"Bizdə nə çəkirsən çək, sona qədər yayımlanır"
Rövşən İsak: "Amma türklərdə elə deyil, serial reytinq verməsə, ekrandan çıxarılacaq"
Mən çörək yediyim qabı təmiz saxlamağa çalışıram. Mən bir işin çəkilişlərinə başlayanda, o istər film olsun, istər serial, demək olar evdə tapılmıram. Günlərlə evə gəlmirəm. Hər dəfə də bunu deyirəm, uşaqlarım indi körpədir, sabah böyüyüb mənim çəkdiyimə baxanda, deməsinlər ki, atamız bundan ötrü evə gəlmirmiş?
Türkün aktyoru yaxşıdır deyə bir anlayış da yoxdur. Bizim aktyorlar niyə yaxşı oynamır ki? Sən o aktyorumuza yaxşı pul ver, gör necə oynayır
İnformasiya bolluğunun bu qədər çox olduğu zamanda, insanlara hər hansı ekran əsəri ilə təsir etmək o qədər asan deyil. Tamaşaçı psixologiyasına işləmək, onu ekrana bağlamaq həqiqətən böyük peşəkarlıq tələb edir. Bəs bu gün çəkilən filmlər, seriallar necə, tamaşaçını ekrana bağlaya bilirmi? Nəyə görə yerli seriallarımız tamaşaçının marağını yetərincə təmin etmir? Yerli seriallarımızın keyfiyyəti, çəkilən ekran əsərlərinin nə qədər peşəkar çəkilib, çəkilməməsindən danışmaq üçün rejissor Rövşən İsaxa müraciət etdik. Onun yerli seriallar barədə fikirləri həm düşündürdü, həm də narahatlıq üçün səbəb yaratdı. «Şərq»ə danışan Rövşən İsax seriallarımız barədə maraqlı fikirlər səsləndirdi.
- Adətən işgüzarlığı ilə seçilən Rövşən İsax bu mövsüm görünmədi. Yeni layihə üzərində işlər başlayırmı?
- Rövşən İsak işgüzarlığı ilə seçilir. Amma heç vaxt mənəm-mənəmlik etmir. Yeni bir layihə üzərində işlərə başlamışıq. Artıq yeni aktyor heyəti üzərində müzakirələr aparırıq. Allahın izni ilə gələn mövsümə yeni bir serial çəkilişinə start verilməlidi.
- Yeni aktyor heyəti axtarırıq dediniz. Tamaşaçı qarşısına eyni aktyor heyəti ilə çıxmaq yorub sizi? Tamaşaçıya eyni aktyorları göstərmək istəmirsiz? Yeni simaların axtarışına çıxmısız?
- Yox. Çəkdiyim ekran işlərində köhnə adamlardan istifadə eləməmək kimi bir məqsədim yoxdu. Yeni aktyor heyəti deyəndə söhbət siması indiyə qədər efirdə görünməməkdən getmir. Sadəcə elə rollar, obrazlar var ki, onun yaşı, görünüşü, aktyor potensialına uyğun gəlməlidir. O, tamaşaçının tanıdığı aktyor da ola bilər, tanımadağı yeni sima da. Mən bilmirəm başqaları necə işləyir. Mən məşq etmədən aktyoru filmə çəkmirəm. Mütləq sınaq çəkilişləri olur. Bəli, hansı aktyor o rolun öhdəsindən gəlirsə, onunla işləməyə qərar veririk.
- Belə olanda incimirlər sizdən?
- Professional aktyor heç vaxt incimir. İnciyə də bilməz. Çünki professional aktyor bilir nəyə görə dəvət olunub. Professionaldırsa, bilir ki, film çəkilərkən sınaq çəkilişlərinin olması normal prosesdi. Model ola bilər ki, sınaq çəkilişlərinə gəlsin çəkilməsin, incisin. Modelin xətrinə dəyə bilər.
- Adətən son vaxtlar seriallarda dırnaqarası «Model» aktrisalara da rast gəlirik. Ucuz olsunmu deyə rejissorlar onları filmdə çəkir?
