Biz informasiya müharibəsini beynəlxalq dildə aparmalıyıq

Bunun üçün də mümkün olduğu qədər xarici dilli nəşrlərin sayını artırmalıyıq
“Azərbaycanda alman, fransız, ispan, ərəb-fars dillərində də mətbuat orqanlarının çap olunmasına nail olmalıyıq. Xüsusən də, həmin nəşrlərin elektron variantı da olmalıdır”



Dövlət quruculuğunun dünyəvi, hüquqi və demokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, insanların sərbəst yaşaması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılıb. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması da daim diqqət mərkəzində olub.

Azad sözün aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün daim əlindən gələni edib. Azərbaycanda ən müasir tələblərə və dünya standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Azərbaycanda mətbuat və söz azadlığının təmin olunması, medianın inkişafı üçün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur. Azərbaycanda çıxan xarici dilli mətbuat orqanları üçün yaradılan lazımi şərait də plüralizmin və söz azadlığının bariz nümunəsidir. Azərbaycan qanunvericiliyi imkan verir ki, istənilən şəxs ölkədə rus, fransız, ispan və s. dillərdə qəzet buraxsın. Bu isə birmənalı olaraq plüralizmdir, mədəniyyət zənginliyidir. Qeyd edək ki, bu gün Azərbaycanda 5000-ə yaxın mətbu orqan rəsmi qeydiyyatdan keçib. Onların arasında xarici dildə nəşr olunan qəzet və jurnallar da var. Azərbaycan mediasının problemlərini onlar da yaşayırlar.

(... əvvəli ötən sayımızda)

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyevin sözlərinə görə, Azərbaycanda çıxan xarici dilli mətbuat orqanları arasında ancaq rusdilli və ingilisdilli mətbuata rast gəlmək olar: "Onların da tirajları çox məhduddur. Ümumi yanaşsaq, elə xarici dilli mətbuatın durumu ilə anadilli mətbuatımızın durumu eyni səviyyədədir. Yəni ki, anadilli mətbuatın üzləşdiyi bütün problemlər, çatışmazlıqlar mahiyyət etibarı ilə rusdilli və ingilisdilli mətbuatda da özünü büruzə verir”.

İngilisdilli mətubatın daha çox rəsmi məkanlarda, ofislərdə oxunduğunu vurğulayan ekspertin sözlərinə görə, qəzet bazarında həmin qəzetlər bir o qədər də əhəmiyyətli yer tutmur. Rusdilli qəzetlər isə nisbətən geniş yayılıb. Azərbaycanda xarici dilli mətbuat orqanlarının məhdud bazara sahib olduğunu vurğulayan A.Əliyevin sözlərinə görə, aparıcı internet portallarının əksəriyyəti öz məlumatlarının ingilis və rus dilində tərcüməsini yayırlar: "Sözün açığı, bu bazarın genişləndirilməsi istiqamətində də hələ ki ehtiyac duyulmur. Bu da ilk növbədə ölkədə xarici dilli mətbuata oxucu tələbatının olmaması ilə bağlıdır”.

Xarici dilli KİV-in əhəmiyyətinə gəldikdə isə ekspert deyib ki, Azərbaycanda fəaliyyət göstərən diplomatik orqanlar, beynəlxalq təşkilatların əcnəbi dildə çıxan media orqanlarına etimadı daha böyükdür: "Tək üstünlük odur ki, anadilli KİV-dən fərqli olaraq, xarici dilli KİV-də jurnalistlərdən daha çox professionallıq tələb olunur. Amma hesab etmirəm ki, xarici dilli mətbu nəşrlər cəmiyyətin həyatında daha böyük rol oynasın, yaxud da xüsusi təsir qüvvəsinə malik olsun. Çünki onların yayım dairəsi çox məhduddur”.

A.Əliyevin sözlərinə görə, Dağlıq Qarabağ və digər Azərbaycan həqiqətlərinin dünya əhalisinə çatdırılması istiqamətində xarici dilli internet resurslarının müəyyən qədər rolu var, amma çap mediası ilə bağlı bunları demək çətindir.

Azərbaycanda fəaliyyət göstərən əcnəbi dilli KİV-in fəaliyyətini yüksək dəyərləndirən "APA-Holding”in direktoru Vüsalə Mahirqızının sözlərinə görə, onların fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac var: "Bu gün Azərbaycanda fəaliyyət göstərən əcnəbi dilli nəşrlərin əksəriyyəti rus dilindədir. Çox az sayda da ingilis dilli nəşrlər var. Amma biz bununla kifayətlənməməliyik. Azərbaycanda alman, fransız, ispan, ərəb-fars dillərində də mətbuat orqanlarının çap olunmasına nail olmalıyıq. Xüsusən də, həmin nəşrlərin elektron variantı da olmalıdır. Biz hər kəsə öz dilində xitab etməklə öz həqiqətlərimizi beynəlxalq arenada yaymalıyıq.

