Borçalılara imkan verin, məhsulunu Azərbaycan bazarına çıxarsın

“Qeyrət”in sədrinin feysbukdakı statusu reaksiyalar doğurdu
Gürcüstanın Qeyrət Xalq Hərəkatı Partiyasının (QXHP) sədri Əlibala Əsgərov öz feysbuk səhifəsində Borçalı türklərinə yardımla bağlı azərbaycanlı məmurlara çağırış edib. Təşkilat sədri qeyd edib ki, borçalıların becərdiyi məhsullar sahələrdə çürüyür:
"Azərbaycan dövlətinin yetkililəri, müvəqqəti də olsa, imkan verin, borçalılar məhsullarını Azərbaycan bazarlarına çıxarsınlar. Yazıqdı bu insanlar. Borçalı türkləri pərişan vəziyyətdədir. Çünki minbir əzab-əziyyətlə üzə çıxardıqları məhsulları sata bilmirlər. Hamısı gözlərinin önündə çürüyüb, tökülür. Gürcüstan bazarlarında tıxac böhranı yaşanır. Rusiya ilə qapılar bağlıdır. Azərbaycan kömrük xidməti isə bu insanlara düşmən mövqeyində dayanıb. Bir az insafınız olsun”. Təşkilat sədrinin çağırışına çoxsaylı reaksiyalar gəlib və Borçalı türklərindən olan şəbəkə istifadəçisi Aydın Aydın söyləyib ki, Gürcüstanda yaşayan azərbaycanlıların işi Allaha qalıb: "Rusiyaya yollar bağlanıb. Digər tərəfdən məhsulları erməni bazarına çıxaranda deyirlər ki, gedin öz vətəninizdə yaşayın. Çünki bilirlər ki, Azərbaycan öz vətəndaşına dəstək olmur, sahib çıxmır. Azərbaycan düşünmür ki, bu milləti köməksiz buraxmaqla torpaqları boşaldacaq. Vəziyyət günü-gündən çətinləşir. Bəziləri Gürcüstan vətəndaşlığından çıxıb xaricə üz tutur. Bir neçə ildən sonra Azərbaycan ayılacaq ki, Borçalı tamamən boşalıb. Orda ancaq qocalar qalıb. Allah özü kömək olsun.
Digər soydaşımız İlham Sultanov da bildirib ki, Azərbaycandan kömək istəməyin heç bir faydası yoxdur: "Çünki Azərbaycan qanunvericiliyində xaricdə yaşayan həmyerlilərə heç bir güzəşt yoxdur. Yəni qanunlarda qeyd olunub ki, dinindən, irqindən, cinsiyyətindən, milliyyətindən asılı olmayaraq bütün şəxslər üçün eyni qayda, tələblər var, vəssalam.
Vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Nazim Bəydəmirli vurğulayıb ki, qonşu ölkələr arasında sərhəd ticarəti haqqında formul var: "Həmin formula uyğun olaraq anlaşmalar olur. Orada gömrüksüz, rüsumsuz alış-veriş etmək mümkündür. Ancaq Azərbaycanda mövcud olan inhisarçılar soydaşlarımızın bura məhsul keçirməsinə imkan vermir. Bununla bağlı dəfələrlə məsələ qaldırılıb. Ancaq yenə də həll olunmamış qalıb. Ancaq problemdən çıxış yolu var. Orada böyük toplayıcı, saxlayıcı müəssisə təsis etmək olar. Bu da soydaşlarımızın əkin-biçinlə məşğul olmasına stimul yaradar. Hər halda bu məsələnin tənzimlənməsi dövlət səviyyəsində baş verməlidir. Gömrük rejimi dəyişdirilməlidir”.
Ayyət Əhməd