT) səviyyəsində hər kəs dost qazanmağa çalışmalıdır. Dağlıq Qarabağ münaqişəsi və ya ərazi bütövlüyümüzün təminatı üçün ən vacib olan məsələlərdən biri budur. I Avropa Oyunları bizə şans verir ki, ölkəmizi Avropaya, dünyaya olduğu kimi təqdim edə bilək. Bu səbəbdən zənn edirəm ki, Birinci Avropa Oyunlarının Azərbaycanda baş tutmasının müstəsna əhəmiyyəti var.
- Bu mötəbər idman yarışının ölkəmizə həvalə olunması nəyin göstəricisidir?
- Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bütün bunlar ölkə başçısının idmana göstərdiyi diqqət və qayğının aydın təzahürüdür. Məhz ona görə də adıçəkilən mötəbər yarış Azərbaycana həvalə olundu.
- Sizcə, indiki vaxtda cəmiyyətin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə münasibəti necədir?
- Məsələ ilə bağlı onu deyə bilərəm ki, həm seçicilərimizlə, həm də ictimai fəal insanlarla tez-tez müzakirələrimiz olur. İnsanların bu məsələyə münasibəti birmənalı şəkildə yüksək və müsbətdir. Artıq Birinci Avropa Oyunlarına biletlərin əldə olunmasına dair suallar verirlər. Təşkilat komitəsi mükəmməl şəkildə işləyib və Azərbaycanda, xüsusilə Bakıda Birinci Avropa Oyunları ilə bağlı çox möhtəşəm idman obyektləri quraşdırılıb. Təbii ki, hər bir Azərbaycan insanı həmin stadionu və bu kimi idman obyektlərini televiziyada seyr etmək istəmir. Canlı olaraq öz gözü ilə görmək istəyir. Azərbaycanda idmansevənlər çoxdur. Məlumdur ki, Birinci Avropa Oyunlarında 20 idman növü üzrə yarış olacaq. Əminliklə deyə bilərəm ki, yarışlarda stadionlar tam dolu olacaq, boş yer qalmayacaq və bu, cəmiyyətin oyunlara münasibətinin göstəricisi sayılacaq.
- Beynəlxalq və bəzi yerli təşkilatlar Birinci Avropa Oyunları ilə bağlı xoşagəlməz rəy formalaşdırmağa çalışırlar. Sizcə, bu, nədən qaynaqlanır?
- Bəli, mən də o fikirdəyəm ki, oyunlar haqda insanlara yanlış məlumatlar vermək istəyənlər mövcuddur. Ölkəmizə qarşı qarayaxmalar var. Onlar bu çirkin əməllərini davam etdirmək istəyirlər. Amma bilmək lazımdır ki, Birinci Avropa Oyunları Azərbaycanın təbliğatı üçündür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət konkret nəticəyə hesablanmış siyasətdir. Biz hər zaman cənab Prezidentin apardığı siyasətin müsbət nəticəsinin şahidi olmuşuq. İnanıram ki, Birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi ölkəmiz üçün xüsusi rol oynayacaq. İ.Əliyev bu günə qədər nəticəsi görünməyən hər hansı layihəyə imza atmayıb. Ona görə də heç şübhəniz olmasın ki, oyunlar Azərbaycana böyük uğurlar qazandıracaq. Dövlətimiz və milli maraqlarımız təbliğ ediləcək. Yadınızdadırsa, Bakıda "Avroviziya” mahnı müsabiqəsi keçiriləndə də müxtəlif qarayaxma kampaniyası ilə məşğul olanlar, Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlər var idi. O zaman Azərbaycan bu işin öhdəsindən çox yüksək şəkildə gəldi və hesab edirəm ki, bu "Avroviziya” ərəfəsində Azərbaycandakı görülən işlər dünya tarixində yadda qaldı. O zaman "Kristal Holl” inşa olundu və bu gün dünyanın ən mükəmməl zallarından biri olaraq azərbaycanlıların ixtiyarındadır.
Həmin "Kristal Holl”a baş çəkən nəinki azərbaycanlılar, hətta əcnəbilər də heyrətə gəlirlər. Məlum marafonla bağlı tikilən idman obyektləri də eyni nəticə verəcək. Amma bizi istəməyən qüvvələr var. Bu qüvvələrin fəallaşmasının səbəbi də aydındır. Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz sözünü deyə bilir. Bu da həmin qüvvələrin istəyinə uyğun deyil və onlar Azərbaycanı tam müstəqil görmək istəmirlər. Bu səbəbdən hər vəchlə inkişafımızın qarşısını almağa çalışırlar. Təbii ki, qara qüvvələr arzularına çata bilməyəcəklər. Çünki Azərbaycanın İ.Əliyev kimi lideri var və o, müstəqilliyimizin qarantıdır. Müstəqil Azərbaycanın inkişafında xüsusi xidmət göstərir. Bu, bütün dünyanın gözü qarşısındadır. Ətrafımızdakı ölkələrə baxın. MDB məkanında vəziyyət hansı şəkildədir. Amma Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində çox şükürlər olsun ki, ölkəmiz bütün bəlalardan özünü sığortalaya bilir. Birinci Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malikdir. Kimsə, hansısa qüvvə Birinci Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rol formalaşdırmağa çalışırsa, demək ki, o, Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır. Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək və bir ilkə imza atacaq.
