Elbəyi Cəlaloğlu: “Əli Babayev öz həmvətənlərinə, soydaşlarına qarşı bu qədərmi sayğısızdır?”
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, "Gürcü Arzusu” Koalisiyasının Siyasi Şurasının üzvü Əli Babayev "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini ittiham edib. Əli Babayev bəyan edib ki, Suriya və ərəb ölkələrində baş verən proseslər Gürcüstana da təsirsiz ötüşmür. Onun sözlərinə görə, "Borçalı” Cəmiyyətinin Elat Bayramına apardığı insanlar arasında həmin radikal qrupun nümayəndələri də var:
"Gürcüstan hakimiyyəti "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin yox, elə həmin təhlükəli adamların ölkəyə gəlməsini qadağan edib. Z.Məmmədli yaxşı fikirləşsin ki, niyə onu Gürcüstana qoymurlar. Səbəbini özü bilir”. Ə.Babayev Cəmiyyətin fəaliyyəti ilə bağlı da müəyyən açıqlamalar verib: "Vaxtı ilə "Borçalı” Cəmiyyəti vardı, Gürcüstanda yaşayan azərbaycanlıların torpaq, məktəb, kənd adları və s. problemləri ilə maraqlanır, öz münasibətini bildirirdi. Z.Məmmədlinin rəhbərlik etdiyi indiki "Borçalı” Cəmiyyətində isə populist çıxışlardan başqa heç nə eşitməmişik. Üstəlik, sədr keçmiş Gürcüstan hakimiyyətinə yaltaqlanır. Bəyanat verərək Saakaşviliyə dəstək verir, sonra İvanaşviliyə təbrik yollayır. Bu siyasət bizə əl verməz. Biz istəyirik ki, Gürcüstan azərbaycanlılarının lobbisi burda bir olsun, fəaliyyət göstərsin”.
Hazırda İstanbulda olan "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə barəsindəki ittihamlara çox qısa cavab verib və deyib ki, Əli Babayev bu bəyanatı ilə özünü ifşa edib: "Pozucu şəbəkə özünü ifşa edir. Başqasına quyu qazan özü düşər. Əli Babayev artıq o quyunun dibindədir. Başqa heç nə demirəm. Hamı kimin nə iş gördüyünü yaxşı bilir”.
"Borçalı” Cəmiyyətinin sədr müavini Elbəyi Cəlaloğlu da qurumla bağlı söylənilən ittihamlara cavab verib. O deyib ki, yıxılana balta vurmaq türk əxlaqına yad elementdir: "Müsahibəsini oxuduqda çox məyus oldum. Zəlimxan bəyin Gürcüstana buraxılmaması gürcü-Azərbaycan dostluğunu gözü götürməyənlər tərəfindən süni olaraq tərtib olunub. Gündəmdə qalmağa çalışan bəzi soydaşlarımız toplumun inkişafını qısqanclıqla qarşılayır, burada bir paxıllıq sindromu var. Normal rəqabət biri-birinin ayağından çəkmək, biri-birinə mane olmaq yox, əksinə, daha yaxşı fikir, daha ağıllı bir model irəli sürməkdən ibarət olmalıdır. Əli Babayev iddia edir ki, Elat Bayramına gedənlərin içində İŞİD-çilər var. Axı o bunları haradan bilir? Yoxsa, onlar Gürcüstana gələrkən onunla görüşürlər?! İnsan özü-özünə böhtan atmaz, hər halda Ə.Babayev nəsə bilir. Ona görə də hesab edirəm ki, o, işlətdiyi ifadəyə aydınlıq gətirməsi üçün məhkəməyə cəlb olunmalıdır”. E.Cəlaloğlunun fikrincə, Ə.Babayevin sözləri qaranlığa daş atmaqdan, şəxsi- qərəzlikdən başqa bir şey deyil: "Borçalı” Cəmiyyətinin gördüyü işlər göz qabağındadır, bunu sadalamağa ehtiyac yoxdur. Elat Bayramının keçirilməməsi Ə.Babayevə nə verəcək? Öz həmvətənlərinə, soydaşlarına qarşı bu qədərmi sayğısızdır? "Borçalı” Cəmiyyəti nə qədər Zəlimxan Məmmədlinindirsə, bir o qədər də sənin, mənim və digər soydaşlarımızındır”.
İsmayıl