- Mən başqalarının işi barədə fikir bildirmək istəmirəm. Allah hamının yolunu açıq eləsin.
- Axı hamının da yolunu açmaq doğru olmaz. Göz yumub keçmək nə qədər düzgündür? Son dönəmlər çəkilən bir çox serialların keyfiyyəti yəqin ki, sizin də diqqətinizdən qaçmayıb.
- Görünən kəndə bələdçi lazım deyil. Hər şey göz önündədir. Mən yalandan tərifləsəm ki, çəkilənlər əladır, onda da deyəcəklər ki, bu rejissora nə düşüb ki, yalandan kimisə tərifləyir? Yıxılana da balta vurmazlar.
- Axı bunu yıxılmaq kimi də dəyərləndirmək olmaz. Yaradıcılıq, sənət yığılmaqla, əl tutmaqla inkişaf edə bilməz.
- Dediyinizdə həqiqət var əslində. Amma belə bir söz deyim. Deyək ki, efirdə çox ucuz, heç bir marağı olmayan, dramaturji qanunları qorunmayan və s. və ilaxır seriallar yayımlanır. Bu çəkəni də, çəkiləni də qoyaq bir kənara. Bunların zəif işi aydındı. Problemi başqa tərəfdə axtarmağa çalışaq. Bir iş peşəkar deyilsə, niyə bunu telekanal yayımlayır? Ona görə də ocağı söndürüb, külü ilə oynamaq lazım deyil. Əgər bir ekran işi zəifdirsə, kanal bunu yayımlayırsa, artıq o ekran işi barədə söhbət etməyə ehtiyac yoxdu. Hə, mən bilsəm ki, mənim tənqidi fikirlərimdən, subyektiv münasibətimi bildirməyimdən, sözümdən kimlərsə nəticə çıxaracaq, onda deyərəm. Axı mənim danışmağımın mənası yoxdu. Yel qayadan heç nə aparmır. Dəyirman öz işini görəcək, çax-çax baş ağrıdacaq. Görmürlər ki, efirlərdə olan seriallar nə gündədir? Görünür. Amma buna baxmayaraq yayımlanır. Mən bir işə başlamamışdan əvvəl filmə hazırlıq işləri görürəm. Deyək ki, aylarla bəstəkarla işləyirəm. Ona görə yox ki, mən qoçağam. Bu işin qaydası budu. Bunu sinəmə döymək üçün də demirəm, bu, belə olmalıdı. İşinə hörmət edən rejissor belə etməlidir. Çünki bu işin adı, qaydası budur. Biri də var nə gəldi, necə gəldi, qeyri-peşəkar şəkildə nəsə çəkəsən. Mənə o qədər senari təklifi olunub ki, baxıram, deyirəm bax, sənin bu senarini mənə sən yox, bir digəri təklif etsin, çəkim, insafla danış, sən özün tamaşaçı kimi baxarsan? Dayanıb üzümə baxır. Axı həqiqəti deyirəm. Türklər serial bazarında rəqabət aparırlar. Türklər reytinq canavarı deyirlər bu rəqabətə. Mən serialı zəif çəksəm, bu ekran işinin yayımı dayandırılacaq deyə, onlarda narahatlıq, məsuliyyət var. Çünki reytinq verməyən serial ekrandan çıxarılır. Bizdə isə bu yoxdu. Yaxşı çəkdin, pis çəkdin, sona qədər göstərib, yayımlayacaqlar. "Ala başına, kül başına" çəkib efirə çıxarırlar. Türklərdə serialın efirdə yer alması üçün müqavilə bağlanır. Bizdə bu təcrübə yoxdu. Qaldı yola vermək xatirinə çəkilən ekran işlərinə, mən də onlar kimi necə gəldi çəkə bilərəm. Amma etmirəm, edə bilmirəm, çünki nə vicdanım buna yol verir, nə də rejissor peşəkarlığım. Bilirsiz niyə? Mən çörək yediyim qabı təmiz saxlamağa çalışıram. Mən bir işin çəkilişlərinə başlayanda, o istər film olsun, istər serial, demək olar evdə tapılmıram. Günlərlə evə gəlmirəm. Hər dəfə də bunu deyirəm, uşaqlarım indi körpədir, sabah böyüyüb mənim çəkdiyimə baxanda, deməsinlər ki, atamız bundan ötrü evə gəlmirmiş? Çəkdiyimdən utanmasınlar. Mən işimi bacardığım qədər ləyaqətlə, vicdanla, məsuliyyətlə yerinə yetirmək istəyirəm. Baxmayaraq ki, ona sabah layiqli qiymət veriləcək, ya yox.
