“Boynu bükük” məktəb...

Bələdiyyə boynuna götürmüşdü, hələ təmirsiz qalıb
Hardansa eşitdiyim bir fraza yadıma düşmüşdü, "insanlar dolanda, evlər boşalanda ağlayarlar”... Bu binanın "hıçqırığı”, "göz yaşları”, yolun kənarında yaddan çıxıb peronda qalan çanta kimi, kimsəsizliyi ağrıtdı məni. Bu binanın tikilməsi üçün öz rahatlıqlarından keçən, pullarını əsirgəməyən "dəridən, qabıqdan çıxan”, tikintinin sənədlərini hazırlamaq üçün, Bakı, Mingəçevir yollarını "qonşu yolu” edənlərin əməklərini puça çıxaran məmurların etinasızlığı yandırdı məni. Və bu bina barədə yazmağı qərara aldım.
Vəndam qəsəbəsi, zirvəsi buludlardan nəm çəkmiş, kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən, təbiəti, əsrarəngiz gözəlliyi ilə göz oxşayan, mənzərələri dillər əzbəri olan Qəbələnin gözəl bir guşəsidir. 10120 nəfər əhalisi olan, 2350 ailə yaşayan bu qəsəbənin inkişafı göz qabağındadır. Hər yer abadlaşır, küçələr asfaltlaşır, işıqlandırılıb, sifarişçilərə elektrik enerjisinin verilməsində problemlər aradan qaldırılıb. Dövlətimizin rayon və kəndlərin qazlaşdırılması proqramı müvəffəqiyyətlə həyata keçirilir. Gələn qonaqları 2 otel, kafelər, restoranlar, çoxlu sayda ticarət obyektləri qarşılayırlar. Çoxlu iş yerlərinin açılması gənclərin şəhərlərə və başqa MDB ölkələrinə axınının qarşısını alıb...
Bu binanın yerləşdiyi "Girvə” adı ilə tanınmış yaşayış massivinin yeni salınması ilə əlaqədar, burada yaşayan 395 nəfəri özündə birləşdirən 85 ailədən əksəri cavan ailələrdir. Buna görə də məktəb yaşlı uşaqların "Girvə”də çox olması burada məktəbin olmasının zəruriliyindən xəbər verir. İbtidai sinif şagirdlərinin hər gün 3 km-dən çox, qarda-yağışda, səhər-axşam Vəndam məktəbinə yol getməsi böyüklərin haqlı narazılığına səbəb olmuş və müvafiq orqanlara yazışmalardan sonra məktəb binasının tikilməsi üçün icazə ala bilmişlər. Tikintini yerli bələdiyyə öz üzərinə götürüb. Sənədlərə əsasən 53 min manat xərclənəndən sonra bəzi "dayılar” başa düşdülər ki, bu məktəbin perspektivi yoxdur. Və bu "evrikadan” sonra tikinti dayandırılıb. Tikintinin dayandırılması səbəbini öyrənmək istədimsə də, bir şey öyrənə bilmədim. Vəndam bələdiyyəsinin sədrinin müəmmalı şəkildə çiyinlərinin yuxarı doğru çəkilməsi də sualıma cavab olmadı. İlk əvvəl sakinlərin narazılığının qarşısını almaq üçün şagirdlərin aparılıb gətirilməsi üçün marşrut da ayrılıb. Amma deyəsən, bu da "perspektivsizləşib”.
Şagird həsrəti ilə "inildəyən” bu məktəb binası yolda dayanıb,-rayonumuza gəlib-gedən yüksək vəzifəli "dayılar”ı ümidlə qarşılayan və həsrətlə yola salan boynu bükük şikayətçilər kimi dərdinə əlac gözləyir, qarda-yağışda yollarda qalan balacaları qoynuna alacağı günə inanır...
Valeh Əzizov, Qəbələ