“Biz silahı pul verib alırıq”

“Rusiya sona qədər çalışacaq ki, Azərbaycan kimi müştəridən imtina etməsin”
“Rusiyalı deputatlar tərəfindən səslənən açıqlamalar erməni daxili ictimai rəyi üçün səsləndirilən fikirlərdir”





Ötən gün Belarus mətbuatında "Azərbaycan tərəfi Rusiya silahlarından narazıdır” başlıqlı məqalə dərc olunub. Hərbi ekspert Yuri Baranoviç "UDF.by” saytındakı məqaləsində iddia edib ki, narazılığın səbəbi silahların keyfiyyətsiz olmasıdır. Onun sözlərinə görə, guya, 2017-ci ilin sonlarında hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Azərbaycan komissiyasının qapalı iclasında Bakı bu məsələni qaldırıb. İddiaya görə, Azərbaycan tərəfi silahla bağlı problemin aradan qaldırılmasında israr etsə də, Rusiya bunun mümkün olmadığını bildirib və 2021-ci ilə qədər işi təxirə salmaq lazım olduğunu deyib.

Xatırladaq ki, bu barədə xəbər rusiyalı deputat Konstantin Zatulinin Ermənistandakı çıxışından sonra dövriyyəyə buraxılıb. Zatulin erməni jurnalistlərin Rusiyanın aprel savaşından sonra da Azərbaycanı silahlandırdığı iradına cavab olaraq bildirib ki, Moskva aprel müharibəsindən sonra Azərbaycana 2016-cı ildən əvvəl bağlanmış müqavilə əsasında silah tədarük edib, yeni silah verməyib: "Əvəzində Ermənistana yeni silahlar tədarük etməklə tərəflər arasında balansı bərpa etmişik”. Nə qədər qəribə də olsa, Zatulinin bu açıqlamasını erməni mediası "Rusiyanın Azərbaycana verdiyi silahlar yeni deyil”, "Rusiya Azərbaycana daha köhnə, Ermənistana isə yeni silahlar verir”, "Azərbaycana satılan silahlar yararsızdır?” şəklində tirajladılar və erməni ekspertlər də bu yöndə şərhlər verdilər. Ardınca erməni mediasının informasiya manipulyasiyası, təəssüf ki, bəzi yerli saytlarda da əksini tapdı. Ancaq Müdafiə Nazirliyi Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan şayiələrə aydınlıq gətirib. Nazirlikdən verilən açıqlamada bildirilib ki, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır: "Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir. İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik. Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir. Eləcə də qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır”.

Yayılan informasiyalara münasibət bildirən hərbi ekspert Azad İsazadə deyib ki, rusiyalı deputatlar tərəfindən verilən açıqlamalar erməni daxili ictimai rəyi üçün səsləndirilən fikirlərdir. Erməni mediası bunu əsas gətirərək iddia edir ki, daha Rusiya Azərbaycana silah satmaq istəmir: "Hərçənd silah satışı ilə bağlı müzakirələrdə deputatlar iştirak etmir və qərarverici fiqurlar deyillər. Hazırda Rusiyanı dünya silah bazarından sıxışdırıb çıxarma prosesi gedir. Rusiyanın silah bazarında müştəri problemi də var. Bu mənada Rusiya sona qədər çalışacaq ki, Azərbaycan kimi müştəridən imtina etməsin. Ermənistandan fərqli olaraq biz silahı pul verib alırıq. Rusiya hərbi-sənaye kompleksi üçün bu məqam çox vacibdir. Bir yandan da ruslar Ermənistanı sakitləşdirmək istəyirlər ki, Azərbaycana silah satmayacağıq, narahat olmayın. Aydındır ki, Azərbaycan yalnız Rusiyadan silah almır. Əgər sabah Rusiya silahlarının alışına sanksiya tətbiq olunsa, bu, ayrı məsələdir. Bu halda biz silah almaq üçün paralel mənbələr axtarışında olacağıq. Belə mənbələr isə kifayət qədərdir”. Hərbçi mütəxəssis xatırladıb ki, Azərbaycan İsraildən, Ukraynadan, Çexiyadan, Belarusdan və digər ölkələrdən də silah alır: "Silah almaq üçün mənbə kifayət qədərdir. Əsas odur ki, əlində maliyyən olsun. Erməni saytlarında yazılanlar və bir çox rusiyalı ekspertlərin tərəfdar olduğu fikirlər isə sadəcə erməni cəmiyyəti üçün deyilən sözlərdir. Buna ciddi yanaşmağı doğru hesab etmirəm”.

Politoloq Zaur Məmmədov da bildirib ki, hər bir satıcı kimi Rusiyanın da əsas məqsədi silah sataraq maliyyə əldə etməkdir. Moskvanın indiki iqtisadi durumunu nəzərə alsaq, bu, Rusiya üçün xarici ölkələrə silah satışını daha da aktual edir. "Məsələn, 2012-2016-cı illər ərzində Rusiyanın silah eksportunda Azərbaycan ilk beşlikdə qərarlaşmışdı. Biz alıcıyıq. Bizə silah satmaq istəyən ölkələr siyahısında təkcə Rusiya deyil, digər dövlətlər də var”. Z.Məmmədov əlavə edib ki, Bakı silah importunda şaxələnmiş siyasətin tərəfdarıdır və bunu reallaşdırır. Rus ekspertlərinin səsləndirdikləri fikirlərə gəlincə, politoloq vurğulayıb ki, bu, erməniləri sakitləşdirmək üçün verilən bəyanatlardır: "Bunlardan biri Stanislav Tarasov kimi kimə xidmət etdiyi məlum olan şəxsdir”.

İsmayıl