- Yəni hər çəkilişdə özünüzə bir hesabatınız, bir imtahanınız qurulur.
- Bəli. İnanın səmimiyyətimə, hər çəkilişdə mən o imtahanımı özüm üçün qururam. Mən aktyorumun da qarşısında rejissor olaraq imtahan vermiş oluram. Aktyorumdan da eyni münasibəti tələb edirəm. Mənimlə işləyən aktyorların da şükür ki, 98 faizinin əqidəsi mənimlə eyni olub. İşbirliyimiz, məqsəd birliyimiz uyğun gəlib ki, çəkilib. Uyğun gəlməyənlərə yaxşı yol.
- Filmin çəkilişlərinə qədər olan prosedur əslində vacibdir. Dramaturji yükü olmayan senarini çəkmək özü qeyri-peşəkarlıq sayılır. Bizdə isə senarilərdə dramaturji yükü görmək olmur. Niyə hamı bu gün özünü senarist hesab edir?
- Əgər mən yazıramsa, onun nə cür olmasından asılı olmayaraq yazdığım çəkilir və yayımlanırsa, mən niyə canımı cəfa verməliyəm? Onsuz da pis-yaxşı yazdığımı çəkən tapılır. Onda da mən özümü güclü senarist hesab etməyə başlayıram. Bizdə bu reallıqdır. Bizdə serial sektorundan söhbət gedirsə, aktyorlarda da, rejissorlarda da inkişaf var. Operatorlar da inkişaf edə bilib. Amma senari sahəsində tam əksinə, sürətlə geriləmə var. Bu sahə bizdə iflic olub. Nəzərə alın ki, bu gedişlə gələcəkdə bundan da ağır vəziyyətlə üz-üzə qalarıq. Bizdə keyfiyyətə önəm verən yoxdu. İki dövlətin serial, kino sektorunu dəqiq bilirəm. Orda müqavilə bağlanır. Bir neçə bölüm üçün müqavilə bağlanır. Əgər reytinq vermədisə, yayımı dayandırılır. Amma bizdə bu ənənə, bu təcrürbə yoxdu. Ona görə də heç kimdə o məsuliyyət hissi yoxdu.
- Biz adətən türk serialları ilə müqayisəni sevirik. Deyirik ki, onların aktyorları daha inandırıcı, təbii oynayır, bizim seriallar süni görünür.