- Demək olar ki, dünyanın əksər ölkəsində idman yarışlarında iştirak etmisiniz. İndiyə qədər iştirak etdiyiniz yarışlarla Azərbaycanda keçiriləcək yarışlar arasında şəraitlə bağlı hansı fərqlər var?
- Doğrusunu deyəcəyəm. Doğrudan da dünyanın əksər ölkələrində keçirilən yarışlara qatılmışam. Ancaq bizdəki kimi yaradılan gözəl şəraitlə qarşılaşmamışam. Hesab edirəm, bunun müsbət nəticəsi mütləq olacaq. 12 min könüllü prosesə qoşulub. Onların çoxu gənclərdir. Həmin gənclərə perspektiv açılacaq. Bu, onlar üçün böyük bir məktəb olacaq. Azərbaycanı təbliğ edəcəklər. Birinci Avropa Oyunları başa çatdıqdan sonra həmin gənclər mütəxəssis olaraq yetişəcəklər. Bunun mühüm əhəmiyyəti var. Biz yaxşı mənada Azərbaycana gələcək əcnəbiləri heyrətləndirə biləcəyik. Ölkəmiz barədə müsbət fikir formalaşdıra biləcəyik. Əminəm ki, Azərbaycana gəlib geri dönən insanlar Azərbaycanla bağlı müsbət fikirdə olacaqlar. Çünki görülən işlərin nəticəsi olaraq bunu demək olar.
- Belə irimiqyaslı tədbirlər Azərbaycan idmanının tərəqqisində hansı rolu oynaya bilər?
- Azərbaycanda idmana meyl hər zaman olub. Əsasən də ölkəmizdə güləş, boks karate və taekvando kimi idman növləri populyardır. Amma ümumilikdə idmana meylin, marağın artmasında Avropa Oyunlarının böyük rolu olacaq. Məsələn, su idman növləri bizdə zəif idi. Amma Avropa Oyunları zamanı suya tullanma və Mingəçevirdə Avarçəkmə yarışları baş tutacaq. Artıq bu idman növlərinə də tendensiya güclənəcək. Çox gözəl idman qurğuları tikilib. Yaxşı şərait yaradılıb. Bütün bunlar bir sıra idman növlərinin inkişafına müsbət təsir göstərəcək.
- Karate üzrə Dünya çempionusunuz. Olimpiya çempionatlarında karate yer almayıb. Buna rəğmən Birinci Avropa Oyunlarına karate də salınıb. Buna münasibətiniz necədir?
- Bəli, çox təəssüf ki, bu günə qədər karate Olimpiya Oyunlarında yer almayıb. Lakin artıq Avropa Oyunlarına salındısa, ümumən dünya karateçilərinə, eyni zamanda bizə, Azərbaycan karateçilərinə böyük hədiyyədir. Buna görə bütün dünya karateçiləri cənab Prezidentə minnətdardılar. Bu, üzərimizə məsuliyyət qoyur və biz də məsuliyyətimizi hiss edirik. Eyni zamanda bu etimadı doğrultmaq borcumuzdur. Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları Yay Olimpiya Oyunu səviyyəsində olacaq. Ona görə də bu, bizim üçün çox sevindiricidir. Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə Olimpiya Oyunlarında karatenin salınmasına yol açacaq. Karate təlim, tərbiyə deməkdir. Əminik ki, Azərbaycan karateçiləri bu oyunda öz sözünü deyə biləcəklər.
- Ülvi müəllim, Azərbaycanı karate üzrə kimlər təmsil edəcək?
- Təlim toplantıları keçirilir. Təbii ki, yüksək nəticə göstərən karateçilərimiz diqqətə alınacaq. Bu gün məşqlər üçün hər cür şərait yaradılıb. Yalnız iş idmançılara qalır. Dövlət, prezident idmançılar üçün hər cür şərait yaradıb. Birinci Avropa Oyunlarında prezidentimiz bizə şans yaratdı ki, gücümüzü sınayaq və özümüzü göstərək. Biz də yüksək nəticə göstərməyi özümüzə borc sayırıq. Mən bunu idmançılarımıza da izah edirəm ki, cənab Prezident bizə şans yaratdı. Orada yüksək nəticə göstərməməyə haqqımız yoxdur. Azərbaycan Milli Karate Federasiyası Birinci Avropa Oyunlarında təmsil olunacaq. Burada baş məşqçi Rəhman Hətəmov, məşqçilər Rəşad Hüseynov, Vahid Ayvazov, Oqtay Məmmədovun adını xüsusilə çəkmək istəyirəm. Komandanın kapitanı Rafael Ağayev dünyanın bir nömrəli idmançısıdır. Mən zaman tapan kimi idmançılarımızla birgə məşq edirəm. Bilirəm ki, bu, gənclərimizə böyük stimuldur. Onları həvəsləndirmək yoludur. Əmin olun ki, Azərbaycan karateçiləri yarışda yüksək göstərici əldə edəcəklər.
- Sonda idmançılarımıza arzularınızı bilmək istərdik...
- Onlara yalnız və yalnız qələbə arzulayıram. Xalqımıza qələbə sevinci yaşatsınlar.
Ayyət Əhməd