Biz nəzərə almalıyıq ki, Azərbaycan dili beynəlxalq dillər sırasına daxil deyil. Amma biz faktiki olaraq informasiya müharibəsi şəraitindəyik. İstər-istəməz dünyada baş verən qlobal proseslər bizi buna vadar edər. Odur ki, biz informasiya müharibəsini beynəlxalq dillərdə aparmalıyıq. Bunun üçün də mümkün olduğu qədər xarici dilli nəşrlərin sayını artırmalıyıq. Faktiki olaraq, mövcud müharibədə bizim əsas silahımız xarici dilli media orqanlarıdır. Əgər Azərbaycan bugünkü informasiya müharibəsində az-çox uğur əldə edibsə, burada diplomatlarımızla yanaşı, xarici dilli media qurumlarının kifayət qədər rolu var. Saylarının az olmasına baxmayaraq, bu qurumlar sanballı nümunələr ortaya qoya bilirlər. Deməli, onların sayı hər nə qədər çox olsa, uğurlarımız da bir o qədər çox olar”.

İnternetin sərhədsiz bir məkan olduğunu vurğulayan V.Mahirqızı deyib ki, mətbu nəşrlərlə yanaşı, xarici dilli internet portallarının da sayının artırılmasında maraqlı olmalıyıq: "İnternet media vasitəsilə biz Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi reallıqları bütün dünya ölkələrinə çatdıra bilərik. Təbii ki, biz bütün bunları ana dilimizdə yayımladıqda, onu ancaq dünya azərbaycanlıları oxuya bilir. Amma beynəlxlaq dillərdə çap etsək, bütün dünya ölkələri də oxuyacaq”.

APA-nın direktoru onu da deyib ki, xarici dilli media qurumları təkcə siyasi, ictimai hadisələri işıqlandırmaqla kifayətlənməməlidir. Mədəniyyətimizi, turizmimizi, idmanımızı xarici arenada təbliğ edə biləcək nəşrlərimizə ehtiyac var”.

"Azernews” qəzetinin baş redaktoru Fazil Abbasov isə Azərbaycanda nəşr olunan ingilisdilli nəşrlərin fəaliyyətindən bəhs edib. O, Azərbaycanda xarici dilli mətbuatın formalaşması dövrünün müstəqillikdən sonrakı illərə təsadüf etdiyini söyləyib. Fazil Abbasov rəhbərlik etdiyi qəzetin 1997-ci ildən nəşr olunduğunu və ilk ingilisdilli qəzet olduğunu deyib. O, əsas məqsədlərinin əcnəbi vətəndaşlara Azərbaycanda baş verən proseslər haqqında düzgün informasiya çatdırmaq olduğunu qeyd edib. Cənubi Qafqazda fəaliyyət göstərən Beynəlxalq

İnformasiya Mərkəzi ilə əməkdaşlıq etdiklərini bildirən F.Abbasov qurum vasitəsilə nəşrin qonşu ölkələrə də yayıldığını vurğulayıb.

Azərbaycanda xarici dilli mətbuatın bir o qədər də inkişaf edən sahə olmadığını deyən "RİA-Novosti”nin şərhçisi İlqar Vəlizadənin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici dilli mətbuat orqanlarının sayı çox azdır: "Bu nəşrlər müəyyən təbəqənin maraqlarını ödəyəcək səviyyədədir. Daha doğrusu, xarici dilli media səfirlik və xarici şirkət nümayəndələrinin, onların ailə üzvləri üçün nəzərdə tutulub. Amma digər dillərə nisbətən rusdilli mətbuat Azərbaycanda daha geniş yayılıb. Bunun da əsas səbəblərindən biri Azərbaycanda yaşayan rusdilli, digər səbəb isə postsovet məkanında məskunlaşan əhalinin maraqlarını ödəmək, Azərbaycan haqqında reallıqların onlara çatdırılmasından ibarətdir”.

İ.Vəlizadənin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən rusdilli nəşrlər rusdilli əhalinin tələbatını ödəyir və bu sahədə çatışmazlıqlar çox azdır. "Amma rusdilli nəşrlər postsovet məkanında o qədər də geniş yayılmayıb. Faktiki olaraq, bizim nəşrlər digər ölkələrlə rəqabətdə geri qalırlar. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, bizim mövqeyimiz heç də bu məkanda dominantlıq edən KİV-lərin mövqeyi ilə üst-üstə düşmür. Həm də yayım baxımından Azərbaycanda çıxan rusdilli nəşrlərin fəaliyyəti geri qalır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən rusdilli qəzetlərin təbliğatı da zəifdir. Faktiki olaraq, postsovet məkanında erməni qəzetləri daha fəaldırlar. Onlar həm Ermənistanda çıxan rusdilli qəzetlər vasitəsilə öz təbliğatlarını aparır, həm də Rusiyada nəşr olunan mətbu orqanlarda fəallıq göstərirlər”.

Oxucu auditoriyasının səviyyəsinə gəldikdə isə İ.Vəlizadə deyib ki, Azərbaycanda xarici dilli mətbuata tələbat olmasa, onların heç biri mövcud olmazdı: "Çox maraqlıdır ki, anadilli auditoriyanın müəyyən bir kəsimi də məlumatları məhz rusdilli nəşrlər vasitəsilə əldə etməyə üstünlük verir. Bunun əsas səbəbi isə Azərbaycanda çıxan rusdilli nəşrlərdə digər ölkələrdə çıxan məlumatların da öz əksini tapmasıdır. Regionla, Azərbaycanla bağlı məqalələrə bu qəzetlərdə daha geniş yer verilir. Bu isə Azərbaycanda rusdilli mətbuatın mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarır.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb