“Bizim ordumuz Ermənistan ordusu deyil ki...”

“Qoca kişiləri küçədən yığıb, silahlandıraq?!”



Sankt-Peterburqda baş tutan İlham Əliyev və Serj Sarkisyanın görüşünü şərh edən millət vəkili Fərəc Quliyev münaqişənin sülh yolu ilə həllinə bu dəfə də nail ola bilməsək, rəsmi Bakının atacağı növbəti addımlardan danışıb.

"Nəticə dinc yolla yoxdursa, hərb yolu ilə olmalıdır”- deyən millət vəkili 40 yaşından 55 yaşına qədər hamının səfərbər olunmasını təklif edir: "Türk ordusunda bir "akınçı” dəstələri var idi - öndə gedən və ölümü gözə alan. Bizlər qabaqda gedək, döyüşümüzü edək, ordu da gəlib arxada dayansın, itki vermədən torpaqlarımızı qısa zamanda azad edək”.

Millət vəkilinin təklifini şərh edən hərbi ekspert Üzeyir Cəfərov vətənpərvərliyi və təəssübkeşliyinə görə, Fərəc müəllimin bu təklifini təqdir edib. Amma indiki reallıqda Azərbaycanda belə bir səfərbərliyə ehtiyac olmadığını deyib: "Bu cür qüdrətli orduya və peşəkar hərbiçilərə sahib bir ölkənin 40-55 yaşlı kişiləri orduya səfərbər eləməyi düzgün deyil. Hərbiçilərdən əlavə Azərbaycanın kifayət qədər ehtiyat səfərbərlik resursları var. Ehtiyac yaranacağı halda xidmət müddətini başa vuran hərbi qulluqçuların gücündən istifadə oluna bilər. Əslində biz aprelin əvvəllərində gedən döyüşlər zamanı Müdafiə Nazirliyinə müraciət edərək keçmiş döyüşçülərin cəbhə bölgəsinə cəlb olunması təklifini irəli sürdük. Sağ olsun, Zakir Həsənov da bu müraciətimizə müsbət cavab verdi. Beləliklə də, birinci Qarabağ savaşında uğur qazanan komandirləri, başda iki Azərbaycan bayrağı ordeni olan polkovnik Şair Ramaldanov və Əfqanıstan və Qarabağ müharibəsi iştirakçıları Əzizağa Qənizadə ilə Müdafiə Nazirliyinin təcrübəli zabitlərindən olan Xətai Baxışov və bir sıra keçmiş döyüşçülər hərbi hissələrə baş çəkərək həm əsgərlərimizə mənəvi dayaq oldular, həm də öz döyüş təcrübələrini onlarla bölüşdülər. Millət vəkilinin çağırışı isə hərbin qayda-qanunları ilə uzlaşmır. 40-55 yaşlı kişilərin döyüş zamanı qabağa verilməsi və ordunun onların arxasında getməsi qeyri-peşəkar yanaşmadır. Müharibənin öz qayda-qanunları var. Hərb elminin qaydalarına əməl etmədən müasir dövrdə uğur əldə etmək mümkünsüzdür. Fərəc Quliyevin məramını başa düşür və anlayıram. Amma bizim ordumuz Ermənistan ordusu deyil ki, qoca kişiləri küçədən yığıb, silahlandıraq?! Aprel döyüşlərində proseslərə cəlb olunan döyüşçülər heç Silahlı Qüvvələrimizin 20-30 faizi deyildi. Ordumuz tam tərkiblə müharibəyə qatılsa, Ermənistanda adam qalmazdı. Amma müharibənin gedişini bilmək olmur. Əgər Qarabağda savaş başladığı halda ordumuzun əlavə dəstəyə ehtiyacı yaranarsa, o zaman hadisələrin inkişafına uyğun olaraq addımlar atılmalıdır. Əlbəttə ki, səfərbərlik də olmalıdır və olacaq. Bu gün isə ordunun şəxsi heyəti o səviyyədədir ki, məncə, səfərbərlik zərurəti yoxdur”.

Şəymən