“Biz ermənilərlə birlikdə Qarabağda yaşamağa hazırıq”

“Bir şərtlə ki, rus və erməni qoşunları torpaqlarımızdan çıxarılsın, məcburi köçkünlər öz evlərinə qayıtsınlar”



Tbilisidə "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası” adlı konfrans keçirilib. Tədbirdə çıxış edən Rusiyada yaşayan erməni ictimai fəal Oksana Altunyan deyib ki, Azərbaycanlılar və ermənilər sülh şəraitində birgə yaşaya bilirlər. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər biri-birlərinə qardaş deyirlər.
Atasının əslən Qarabağdan olduğunu söyləyən O.Altunyan Azərbaycan və Ermənistan arasında təmas xəttində toqquşmalar olanda çox böyük narahatlıq keçirdiyini də qeyd edib. Onun fikrincə, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar dayandırılmalı və hər iki xalq Qarabağda yenidən birlikdə yaşamalıdır.
Sabiq millət vəkili, professor Həvva Məmmədova isə hesab edir ki, ermənilər azərbaycanlılarla mehriban qonşuluq münasibətində yaşamaq istəyirlərsə, Dağlıq Qarabağın işğalına son qoysunlar və yurd-yuvasından köçkün düşən azərbaycanlıların hamısı öz evlərinə qayıtsınlar: 

"Az qala 30 ildir torpaqlarımız erməni tapdağı altındadır. Vaxtı ilə oradan məcburi çıxarılan yaşlı insanların çoxu vətən həsrəti ilə bu dünyadan köçüblər. Biz ermənilərlə birlikdə Qarabağda yaşamağa hazırıq, o şərtlə ki, rus və erməni qoşunları torpaqlarımızdan çıxarılsın, məcburi köçkünlər öz evlərinə qayıtsınlar, Dağlıq Qarabağın status məsələsinə baxılsın, ancaq o zaman birgə yaşayış barəsində düşünmək olar. Hələ də cəbhə xəttində atəşkəs rejimi davamlı olaraq pozulur, əsgərlərimiz şəhid olur, yaşayış məntəqələri ermənilər tərəfindən atəşə tutulur, meşələrimiz yandırılır, flora-faunamız məhv edilir, abidələrimizin adları dəyişdirilir. Belə bir situasiyada hansı qonşuluqdan danışmaq olar? Həyasızlığın dərəcəsinə baxın ki, torpaqlarımızda oturub, bizi günahlandırırlar”.

Rusiyada, Gürcüstanda yaşayan həmyerlilərimizin çox cüzi bir hissəsinin ermənilərlə dost-qardaş münasibətində olduğunu vurğulayan H.Məmmədovanın sözlərinə görə, erməni ictimai fəalının ümumiləşdirməsi absurddur: "Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icmasının nümayəndələri görüşüb müzakirələr aparmalı, birlikdə yaşamağın mümkün olub-olmadığını aydınlaşdırmalıdırlar. Ancaq bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Azərbaycan tərəfi dəfələrlə təşəbbüs göstərsə də, ermənilər hər zaman bu görüşlərdən qaçıb”.

Şəymən