- Bilirsiz, serial, film elə bir yaradıcılıq sahəsidir ki, burda zəncirvari bağlılıq var. Bunun senarisi də güclü olmalıdır, bunun rejissor işi də düzgün qurulmalıdır, aktyor ifası da özünü göstərir, bəstəkar işi də sözünü deyir. Yəni kompleks şəkildə peşəkarlıq tələb olunur. Türkün aktyoru yaxşıdır deyə bir anlayış da yoxdur. Bizim aktyorlar niyə yaxşı oynamır ki? Sən o aktyorumuza yaxşı pul ver, gör necə oynayır. Sən rejissor olaraq aktyorun qarşısına qoyulan vəzifəsini düzgün izah et, ondan aktyor kimi nə tələb olunur, obraz nəyi tələb edir bunu izah et, sonra ondan istədiyini al. Mən başqa serialların çəkiliş meydançalırında olmamışam, amma aktyorlar deyir ki, məşq nədir? Mətni bilirsən, ya Allah, qalxın çəkək. Belə film, serial çəkilə bilməz, amma çəkilir. Məşq də yoxdu, senari də zəifdir, rejissor işi də bərbaddı. Amma nə olsun, nə çəkirsən çək, efirdə yayımlanır. Ən böyük problem elə burdan başlayır. Bir misal çəkəcəm. İki dövlət müharibə aparır. Bir tərəf hücum edir, digəri susur. Padşah sərkərdəsini çağırıb soruşur ki, biz müharibə aparmırıq? Deyir aparırıq. Deyir bəs onlar atırlar, öldürürlər, biz niyə susuruq? Biz də ataq da. Sərkərdə deyir ki, padşah sağ olsun, bizim onlara cavab verməməyimizin 12 səbəbi var. Deyir birini söylə. Sərkərdə qeyd edir ki, birinci barıt yoxdu, deyir, bəsdi, aydın oldu.
- Yəni bizim serialların «barıt»ı çatmır?
- Bizdə nə çatır ki? Problem bilirsiz nədədir? Nə çəkirsən çək, kim çəkir-çəksin yayımlanır. Problem budur. Bir deyən yoxdu bu nədi çəkilib, bunu kim çəkib. Youtubda olan serialların baxışına, bir də şərhlərə baxın, görün tamaşaçı nələr yazır? Səbəbin ən böyüyü təkrar edirəm bilirsiz nədir? Nə çəkilsə, efirdə təqdim olunur. Günahkar efirlərdir. İlk səbəb budur.
- Bəs qonorarın təsiri olurmu? Deyirlər yaxşı qonorar olanda keyfiyyətə təsir edə bilir. Yəni ac aktyordan güclü obraz tələb etmək doğru deyil.
- Əlbəttə, maddiyyatın keyfiyyətə təsiri var. Kim deyir ki, təsiri yoxdu, yalandı. Bizi Türkiyə ilə müqayisə etmək belə doğru deyil. Türkiyənin reklam bazarı ilə Azərbaycanın reklam bazarı müqayisəyə gəlməz dərəcədə fərqlidir. Bu reallığı qəbul edək. Gəlin azərbaycanlı rejissora türk rejissoruna verilən qonorarı verək. Əminsiz keyfiyyətli çəkəcək? Bizdə məsuliyyət yoxdu. Türklərin 90-cı illərdə çəkdikləri ilə indiki arasında olan fərqə baxın. Çünki onlar rəqabətə keçdilər. Kanallar arasında rəqabət oldu. Rejissor rəqabəti oldu. Bu serial rəqabətdə vurub digərini ekrandan çıxartdı. Adamlar başa düşdülər ki, «biz bura para harcıyoruz, ya…» Bizdə bu rəqabət yoxdu. Bir az vicdanı olan rejissor 5 manat da alsa yaxşı çəkməyə çalışır. Vicdanı olmayan da sadəcə çəkir. Onsuz da mən o 5 manatımı zəif də çəksəm alacam, güclü də çəksəm verəcəklər. Niyə özümü yorum ki? Mən yaxşı çəkəndə isə kimsə mənə 15 manat vermir. Türkiyədə isə reytinq üzərindən qonorar alınır. Seriala reytinqlə pul ödəyir. Maddiyyata gəlincə, təbii ki, maddiyyatın keyfiyyətə təsiri danılmazdır. Maddiyyatın nəyə təsiri yoxdu ki, serial sektoruna da təsir etməsin? Ac aktyordan, ac rejissordan güclü iş gözləyirik? Ac başda güc, ağıl olar? Bir də biz həmişə rusu, türkü misal çəkirik. Amma biz misal çəkilmək üçün cəhd etmədik. Bizdən də bir misal çəkilsin deyə iddialı olmadıq. Avropanın mənəviyyatı da, kökü də bizdən zəifdir. Amma onun kinosunun siması var. Bizim kino simasız olub.
Tahirə Məmmədqızı