80 yaşlı müəllim hələ uzun illər, “tələbə yoldaşlara” yol göstərəcək
Müəllim olmaq müəyyən bir sahədə mütəxəssis olmaqdan daha çətindir. Müəllimlik şərəfli
olduğu qədər də, böyük məsuliyyət tələb edən bir peşədir. Gəlin, etiraf edək ki, "müəllim” adını
qazanmaq heç də hər insana qismət olmur.
Bu peşəni uca bir dağa bənzədərdim. Ancaq o dağın zirvəsinə qalxa bilənlər öz vəzifələrinin
üzərindən layiqli şəkildə gələ bilərlər. Əminliklə deyə bilərəm ki, həmin dağın zirvəsində olan
müəllimlərdən biri də BDU-un jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müəllimi Mahmud Mahmudludur. Bir neçə gün əvvəl Mahmud müəllimin ad günü
idi, 80 yaşı tamam oldu. O, illərdir həmin zirvədə qalmaqla bərabər, tələbələrinə də müxtəlif
zirvələrə gedən yolda kömək əli uzadır, bacardığı qədər onları yuxarı çəkib aparır.
Deyirlər, insanları tanımağa bir ömür də bəs etmir. Amma fikrimcə, müəllimimi kifayət qədər
tanımışam. Bir cümlə ilə desəm, Mahmud müəllim gözəl insan, müəllimlik etalonu və
jurnalistika üzrə əla mütəxəssisdir. Özü də elə-belə yox ha, əsl mütəxəssis. Təkcə bir tutarlı faktı
deyim ki, hazırda ölkə mətbuatının kapitanları sayılan Aqil Abbas, Mirşahin Ağayev, Rəşad
Məcid, Akif Aşırlı, Məzahir Süleymanzadə, Murad Fərzəliyev yetişdirib Mahmud müəllim.
Deməli, heç bir mübaliğəsiz söyləmək olar ki, müasir Azərbaycan mətbuatının formalaşmasında
böyük xidmətləri olan insanlardan biri də Mahmud müəllimdir. Adını çəkdiyim jurnalistlər vaxtı
ilə o zamanın 45-50 yaşlı müəllimlərinin mühazirələrinə qulaq asıb, onlara imtahan veriblər. O
günlərdən bu günə elə də çox şey dəyişməyib. Sadəcə illər ötüb, yaşın üstünə yaş gəlib. Amma
Mahmud müüəllim yenə də böyük səylə jurnalistlər yetişdirməyə davam edir, həvəslə
auditoriyalara girir, dərsini keçir. Hə, əlbəttə, dərsdən əlavə özünün dediyi kimi, "tələbə
yoldaşlar”a tövsiyələr verməyi də unutmur.
Maraqlıdır, o bizi sevdiyi kimi, biz də hamımız bir nəfər kimi onu sevirik. Məncə, bunun bir
səbəbi var: Çünki xahiş tələb səviyyəsinə çıxmır.
Görünür, Mahmud müəllim öz peşəsinin nəbzini tutmağı bacarıb. Elə, əsas da budur. İnanırıq ki,
hələ çox güclü qələm sahibləri yetişdirəcək, bizim Mahmud müəllim.
100 yaşayın, əziz insan, doğma müəllim! Həmişə indiki kimi gümrah olun! Jurnalistika ilə
məşğul olan insana deyiləcək ən gözəl arzu isə yəain ki, bu olar: Qələminizə qüvvət! Yazın,
yaradın, Mahmud müəllim! Biz sizdən, sizin qələminizdən çıxan yazılardan öyrənirik. Arzu
edirəm ki, növbəti yubileylərinizdə bizə yenə "dərs keçib”, müsahibələr verəsiz.
Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi