Biz hələ o səviyyəyə çatmamışıq...

Hansı valideyn imkan verər ki, avtomobil qəzasına düşən və beyin ölümü keçirən gəncin orqanları bağışlansın?


Bütün dünyada olduğu kimi, Azərbaycanda da orqan çatızmazlığından əziyyət çəkənlərin və bu səbəbdən ölənlərin sayı artmaqdadır. Qanunun tələbinə əsasən, ölkəmizdə orqan bağışlanması könüllülük əsasında həyata keçirilir. Orqanın alqı-satqı obyekti olmasına icazə verilmir və bu cinayəti törədənlər üçün sərt cəza qaydaları mövcuddur.

Buna baxmayaraq ölkəmizdə orqanlarını bağışlamaq istəyən vətəndaşlar da var. Lakin təəssüf ki, bu məsələyə nəzarəti həyata keçirən müvafiq mexanizmlər yoxdur.

Bu günlərdə Türkiyədə yaşayan jurnalist həmkarımız Şəbnəm Karslı sözügedən məsələ ilə bağlı maraqlı status paylaşıb:

"Bu gün xəstəxanada bütün orqanlarımı beyin ölümümdən sonra bağışladığıma dair sənəd imzaladım. Ümid edirəm, daha uzun illər özüm işlədəcəm, amma məndən sonra da cismimin xəstə insanlara ümid olmasının xoşbəxtliyi bir başqadır”.

Qardaş ölkədə belə bir təşəbbüsün olması cəmiyyətimizdə də müzakirələrə səbəb olub. Görəsən, belə sənədlərin ölkəmizdə də olması mümkündürmü? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, Azərbaycanda belə sənədlərin olması üçün əvvəlcə müvafiq şərait yaradılmalıdır. Daha sonra isə "Donor haqqında” qanunun əsasında bir sistem qurulmalıdır: 

"Beləliklə uyğun donor mənbələri axtarmaq lazımdır. Türkiyədə belə bir sistem artıq qurulub. Demək olar ki, Türkiyənin bütün əyalətlərində bu proses aparılır. Belə məsələlərlə bağlı mütəxəssislər də fəaliyyət göstərirlər. Məsələn, Türkiyənin bir əyalətində kiməsə böyrək lazımdırsa, artıq sistem vasitəsilə bilirlər ki, növbədə kimdir və hansı ərazidən uyğun böyrək tapmaq olar.

Donor mənbələrinin bir qismi də könüllülərdir. İnsanlar düşünür ki, onsuz da həyatdan getdikdən sonra orqanlar lazım deyil. Lakin ölən şəxsin nə orqanı ola bilər? Sadəcə sümüklər, gözün selikli qişası və s. kimi orqanlardan istifadə mümkündür. Burada daxili orqanlardan söhbət gedə bilməz. Orqanlar xüsusilə kifayət qədər sağlam adamlardan götürülür. Əsas mənbə beyin ölümü keçirmiş orta yaşa qədər olan şəxslərdir. 

Çünki xüsusi konvensiya ilə hansısa şəxsin beyin ölümü keçirdiyini təyin edəndən sonra ondan orqan götürülə bilər. Amma gəlin görək bizim ölkədə hansı valideyn imkan verər ki, avtomobil qəzasına düşən və beyin ölümü keçirən gəncin orqanları bağışlansın? Bu prosesin yerinə yetirilməsi üçün gərək cəmiyyətimiz məsələyə psixoloji və intellektual baxımdan hazır olsun. Cəmiyyət imanlı, yüksək mədəniyyətli, sosial cəmiyyət olmalıdır ki, orqan bağışlanması üçün şərait yaradılsın. Çox təəssüf ki, biz hələ bu səviyyəyə çatmamışıq”.

Yeganə Bayramova